Şəhidlər ölmür

/ Cümə, 18 Yanvar 2008 16:27
Şəhidlər ölmür

Əziz müsəlmanlar!

İslamın ən böyük dəyər verdiyi prinsiplərdən biri də şəhidlikdir.

Şəhidlər  ölmür
Şəhid, müqəddəs bir qayə, vətən, millət və Allah yolunda döyüşərkən və ya çalışarkən ölən müsəlmana deyilir. Həm Quran ayələrində, həm də mötəbər hədislərdə şəhidlərin necə yüksək bir dərəcəyə sahib olduqlarını göstərən məqamlar olduqca çoxdur. Həqiqətən də şəhidlərin Allah qatında çox dəyərli olduqlarını göstərən ayələrin birndə belə deyilir: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) ''ölü'' deməyin. Əksinə, onlar (Allah dərgahında diridirlər, lakin siz bunu dərk etmirsiniz" (Bəqərə 154).Başqa bir ayədə isə belə buyurulur: "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər" (Ali İmran 169-170).

Bütün bu ayələrdən də anlaşıldığı kimi, şəhidlər diridirlər. Onlar Allahın qonaqlarıdırlar və Allah qatında ruziləndirilirlər. Muhəmməd Peyğəmbər də öz hədislərində şəhidlik məqamının gözəlliklərindən, üstünlüklərindən dəfələrlə danışmışdır. Belə bir hədislərin birində Hz. Peyğəmbər belə buyurur: "Muhəmmədin nəfsi qüdrət əlində olan Allaha and olsun, istərdim ki, Allah yolunda cihad edib öldürülüm, sonra yenə cihad edib öldürülüm, sonra yenə cihad edib öldürülüm" (Buxari, Müslim). Göründüyü kimi, şəhidlikdə peyğəmbərlərin belə qibtə etdikləri məqamlar vardır.

Şübhəsiz ki, şəhidlər ən böyük qarşılığı Qiyamət günü görəcəklər. Çünki yalnız şəhidlər, cənnətdə dilədikləri yerə gedə bilirlər və onların başqa müsəlmanlara haqq-hesab günü şəfaət etmə səlahiyyəti olacaqdır. Naslardan gələn xəbərlərə görə, şəhidlər, qiyamət günündə gördükləri böyük mükafata görə təkrar dirilib Allah yolunda döyüşərək şəhid olmağı arzularlar.

Şəhadətin önəmini və şəhidlərə verilən mükafatı bildirən ayə və hədisləri oxuyan səhabələr bu üstünlüyü dərk edərək cihada həvəslə getmiş, şəhid olmaq üçün döyüş meydanlarına atılmışlar. Məşhur səhabə və cəsur döyüşçü Xalid ibn Vəlid İslam uğrunda təxminən yüzə qədər döyüşdə iştirak etmişdir. İştirak etdiyi bu döyüşlərdə bədəninin müxtəlif yerlərindən təxminən elə yüzə qədər yara almışdır. Ölümcül xəstəliyə tutularaq cihad meydanında deyil, yatağında öləcəyini anlayan Xalid şəhid ola bilmədiyi üçün ağlamışdır.

Uhud döyüşündə Hz. Peyğəmbərin yanına dəmir zirehli bir kişi gələrək belə deyir: "Ya Rəsulullah! İcazə ver döyüşüm, sonra da müsəlman olum". Hz. Peyğəmbər isə cavabında "Əvvəl müsəlman ol, sonra vuruş" buyurur. Həmin adam müsəlman olaraq vuruşur və elə həmin döyüşdə də şəhid edilir. Bunu görən Rəsulullah belə buyurur: "Az işlədi, amma çox qazandı".

Şəhidlik Muhəmməd ümmətinə xas üstün bir qayə, yüksək bir mərtəbədir. Hz. Peyğəmbər belə buyurmuşdur: "Kim şəhid olmağı ürəkdən diləsə, Allah onu yatağında ölmüş olsa belə, şəhidlərin mərtəbəsinə qaldırar" (Müslim).

Əziz qardaşlar!

Sabah, yəni yanvarın 19-u Aşura faciəsinin ildönümüdür. 19-undan 20-sinə keçən gecə isə qanlı 1990-cı il faciəsindən 18 il keçir. Aşura qiyamında şəhid olan insanlar İslam tarixində iz qoyublarsa, 20 Yanvar şəhidləri də müstəqilliyimiz tarixində dərin iz buraxmışlar. Həzrəti Hüseyn Kərbəlaya gedərkən onu saxlamaq istəyənlərə demişdi: "Qorxuram ki, bu gün mən bu haqsızlıqlara qarşı çıxmasam, bundan sonra heç kim haqsızlığa qarşı çıxmasın". Həqiqətən də, o bizə haqsızlığa qarşı çıxmaq və bu yolda şəhid olmaq nümunəsi oldu.

Bizim də millət olaraq istiqlaliyyətimizi qazandıqdan sonra ilk olaraq tanış olduğumuz sözlərdən biri "şəhid" sözü olmuşdur. Bu gün torpaqları uğrunda iyirmi mindən çox şəhid vermiş bir millət üçün şəhidlikdən daha müqəddəs bir şey ola bilməz. Xalqımız istər qanlı 20 yanvar gecəsində, istərsə də mənfur qonşularımızla davam edən müharibədə şəhid olmuş övladlarını unutmur.

Bu vətən hər birimizin anamızdır və dar günündə onun yardımçısı olmaq, onu qorumaq hər birimizin borcudur. Çünki vətən sevgisi imandandır. Çünki bircə gün vətənin keşiyində durmaq bütün dünyadan və dünyanın içindəkilərdən daha xeyirlidir. Çünki bu yolda itki yoxdur: Ya şəhidlik var, ya da qazilik.


Aqil Hacıyev
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.