İslam tarixiMəqalələr

Əhli-Beyti sevdiyi üçün şəhid edilənlər

(Birinci hissə)

Əməvilər zamanında qətlə yetirilmiş Əhli-beyt tərəfdarlarının sayını təyin etmək çətindir. İstər xilafət mərkəzi olan Şamda, istərsə də sair şəhərlərdə (xüsusən, Kufədə və Bəsrədə) öldürülmüş insanlar o zamankı İslam cəmiyyətinin ən üstün təbəqəsini təşkil edirdilər.

Hələ Həzrət Əlinin (ə) sağlığında, Siffeyn savaşından və həkəmeyn hadisəsindən sonra Müaviyənin silahlı dəstələri tez-tez Əlinin (ə) nəzarəti altında olan torpaqlara soxulur, orada vəhşicəsinə qətlü-qarət törədirdilər. Bu qırğınlarda minlərlə Əhli-beyt tərəfdarı – həm dinc əhali, həm də onları qoruyan əsgərlər həlak olurdular. Müaviyənin sərkərdələri Büsr ibn Ərtah, Nöman ibn Bəşir, Zöhhak ibn Qeys, Süfyan ibn Övf və başqaları öz əllərini minlərlə günahsız insanın qanına boyamışlar. Bu qətlü-qarətlər İbrahim ibn Mühəmməd Səqəfinin “əl-Ğarat” kitabında ətraflı təsvir olunub.

Müaviyə başa düşürdü ki, əgər apardığı təbliğatın uğur qazanmasını istəyirsə, gərək bu təbliğata mane olan qüvvələri tezliklə aradan götürsün.

Çünki bütün varlığı ilə Əhli-beytə bağlı olan, nə hədələrdən qorxan, nə də vədlərə aldanan bu insanlar daim xalqın içində olmaqla həqiqəti müsəlmanların arasında yayır, camaatın gözünü açırdılar. Bu şəxsiyyətlərin bir qismi Həzrət Əlinin (ə), bir qismi də o həzrətin şəhadətindən sonra oğlu İmam Həsənin (ə) ətrafında birləşmişdilər. Əli-beytin dayaqlandığı, etibar etdiyi və yardımından faydalandığı qüvvələrin özəyini və nüvəsini bu adamlar təşkil edirdilər.

Onları aradan götürmək Əhli-beyti köməksiz qoymaq və himayədən məhrum etmək demək idi.
Əməvi hökumətinin Əhli-beyt tərəfdarlarına qarşı törətdiyi soyqırımı siyasətinin qurbanları sırasında o zamankı müsəlman cəmiyyətinin iman, əxlaq və nüfuz sarıdan ən üstün təbəqəsini təşkil edən aşağıdakı şəxsiyyətlərin adını çəkə bilərik: İslam tarixində kəsik başı şəhərdən-şəhərə gəzdirilən ilk şəhid – Əmr ibn Həmiq Xüzai, İmam Hüseynin (ə) şəhadətindən bir neçə gün əvvəl Kufədə dara çəkilən, dar ağacında Əhli-beyti mədh etdiyi üçün ağzına yüyən vurulan Meysəmi-təmmar, Übeydullah ibn Ziyadın əmri ilə əl-qolu doğranan, buna baxmayaraq, Əhli-beytin fəzilətləri barədə camaata hədis söyləyən, axırda dili də kəsilən və bədəni çarmıxa çəkilən Rüşeyd Həcəri və başqaları…

Müaviyənin zülm və hiylə siyasətinin qurbanı olmuş tarixi simalardan ikisi xüsusilə məşhurdur. Bunlar Malik Əştər və Mühəmməd ibn Əbu Bəkr idi. Malik Əştər İmam Əli (ə) tərəfindən Misir valisi təyin edildikdən sonra ö vəzifəsini yerinə yetirmək üçün Misrə gələrkən yolda Müaviyənin əlaltısı tərəfindən zəhərlədilib şəhid oldu. Malikin şəhadətindən sonra Müaviyə Şam camaatı qarşısında xütbə söyləyərək demişdi: “Əli ibn Əbu Talibin iki əli vardı. Onların birini (yəni Əmmar ibn Yasiri) Siffeyn savaşında kəsmişdim, o birini (yəni Malik Əştəri) isə bu gün kəsdim” (Təbəri tarixi, V, 96).

Mühəmməd ibn Əbu Bəkrə gəlincə, o, birinci xəlifənin oğlu idi. Həzrət Əlinin (ə) qardaşı Cəfəri-təyyar şəhid olduqdan sonra onun dul arvadı Əsma bint Ümeys Əbu Bəkrə ərə getmişdi.

Mühəmməd də Ümeysin Əbu Bəkrdən olan oğlu idi. Əbu Bəkr vəfat etdikdən sonra dul qalmış Əsma bir daha – bu dəfə İmam Əliyə (ə) ərə getdi.

Mühəmməd də həmin gündən etibarən Həzrət Əlinin (ə) evində və onun tərbiyəsi altında böyüdü. Ona görə də, Mühəmməd ibn Əbu Bəkr Həzrət Əli ibn Əbu Talibin (ə) ən sadiq silahdaşlarından idi. O, Malik Əştərdən əvvəl Həzrət Əli (ə) tərəfindən Misrə vali təyin edilmişdi. Lakin Müaviyənin göndərdiyi və Əmr ibn Asın başçılıq etdiyi qoşun Misirdəki müxalifət qüvvəsi ilə birləşib, Mühəmmədin tərəfdarlarını məğlub etdi. Mühəmməd düşmənləri tərəfindən ələ keçirilib vəhşicəsinə qətlə yetirildi. Düşmənləri ona o qədər kin-küdurət bəsləyirdilər ki, cəsədini bir uzunqulaq dərisinin içinə qoydular, sonra od vurub yandırdılar (Təbəri tarixi, V, 103-105, Bəlazuri. Ənsab əl-əşraf, V, 170-172; Səqəfi. Əl-Ğarat, səh. 129).

(İkinci hissə)

Müaviyənin Kufə və Bəsrə şəhərlərinə vali təyin etdiyi Ziyad ibn Əbihi Əhli-beyt dostlarına qarşı xüsusi amansızlıqla davranırdı. Ziyad əsil-nəsəb baxımından müsəlmanlar arasında rüsvay və əskik sayılırdı. Anasının şübhəli keçmişi Ziyadın atasını təyin etməyə maneçilik törədirdi. Müaviyə nümayişkaranə şəkildə Ziyadı Əbu Süfyanın oğlu, yəni öz ata-bir qardaşı elan etməklə əslində onu bu rüsvayçılıqdan xilas etmək istəyirdi. Ümmül-möminin Aişə xanım isə Ziyadı “ibn əbihi”, yəni “atasının oğlu” adlandırırdı.

Ziyad Kufəyə vali təyin edilən kimi, hər şeydən əvvəl ona beyət etmək istəməyən 80 nəfərin əlini kəsdirdi. Bəsrə şəhərində komendant rejimi elan etdi.

Məsciddə işa namazı qılınandan sonra camaata yalnız Quranın ən uzun surəsi olan “Bəqərə” surəsini oxumaq və öz evlərinə dağılışmaq üçün bəs edəcək qədər möhlət verilirdi. Bu müddət bitdikdən sonra hamı evində olmalı idi. Qadağan saatlarında əsgərlər küçədə qarşılarına çıxan hər kəsi öldürürdülər (Tarixü İbn Xəldun, III, 8). Ziyad Kufədə Əhli-beyt tərəfdarı kimi tanınan Müslim ibn Zeymuru və Abdullah ibn Nəcanı öz həyətlərində dar ağacına çəkdirdi. Hücrün silahdaşı Əbdürrəhman ibn Həssan Ənzi də Şamda Müaviyə tərəfindən dindirildikdən sonra Kufəyə qaytarıldı və Ziyadın əmri ilə diri-diri torpağa basdırıldı (Təbəri tarixi, V, 276-277).

Əhli-beyt dostlarının günü sonrakı Əməvi xəlifələrinin zamanında da xoş keçmədi.

Müaviyənin oğlu Yezid atasının yolunu davam etdirib, mənsub olduğu nəslin mənfur simasını tarix qarşısında daha qabarıq nümayiş etdirdi. Müaviyə Həzrət Mühəmməd Peyğəmbərin (s) nəvəsi, cənnət gənclərinin ağası İmam Həsəni (ə) gizlicə zəhərlə şəhid etmişdisə, Yezidin əlaltıları İmam Hüseyni (ə) Kərbəla səhrasında açıq-aşkar şəkildə qətlə yetirdilər. İmam Hüseynin (ə) şəhadətindən əvvəl və sonra onlarla Əhli-beyt tərəfdarının həyatına vəhşicəsinə son qoyuldu. Onlar öz şəhadətləri ilə Əməvi rejiminin rüsvayçı simasını bir daha tarix qarşısında ifşa etdilər. Bu şəhidlərin siyahısının ilk sətirlərində aşağıdakı şəxslərin adları durur:

İmam Hüseynin (ə) əmisi oğlu Müslim ibn Əqil, onunla eyni vaxtda Kufədə tutulub edam olunmuş Hani ibn Ürvə, İmamın məktubunu kufəlilərə aparmış Qeys ibn Müsəhhər Seydavi, Kərbəla hadisəsindən sonra bu faciəyə öz etirazını bildirmiş qocaman Kufə sakini Abdullah ibn Əfif Əzdi, İmam Hüseynin (ə) intiqamını almaq şüarı ilə qiyam qaldırmış “təvvabin” (tövbəkarlar) hərəkatının başçıları…

Əhli-beyt aşiqlərinə qarşı ən şiddətli təqib Əməvi xəlifələri Əbdülməlik ibn Mərvanın və Vəlid ibn Əbdülməlikin zamanında xilafət torpaqlarının böyük bir hissəsinin valisi təyin edilmiş Həccac ibn Yusif Səqəfinin adı ilə bağlıdır. Həccacı haqlı olaraq yalnız İslam tarixində deyil, bütün bəşəriyyət tarixində ən qəddar və ən zalım insanlardan biri kimi dəyərləndirirlər. Həccac 20 il müddətində Hicaz və İraq torpaqlarının valisi olmuşdu. Onun xüsusi canfəşanlıqla divan tutduğu əsas təbəqəni Əhli-beyt tərəfdarları təşkil edirdilər. Tarix kitablarında yazılıb ki, Həccac valilik etdiyi 20 il ərzində ölçüyəgəlməz sayda insanı qətlə yetirmişdi: “Həccacın qətlə yetirdiklərinin sayı 120 min yaxud 130 min nəfərə çatırdı” (Təbəri tarixi, VI, 381-382).

Həccac ölərkən, zindanında kişili-qadınlı 50 min məhbus var imiş. Bunların böyük əksəriyyətini Əhli-beytə rəğbət bəsləyənlər təşkil edirdilər.

İmam Mühəmməd Baqir (ə) buyururdu ki, Həccacın gözündə bir nəfərə “Əli tərəfdarı” deyilməkdənsə, “zındıq” və ya “kafir” deyilməsi daha yaxşı idi (İbn Əbil-hədid. Şərh Nəhc əl-bəlağə, XI, 44). İbn Xəllikan “Vəfəyat əl-əyan” kitabında (2-ci cild, səh. 31) yazır ki, “Həccacın adam öldürməsi, qan tökməsi və insanlara cəza verməsi barədə, ondan başqa heç kimin haqqında deyilməyən əcaib məlumatlar var”.

Həccacın qana hərisliyi elə bir həddə gəlib-çatmışdı ki, insanlara işgəncə verməkdən həzz alır, qətl və işgəncə törətməyi özü üçün vacib gündəlik iş sayırdı. Əhli-beytə məhəbbəti ilə tanınan Səid ibn Cübeyr, məşhur “Kümeyl duası”nı Həzrət Əlidən (ə) nəql edən Kümeyl ibn Ziyad, İmam Əlinin (ə) vəfalı nökəri, diri-diri başı kəsilən Qənbər məhz Həccacın hüzurunda vəhşicəsinə qətlə yetirilmişdilər…

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button