Şükür

/ Bazar ertəsi, 05 Noyabr 2007 15:05
Şükür

Şükür – verilən hər hansı bir nemətə və ya edilən yaxşılığa görə bunu edən şəxsə qarşı söz, əməl ya da qəlb ilə hörmət və minnətdarlıq etməkdir. Söz ilə olunan şükür, yaxşılığı edən şəxsin adını dil ilə xatırlamaq, onu tərifləmək və onun üçün dua etməkdir. Əməl ilə olunan şükür, bədənin bütün üzvlərindən Allah rızası üçün istifadə etməkdir. Həmçinin imkan sahibi olan insanların Allahın bəndələrini qoruması və möhtac insanların yanında olması deməkdir. Qəlb ilə olunan şükür isə insanın sahib olduğu hər şeyi verəni qəlbən tanıması və onu təsdiq etməsidir.

Yaxşılığın qiymətini bilmək, onu edən şəxsə təşəkkür etmək və bunu unutmamaq şükürdən qaynaqlanan hal və hərəkətlərdir. Həzrəti Peyğəmbərin həyatına baxdığımız zaman görərik ki, ona ən kiçik yaxşılığı toxunan birisinə belə çox şükür etmişdir. Belə ki, Peyğəmbər (s.ə.s.)"İnsanlara çox təşəkkür edən, eyni zamanda Allaha da çox şükür etmiş olar" buyurmuşdur. Başqa bir hədisində isə Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: "Ey Aişə! Cəbrayılın mənə xəbər verdiyinə görə Allah qiyamət günü insanları yenidən həşr etdiyi zaman başqasından yaxşılıq görən insandan soruşar: "Sənə yaxşılıq edən quluma təşəkkür etdinmi?". O isə bunun qarşılığında: "Ey Rəbbim! Mənə edilən yaxşılığı səndən bildim və ona görə də o insana deyil, Sənə şükür və təşəkkür etdim" - deyər. Allah-Təala bunun cavabında belə buyurar: "Bu yaxşılığın sənə çatması üçün vasitəci olan quluma təşəkkür etməyənə qədər mənə də şükür etməmiş sayılırsan".

Şükür sadəcə dil və qəlb ilə edilsə, bu, əksik qalar. Onun tam olması üçün buraya əməli də əlavə etmək lazımdır. Belə ki, Allah-Təala Quranda belə buyurur:

"Allah sizi analarınızın bətinlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmirlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz" (Nəhl, 78).

Allah insana ağıl verib və şükür olaraq istəyir ki, Onun varlığını düşünsün, Ona səcdə etsin. Ayaq verib və şükür olaraq istəyir ki, Ona xidmət və ibadət etsin. Dil verib və şükür olaraq da istəyir ki, onun kitabını oxusun, ona dua etsin.

Onu da unutmamalıyıq ki, əslində, Allah-Təalanın bizim nə şükrümüzə, nə də təşəkkürümüzə ehtiyacı yoxdur. Belə ki, onun varlığı, ucalığı və hər şeyə qadirliyi hər hansı bir şəxsin şükrü və ya küfrü ilə nə azalar, nə də artar. Çünki O, hər şeyə qadirdir və bunu Süleyman Peyğəmbərin dili ilə bizlərə bu cür çatdırmaqdadır: "Kim (Rəbbinin nemətinə) şükür etsə, yalnız özü üçün (öz xeyrinə) şükür edər; kim nankor olsa, (bilsin ki) həqiqətən, Rəbbim (onun şükrünə) möhtac deyildir, kərəm sahibidir!" (Nəml, 40). Elə buna görədir ki, Peyğəmbərimiz hər hal və hərəkətlərində həmd və şükür içində olardı. Hz. Aişə (r. a.) onun bu halını belə nəql edir: Hz. Peyğəmbər (s.ə.s.) gecələr ayaqları şişənə qədər namaz qılardı. Bir dəfə ona dedim: "Niyə belə edirsən, ey Allahın Elçisi? Məlumdur ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır". Rəsulullah: "Allaha şükür edən bir qul olmayımmı?" - deyə cavab verdi.

Bununla Peyğəmbər (s.ə.s.) göstərir ki, Allahın vermiş olduğu nemət, qulluğu azaltmağa deyil, tam əksinə, Ona olan qulluğu və şükürü çoxaltmağa səbəb olmalıdır. Çünki qulun nə qədər günahı olmasa belə, ona verilmiş olan nemətlərə layiq şükrü yerinə yetirmək onun imkanları xaricindədir. Bu barədə Hz. Əlinin belə bir sözü vardır:

"Bəzi insanlar hər hansı bir qarşılıq umaraq ibadət edərlər ki, bu bir tacir ibadətidir. Bəziləri də qorxduqlarından ibadət edərlər ki, bu da bir kölə ibadətidir. Elələri də vardır ki, şükür olsun deyə ibadət edərlər. Əsl ibadət budur. Çünki bu, ən səmimi və istənilən ibadətdir"

Bu cür insanları Allah-Təala Qurani-Kərimdə mükafatlandıraraq onlar haqqında belə deməkdədir: ".... Dünya mənfəəti istəyən kimsəyə dünya məfəətindən, axirət savabı istəyən kimsəyə isə axirət savabından verəcək. Şükür edənləri də əlbəttə mükafatlandıracağıq" (Ali-İmran, 145).

Bir çox insanlar varlanmağa başladıqda və ya güc sahibi olduqda zalımlaşmağa, insanları əzməyə və onlara xor baxmağa başlayırlar. Bu cür vəziyyətdə şükür insanı bu hallardan uzaqlaşdıran gözəl bir əxlaqi meyardır. Şükür edən insan dərk edir ki, onun əlində olan hər bir şeyin sahibi Allahdır və bu imkandan yalnız Onun istədiyi formada istifadə etməlidir. Bunun əksini edənlərə Allah-Təala Quranda bu cür xəbərdarlıq etməkdədir: "(Ey camaatım!) Yadınıza salın ki, o zaman Rəbbiniz bunu bildirmişdi. Əgər (Mənə) şükür etsəniz sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım həqiqətən şiddətlidir" (İbrahim, 7).

Digər bir ayədə isə "....(Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ" (Tövbə, 34) buyurulur. Bu ayə nazil olduqdan sonra bəzi səhabələr "Kaş hansı malın daha xeyirli olduğunu biləydik ki, ona sahib olmağa çalışaydıq" dedilər. Peyğəmbər (s.ə.s.) belə cavab verdi: "Sahib ola biləcəyiniz ən xeyirli şey - zikr edən bir dil, şükür edən bir qəlb və ərinin imanına köməkçi olan əməlisaleh bir qadındır".

Göründüyü kimi, şükürdən əsas məqsəd insanları nankorluqdan və ən əsası Allaha qarşı üsyan etməkdən uzaqlaşdırmaqdır. Çünki hər bir insan əlində olan şeyə şükür etməli və özündən yüksəkdə olanın halına baxıb üsyan etməməli, əksinə özündən aşağıda olanlara baxmalıdır. Bu mövzuda Mövlananın bu sözü unudulmazdır: Ayağında ayaqqabının olmamasına və ya köhnə olmasına üzülməkdənsə, ayağı olmayan insanlara baxıb şükür et!

Abbas QURBANOV

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.