Qurban – bəndənin Allaha yaxın olduğu gün

/ Cümə, 21 Dekabr 2007 16:22
Qurban – bəndənin Allaha yaxın olduğu gün

İslam dininin iki böyük bayramından biri Qurban bayramıdır (o biri isə Ramazan bayramıdır). 1400 ildir ki, müsəlmanlar hər il bu günü təntənə ilə qeyd edir, Həzrəti İbrahim ilə Həzrəti İsmayılın qarşılaşdıqları imtahanın xatirəsini yaşadırlar.

Qurban bayramı hər şeydən əvvəl, insanın öz nəfsi üzərində qələbəsi günüdür. Ata öz doğma oğlunu nə qədər sevsə də, Allahdan əmr aldığı üçün onu qurban kəsməyə razı oldu. Ana Allahın tapşırığına tabe olub oğlunun ölümü ilə razılaşdı. Övlad tam razılıq və itaətlə ölümün qoynuna atılmağa hazırlaşdı. Bu bayram insan iradəsinin nümayiş günü, imanın nəfs üzərində qələbə günüdür.

Lakin Qurban bayramının ictimai və iqtisadi faydaları da bundan az deyildir. Bu gün müsəlmanlar bir-birinin evinə qonaq gedir, mehribançılıq yaradır, yardımlaşaraq bir-birlərinə bayram sevinci yaşadırlar. Həmin gün küsülülər barışır, bir-birindən uzaq düşənlər yaxınlaşırlar.

Bayram günü qurbanlıq heyvan kəsməyə imkanı olan şəxslər ehtiyacı olanlara ətdən pay verirlər. Qurban bayramında yarıac-yarıtox dolanan neçə ailə qarın dolusu yemək yeyir. Bununla da varlılar kasıbların heç olmazsa, bir günlük ehtiyacını ödəmiş olurlar. Həzrəti Muhəmməd (s.ə.s.) bu barədə buyurmuşdur: "Allah qurbanlıq gününü bayram qərar verdi ki, kasıblar da həmin gün ət xörəyi yeyə bilsinlər. Ona görə siz də kasıblara qurban payı verin". Başqa bir hədisdə isə buyurulur ki, "qurban bayramı günü ən yaxşı əməl Allah yolunda heyvan kəsmək, ata-anaya mehribanlıq göstərmək, uzaq düşmüş qohumların görüşünə getmək, xudpəsəndliyi atıb başqaları ilə birinci görüşmək, qurbanlıq ətindən kasıblara, ehtiyaclılara pay verməkdir".



Əziz qardaşlar!

Qeyd edək ki, dörd növ heyvandan qurban kəsmək olar: qoyun, keçi, inək və dəvə. Kəsilən heyvan sağlam olmalı, bədənində şikəstlik olmamalıdır. Buna görə də adı çəkilən heyvanlardan qurban kəsməyə imkanı olmayan şəxslərin, "bayram günü hər evdə mütləq nəsə bir heyvan kəsilməli, qan tökülməlidir" - deyə toyuq, qaz və s. kəsmələrinə ehtiyac yoxdur. Çünki qurban niyyəti ilə yalnız yuxarıda adlarını sadaladığımız heyvanlar kəsilə bilər.

Qurban kəsərkən, yaxşı olar ki, əti üç hissəyə ayıraq. Birinci hissəni kasıblara, imkansızlara paylayaq, ikinci hissədən həmin gün qonaq gələn qohumlar üçün yemək hazırlayaq, üçüncü hissəni isə evdə saxlayaq. Amma istəyən şəxs qurbanlıq heyvanın ətinin hamısını imkansızlara paylaya bilər.



Əziz möminlər!

Sevindirici haldır ki, ölkəmizdə ildən-ilə qurban kəsmək istəyənlərin sayı durmadan artır. Lakin təəssüf ki, bununla yanaşı bir sıra neqativ hallar da mövcuddur. Demək olar ki, hər il təkrarlanan bu cür mənfi halları bu cür sıralamaq mümkündür:



1. Qiymətlərin qalxması

Təəssüf ki, bir çox insanlar belə bir müqəddəs gündə də yalnız öz maddi gəlirləri haqqında düşünür, istənilən yolla daha çox pul qazanmağa çalışırlar. Qiymətləri bilə-bilə qaldıraraq daha çox pul qazanmağa çalışan insanlar Allahın əmrini yerinə yetirən insanların saf niyyətlərindən bir növ sui-istifadə edirlər.

2. Anti-sanitar şəraitdə qurbanın kəsilməsi

Onsuz da yoluxucu xəstəliklərin baş alıb getdiyi günümüzdə ərzaq məhsullarının təmizliyinə daha çox fikir verməli olduğumuz halda, qurban kəsərkən təmizlik qaydalarına riayət olunmaması çox ürəkağrıdıcıdır. Yolların kənarında, ümumiyyətlə namünasib yerlərdə qurbanın kəsilməsi yolverilməzir.

3. Bəzi kasıb insanların ailəsinin boğazından kəsərək qurban kəsməyə çalışması

Çox maraqlıdır ki, çox vaxt namaz, oruc kimi birinci dərəcəli ibadətləri yerinə yetirməyən şəxslər yalnız imkanlı olan şəxslərə vacib olan qurban və həcc kimi ibadətləri yerinə yetirməyə çalışırlar. Bunun üçün evini sataraq, borc alaraq həccə gedənlər olduğu kimi, ailəsinin boğazından kəsərək qurban kəsməyə çalışanlar da var. Bəlkə də saf niyyətli olduğunu nəzərə alaraq onlara haqq qazandırmaq olar, amma, çox vaxt qoyun almağa imkanı çatmayan bu cür şəxslərin qəssabdan pulla ət alaraq, bunu qurban kimi qəbul etməsi insanı üzür.

4. Quş cinsindən heyvanların qurban kəsilməsi

Yuxarıda da qeyd etdiyimiz kimi, qurban olaraq yalnız qoyun, keçi, inək və dəvə kimi heyvanlar kəsilə bilər. Lakin bəzən quş cinsindən olan heyvanların da qurban olaraq kəsilməsi faktı olur ki, bu da zəif maarifləndirmənin göstəricisidir.

5. Bir inəyə yeddi nəfərdən çox şəxsin ortaq olması

Qaydaya görə inək və dəvə kimi heyvanlara yeddi nəfərə qədər şəxs ortaq ola bilər. Ortaq olan şəslərə bəzi yerlərdə "ayaq" deyirlər ki, bir çox yerlərdə bu yeddi hissənin də hər biri iki nəfər arasında bölünür və buna da "yarım ayaq" deyirlər. Nəticədə bir heyvan on dörd hissəyə bölünmüş olur ki, bu da düzgün deyil.

6. Kəsilən qurbanın ətinin və ya dərisinin pulla satılması

Bu cür hallara əsasən qəssablar tərəfindən yol verilir. Başqa günlərdə heyvan kəsib pulla satan qəssablar, qurban bayramında da öz işində olur, bütöv qoyun almağa imkanı olmayan şəxslərə "qurban" kimi kəsdiyi heyvanın ətindən pulla satır. Bundan başqa qurbanlıq heyvanın dərisinin və ya buynuzunun satılması da müşahidə olunur ki, bu da yolverilməzdir.

7. Qurban kəsərkən Allahın adının çəkilməməsi

Ümumiyyətlə, qurban oldu, olmadı, hər bir kəsilən heyvan Allahın adı ilə kəsilməlidir və Allahın adı çəkilmədən kəsilən heyvanın ətindən yemək günahdır. Qurban bayramında isə xüsusilə diqqət mərkəzində olan bu məqama da çox vaxt əməl olunmur. Xüsusilə kütləvi qurban kəsilən yerlərdə heyvanları heç bir dua etmədən, Allahın adını çəkmədən kəsirlər.

8. Qurban ətinin evdə saxlanması və ya əsasən qohum-əqrabaya paylanması

Qurban ayininin əsas hikmətlərindən biri kasıbların sevindirilməsi, il boyu ət almağa imkanı olmayan şəxslərin ətlə təmin olunması kimi incəliklərdir. Lakin təəssüf ki, bu məqam da bir çox hallarda unudulur. Qurban kəsdiyi heyvanın ətinin hamısını evində saxlayanlar olduğu kimi, ətin hamısını əsasən ehtiyacı olmayan qohumlarına paylayanlar da var. Bu isə Qurbanın mahiyyətinə ziddir.

Əziz müsəlmanlar!

Nəticə olaraq qeyd etmək lazımdır ki, Qurban bayramında rast gəlinən və yuxarıda sadaladığımız neqativ hallara görə hamımız məsuliyyət daşıyırıq və hamımız bu halların ortadan qalxması üçün əlimizdən gələni etməyə borcluyuq. Çünki Peyğəmbərimizin də tövsiyəsinə əsasən pisliyi, yanlışı görən müsəlman susmamalıdır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.