Quranı oxuyub başa düşməliyik

/ Çərşənbə, 07 Noyabr 2007 16:04
Quranı oxuyub başa düşməliyik

Əziz möminlər!
Bildiyimiz kimi, müqəddəs kitabımız Qurani-Kərim bir həyat bələdçisi, əxlaq qaydaları məcmuəsidir. Hər sahədə yol göstərici olaraq, dünya və axirət səadətinin açarını verən misilsiz bir kitabdır. Bu səbəblə Qurani-Kərimi oxuyub, onun məzmununu öyrənmək hər müsəlmana vacibdir.

Təəssüf ki, günümüzdə az qala hər evdə Quranın olmasına baxmayaraq, onu açıb oxumur, evin ən yuxarı yerində üstünü toz basmış halda saxlayırıq. Yaxın bir insanımızdan gələn məktubu dərhal açıb oxuduğumuz halda, ən böyük sevgi və ehtirama layiq olan Rəbbimizin göndərdiyi bu ilahi mesaca laqeyd yanaşırıq. Quran daha çox yas məclislərində, qəbiristanlıqlarda yada düşür, bir para insanlar üçün gəlir mənbəyinə çevrilərək ucuzlaşdırılır.

Düzdür, Quranı oxumaq da bir ibadət, hətta açıb üzünə baxmaq belə savabdır. Lakin bu, onu oxumağa və başa düşməyə təşviq üçündür. Çünki Quran, içində olan əmr və qadağalara riayət etməyimiz və öz həyatımızı onunla tənzimləməyimiz üçün göndərilmişdir. Bəqərə surəsinin 2-ci ayəsində Qurani-Kərimin təqva sahibləri üçün doğru yol göstərən olduğu bildirilir. Həzrəti Peyğəmbər (s.ə.s.) bir hədisində Qurani-Kərimdən cüzi bir şey belə öyrənməyənləri xaraba binaya oxşatmışdır.

Hörmətli müsəlmanlar!

Qurani-Kərimi oxuyub başa düşməliyik. Çünki o, hər şeydən əvvəl insanı, öz əliylə düzəltdiyi bütlərə sitayiş etmə rəzilliyindən xilas etmişdir. Bundan başqa, insanları kainatın həqiqi və tək yaradanı olan Uca Allaha qul olaraq ibadət etmə şüur və şərəfinə qovuşdurmuşdur. Müqəddəs kitabımız, hər əsrin kitabı olaraq göndərildiyi üçün, içində olan məlumatlar da hər sahəni əhatə edəcək mahiyyətdədir. O, ən ibtidai insandan ən mədəni fikir adamlarına, ən dindar şəxsdən dinlə əlaqəsi olmayanlara, varlılar qədər kasıblara da xitab etdiyindən, hər növ insanı maraqlandıran ünsürləri əhatə etməkdədir.

Biz Qurani-Kərimi oxuduqda görürük ki, o yalnız inanc və ibadətlərə aid bir kitab deyil. O, dünya həyatımızın da hər sahəsində bizə yol göstərir. O, bütün bəşəriyyətə xitab edən bir kitabdır.

Çalışqanlığı mədh edib, tənbəlliyi qınayan, zülmü ləğv edib, mərhəmətə yönəldən, böyüklərə hörməti, kiçiklərə şəfqəti əmr edən, düşüncəsizliyi yaxına qoymayıb, ağıla layiq olduğu mərtəbəni verən yenə Qurani-Kərimdir.

O, ruhlara şəfa verəndir, bədbinliyə qapılan insanı sıxıntıdan xilas edəndir. Onunla fərdlər və cəmiyyətlər əmin-amanlıq və aram tapmış, onun gətirdiyi prinsiplərlə mədəniyyətlər qurulmuş, onunla qaranlıqlar nura qovuşmuşdur. Buna görə də, Qurani-Kərim oxunmalı və başa düşülməlidir. Onu tam və doğru olaraq başa düşməyə çalışmaq hər bir müsəlman üçün öndə gedən bir vəzifə olmalıdır.

Möhtərəm müsəlmanlar!

Özümüz Qurani-Kərimi oxumaqla yanaşı, uşaqlarımıza da Qurani-Kərimi oxumağı öyrətməyə çalışmalıyıq. Unutmayaq ki, buna biganə qalmaq valideynlər üçün böyük məsuliyyətdir. Həzrəti Peyğəmbərin (s.ə.s.) bu hədisi möminlər üçün təlimat olmalıdır: "Uşaqlarınıza Peyğəmbər sevgisini, əhli-beyt sevgisini və Quran oxuma və sevgisini güclü bir şəkildə aşılayıb könüllərinə və beyinlərinə yerləşdirin" (Fəthu'l-Kəbir ,1/59).

Quranın özündə Qurani-Kərimdə haqqında belə buyurulur:

"Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə mücdə verir" (İsra, 9);

"Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və mücdə olaraq nazil etdik" (Nəhl, 89);

"Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir" (Yunus, 51).

Sonda Həzrəti Peyğəmbərin (s.ə.s.) Quran haqqında olan məşhur bir hədisini xatırlayaq. Həmin hədisdə belə buyurulur: "Quran oxuyun. Çünki o, qiyamət günündə onu oxuyanlara şəfaət edəcək" (Fəthu'l-Kəbir, 1/217).

Aqil HACIYEV (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.