QURAN – ən böyük möcüzə

/ Cümə, 23 Noyabr 2007 16:01
QURAN – ən böyük möcüzə

Əbu Hureyrə Rəsulullahdan belə rəvayət edir: "Elə bir peyğəmbər yoxdur ki, ona bir möcüzə verilməsin. Şübhəsiz, mənə verilən möcüzə Allahın mənə vəhy etdiyi Qurandır. Ümid edirəm, qiyamət günü mən ən çox ümməti olan peyğəmbər olacağam" (Səhih, Buxari).
Əziz müsəlmanlar!

Bu günkü xütbəmizin mövzusu müqəddəs kitabımız Qurani-Kərim haqqındadır. Qurani-Kərim insanlara hidayət yolunu göstərərək onları dünya və axirət səadətini nəsib etmək üçün Allah tərəfindən göndərilən ilahi kitabdır. Bu kitab, səmavi kitablar zəncirinin Xatəmu'l-Ənbiyaya, yəni sonuncu peyğəmbər Həzrəti Muhəmmədə 23 il ərzində ayə ayə, surə surə nazil olunmuş son həlqəsidir. Bu kitab hər cür təhrifdən və dəyişdirilmədən qorunmuş, bəşəriyyətin həqiqi səadətini təmin edəcək hökmləri, məsələləri, qayda-qanunları əhatə edən bir kitabdır. Müqəddəs kitabların ən fəzilətlisi və sonuncusudur.

Qurani-Kərim, həm ifadə, həm də məna etibarilə möhtəşəm və əbədi bir möcüzədir. Onun əbədi incəliklərinin, gözəl ifadə üslubunun və daşıdığı mənaların ölçüsü yoxdur. Bu günə qədər heç kim onun ən qısa ayəsinin və ya surəsinin bir oxşarını gətirə bilməmiş, heç vaxt da gətirə bilməyəcəkdir. O, səmavi bir fəsahət və bəlağət mücəssəməsidir.

Hörmətli möminlər!

Şübhə yoxdur ki, ilahi bir möcüzə olan Quran nə ifadə, nə də məna etibarilə şeir xüsusiyyəti daşımır. Çünki şeir tamamilə insan beynini məhsuludur. Halbuki Quranın həm mübarək kəlamları, həm də mənaları ülvidir, ilahi vəhyin məhsuludur. Orada heç bir bəşəri təsir və əlavə yoxdur.

Quranın özünəməxsus üslubuna xas olan axıcılıq və təsir gücü səbəbilə hələ ilk dövrlərdən kafirlər Həzrəti Peyğəmbəri şair, Quranı isə şeir adlandırmışlar. Uca Allah bu iftiraya "Biz ona şeir öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır" (Yasin, 69) ayəsi ilə cavab vermiş, beləcə nazil etdiyi son kitabı və onun müqəddəsliyini qəbul etməyən münasibəti və zehniyyəti rədd etmişdir.

Dəyərli müsəlmanlar!

Quranın müxtəlif dillərə tərcümələri tam olaraq Quran olmasalar da, onun daşıdığı ilahi mesacları müəyyən ölçüdə əks etdirdikləri üçün onlar da müqəddəs sayılırlar. Lakin Quran tərcümələrini insan beyninin məhsulu olan adi kitablarla bir tutmaq yanlış və təhlükəlidir.

Buna baxmayaraq, Quranın tərcüməsinin də oxunması ibadət sayılır. Ona görə də, Quran tərcümələrinə, hətta içində Qurandan ayə olan başqa kitablara diqqətlə yanaşmalı, onları natəmiz yerlərdə saxlamamalı, başqa kitabların altına qoymamalı, bacardığımız qədər onlara təmiz halda toxunmalı, əlimizdə gəzdirərkən qurşaqdan aşağı tutmamalıyıq. Bəzi yerlərdə Quran tərcümələrinin, hətta oricinal Quranların belə natəmiz yerlərdə satılması arzuolunmaz haldır. Unutmayaq ki, əlimizdəki kitab "Bu Quran haqqla nahaqqı ayırd edən kəlamdır. O, oyun-oyuncaq deyildir" (Tariq, 13-14) buyuran sevimli Rəbbimiz tərəfindən göndərilib və hamımızın yeganı xilas yolu bu kitabdan keçir.

Əziz müsəlmanlar!

Bütün insanları vəhdətə, qardaşlığa, birlik və bərabərliyə dəvət edən bu Quranın hikmət dolu hökmlərini olduğu kimi qəbul etmək, bütün məzmununa tam şəkildə riayət etmək bütün bəşəriyyət üçün ən müqəddəs vəzifədir. Gəlin bu vəzifəmizi unutmayaq və hər bir dərdimizə şəfanı Quranda axtaraq. Axı bir hədisdə də buyurulduğu kimi, "ən xeyirli dərman – Qurandır".

Aqil HACIYEV (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.