Həzrəti Əlinin (ə) vəsiyyəti

/ Bazar, 04 Noyabr 2007 14:39
Həzrəti Əlinin (ə) vəsiyyəti

Əziz müsəlmanlar, bildiyimiz kimi, Ramazan ayının 21-i İmam Əlinin (ə) şəhadət günüdür. Bu münasibətlə bugünkü xütbəmizdə Həzrəti Əlinin ölümcül yaralandıqdan sonra yataqda ikən buyurduğu vəsiyyəti Sizlərə təqdim edirik.

"Sizə Allahdan qorxmağı tövsiyə edirəm. Tövsiyə edirəm ki, dünya sizdən üz çevirsə də, ona əhəmiyyət verməyin, itirdiyiniz şeyə kədərlənməyin. Haqq söz danışın, axirət savabı qazanmaq üçün hərəkət edin! Zalımın düşməni, məzlumun yardımçısı olun!

Sizə (yəni Həsənlə Hüseynə), qalan övladlarıma, ailə üzvlərimə, həmçinin, məktubumu oxuyacaq hər kəsə Allahdan qorxmağı vəsiyyət edirəm. İşlərinizi nizama salın, aranızdakı ixtilafları kənar edin. Babanız Allah Rəsulundan eşitmişəm ki, buyurub: "İki küsmüş şəxsin münasibətlərini qaydaya salmaq bir illik müstəhəb namaz və orucdan daha üstündür".

Siz Allah, siz Allah, yetimləri unutmayın, onların ağzını bir loxma çörək intizarında qoymayın, onlara qarşı etinasızlıq etməyin!

Siz Allah, siz Allah, qonşularınıza diqqətli olun; bu, Peyğəmbərimizin sifarişidir. O həzrət, qonşuya yaxşılıq barədə o qədər tapşırdı ki, elə güman etdik, qonşuları bir-biri üçün vərəsə qərar verəcək.

Siz Allah, siz Allah, Qur’anı yaddan çıxarmayın! Çalışın ki, Qur’anın hökmlərinə əməl etməkdə başqaları sizi ötməsinlər!

Siz Allah, siz Allah, namaza diqqətli olun; çünki namaz dinimizin sütunudur!

Siz Allah, siz Allah, Allahın evi Kə’bəyə diqqətli olun! Nə qədər ki, qüdrətiniz var, onu boş qoymayın! Əgər Kə’bəni gözdən salsanız, özünüz də gözdən düşüb etibarınızı itirərsiniz!

Siz Allah, siz Allah, Allah yolunda malınız, canınız və dilinizlə cihad etməyi unutmayın! Bir-birinizlə əlaqələri möhkəmlədin! Allah yolunda bəxşiş verin! Bir-birinizə qarşı etimadsızlıqdan, soyuqluqdan əl çəkin! Yaxşı işlərə doğru çağırmağı və pis işlərdən çəkindirməyi tərk etməyin! Çünki bunları tərk etsəniz, zalımlar sizə qalib gələr, əlacsız qalıb Allaha dua edərsiniz, amma dualarınız müstəcab olmaz!

Ey Əbdülmüttəlib övladları! Camaatın qanını tökməyə aludə olmayın! Mənim ölümümdən sonra "Əmirülmöminin öldürüldü!" - deyə qəzəb və intiqam hissi ilə haray salmayın! Mənim qisasım üçün qatilimdən başqasını öldürməyin!

Bilin ki, mənə bircə qılınc zərbəsi vurulub, siz də qatilimə bircə zərbə vurun. Qatilimə işgəncə verməyin! Allah Rəsulundan eşitmişəm ki, buyurub: "Hətta itə də işgəncə verməkdən çəkinin!"

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location
  • Xəbərlər
  • Məqalələr

Please publish modules in offcanvas position.