İslamın qayəsi – gözəl əxlaq

/ Bazar, 02 Dekabr 2007 16:02
İslamın qayəsi – gözəl əxlaq

Əziz möminlər!
Bildiyimiz kimi, hər bir insan fitri olaraq səadətə qovuşmaq istəyir və bu yolda əmək sərf edir. Lakin unutmamalıyıq ki, səadətə qovuşmaq üçün insan müəyyən meyarlara sahib olmalıdır. İman, ibadət, elm və əxlaq sahibi olmaq səadətin təməl əsaslarıdır. Bunlara sahib olan şəxs üçün səadət qapıları artıq açılmış sayılır.

İman, ibadət və elm insanı kamilləşdirir və gözəl əxlaq sahibi edir. Gözəl əxlaq İslamın bir qayəsidir. Çünki Həzrəti Peyğəmbər (s.ə.s.) bir hədisində "Mən gözəl əxlaqı tamamlamaq üçün göndərilmişəm" (Rəmzu'l-əhadis, səh. 245) buyurmuşdur. Müsəlmanı bir ağaca bənzətsək, onun kökü iman, kolları əməl, yarpaqları elm, meyvəsi isə gözəl əxlaq və fəzilətdir. Qurani-Kərim və Peyğəmbərimizin sünnəsi bütün canlılara və cansızlara həyat verən torpaq, su, hava və günəş kimidir. Necə ki, bir bağban körpə ağacı əkib illərlə ona qulluq edər və nəticədə ondan meyvə gözləyir, müsəlmandan da gözlənilən şey gözəl əxlaqdır. Ağacın ən şirin və ən faydalı yeri onun meyvəsi olduğu kimi, müsəlmanın ən gözəl yönü də əxlaq sahibi olmasıdır. Çünki Peyğəmbərimiz (s.ə.s.) buyurmuşdur ki, "Möminlərin iman baxımınan ən üstün olanları əxlaq baxımından ən gözəl olanlarıdır" (Rəmzu'l-əhadis, səh. 81).

Hörmətli müsəlmanlar!

Gözəl əxlaq məsələsində Həzrəti Peyğəmbəri özümüzə örnək götürməliyik. Bir ayədə belə buyurulur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir" (Əhzab, 21). Səhabələr Hz Muhəmmədi (s.ə.s.) özlərinə örnək götürüb hər məsələdə onun sünnəsinə tabe olduqları üçün qısa zamanda kamilliyə nail olmuşdular.

Əziz müsəlmanlar!

Bilirik ki, dövrümüzdə bir çox cəmiyyətlərdə əxlaq böhranı və problemlər mövcuddur. Müxtəlif millətlərin maddi və texniki baxımdan inkişaf edib daha çox imkanlardan istifadə etmələrinə baxmayaraq, əxlaqi cəhətdən tənəzzülə doğru getdikləri bir gerçəklikdir. Bu böhran və tənəzzüldən xilas yolu İslam əxlaqını öyrənib yaşamaqdır. Bunun üçün yetişən nəsillərə İslam dinini öyrətməli, dini hökmlərə və əxlaqi qaydalara uyğun hərəkət edərək gənclərə örnək olmalıyıq. Bir cəmiyyət olaraq huzur və səadətə yalnız bu yolla nail ola bilərik.

İslam əxlaqının düzgün yaşandığı cəmiyyətlərdə qardaş qardaşı əsla öldürməz. Heç kim başqasının malına və namusuna göz dikməz. Uşaqlar böyüklərə hörmət edər, böyüklər də uşaqlara şəfqət və mərhəmət göstərərlər. Dünyaları belə olanların axirət həyatlarını Həzrəti Peyğəmbərin (s.ə.s.) dili ilə təsvir edək:

"Qiyamət günündə mənə ən yaxın və mənim üçün ən sevimli olanınız əxlaqı ən gözəl olanınızdır. Məndən ən uzaq və mənim üçün ən sevilməyən olanınız isə, çox danışan, uzun və lüzumsuz nitq söyləyən və təkəbbürlü olanlarınızdır" (Tirmizi, Sünən, c 4, səh. 370).

Hörməli müsəlmanlar!

İnsanların kamilliyə nail olması gözəl əxlaqa sahib olmalarıyla mümkündür. Yetişmiş və kamil olanlar, gözəl əxlaq və ədəb sahibi olanlardır. Dinimiz gözəl əxlaq sahibi olmaq üçün lazım olan hər şeyi əmr və tövsiyə etmiş, pis olan hər hərəkəti isə qadağan etmişdir. Dünyanın nizamı da əxlaqdan asılıdır. Çünki cəmiyyət içində rahatlıq, sakitlik və əmin-amanlığın ola bilməsi üçün fərdlərin əxlaq sahibi olmaları və bir-birlərinin haqlarına hörmət etmələri lazımdır. Cəmiyyətin hər bir fərdi haqsızlıq etməkdən, başqalarına zərər verməkdən çəkinməlidir. İnsanın cəmiyyət içində etibar qazanması, sayılıb sevilməsi məsələsində gözəl əxlaqlı olmasının əhəmiyyət böyükdür. Gözəl əxlaqlı olan müsəlmanlar Allah və rəsulu qatında sevimli olduqları kimi, insanlar tərəfindən də sevgi və ehtiram görərlər. Bunun üçün də deyilmişdir ki, "insanın ədəbi qızıldan qiymətlidir". Gözəl əxlaqlı olmağın faydasını insan həm dünyada, həm də axirətdə görər.

Əziz müsəlman qardaşlırımız!

Gözəl əxlaqı əldə etmək və əxlaqlı ömür sürmək üçün hər bir müsəlman Uca Allahın əmrlərinə boyun əyib, qadağan etdiyi şeylərdən çəkinməli; Həzrəti Peyğəmbərin sünnəsinə uyğun hərəkət etməli; hər cür haram, zülm və haqsızlıqdan uzaq durmalı; gizli və açıq hər yerdə, Allahın hüzurunda olduğunu xatırlamalı; günah və faydasız olan sözləri söyləməyib, az və faydalı danışmalı; vaxtı boş yerə keçirməyib, dünya və axirət üçün yararlı olan bir işlə məşğul olmalı; heç kimin əleyhində danışmamalı və heç kimi narahat etməməli; əlindən gələn qədər hər kəsə maddi və mənəvi yardım etməli; böyüklərə hörmət, uşaqlara şəfqət göstərməli; təvazökar, səmimi, şirindil və üzügülər olmalıdır.

Aqil HACIYEV (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.