Dinimizin təhsilə verdiyi önəm

/ Cümə axşamı, 24 Yanvar 2008 16:29
Dinimizin təhsilə verdiyi önəm

Əziz müsəlmanlar!

Bildiyimiz kimi, təlim-tərbiyə və təhsil insan üçün ən önəmli fəaliyyət növlərindən biridir. Bütün peyğəmbərlər bunun üçün göndərilmiş, bütün kitablar bunun üçün nazil edilmişdir. Böyük filosofların demək olar ki hamısı buna xidmət etmişlər. Sevimli Peyğəmbərimiz (s.ə.s.) "Məni Rəbbim tərbiyələndirdi və tərbiyəmi gözəl etdi" demiş, Uca Allah da sevimli qulu və elçisi Həzrəti Muhəmmədə (s.ə.s.) xitabən "Həqiqətən, sən yüksək bir əxlaq üzərindəsən" buyurmuşdur.

Təlim-tərbiyənin hədəfi insana lazım olan biliyi vermək, ona həyatda lazım ola biləcək bacarıqları qazandırmaq, onu yüksək mənəvi dəyərlərə sahib etmək, pis vərdişlərdən qorumaq və yaxşı vərdişlər qazandırmaqdır. Bu, həm ailədə, həm məktəbdə, həm iş yerində, həm hərbi xidmətdə, həm ictimaiyyət arasında, bir sözlə hər yerdə olmalıdır.

Eyni yaşda olan uşaqların təlim yeri demək olan hər səviyədəki məktəblər insanların təlim-tərbiyəsi üçün ən əlverişli müəssisələrdir. Yaşa görə lazımi biliklər orada qazanılır, tay-tuşla dostluq orada qurulur, böyük-kiçik sevgisi ilə bərabər, qanunlara və digərlərinin haqlarına hörmət etmək orada vərdiş halına salınır.

Əziz qardaşlar!

Dinimiz beşikdən məzara qədər elm öyrənməyi tövsiyə etmiş, "Elm Çində də olsa arxasınca gedin" deyə buyurmuşdur. İnsanları darağın dişləri kimi eyni səviyyədə bərabər tutan dinimiz: "Heç bilənlə bilməyən bir olarmı?" buyurmaqla, elm sahiblərinin savadsızlardan üstün olduğunu xatırlatmışdır. Həzrəti Əli "Mənə bir hərf öyrədənin köləsi olaram" demişdir. Müxtəlif hədislərdə alimlərin mürəkkəbinin şəhidlərin qanı ilə eyni olduğu bildirilmişdir.

Dinimizə görə bu dərəcədə önəmli olan elm və ona aparan təlim-tərbiyəyə lazım olan önəmi göstərməliyik. Övladımızı məktəbə hazırlamalı, məktəb xərclərinin ödəməli, ehtiyac olduqda məktəbin xərclərinə də yardım etməliyik.

Dinimiz bizə yalnız din elmlərini deyil, dünyəvi elmləri də öyrənməyi əmr etmiş, insanların mələklərdən olan üstünlüyünü insan övladının sahib olduğu elmlə əlaqələndirmişdir.

Əziz qardaşlar!

Bütün bunlar insanın insan olma xüsuiyyətini ortaya qoyması fəaliyyətidir. Biz uşaqlarımıza həm dini dəyərlərimizi öyrətməli, həm də müasir elmlərdə, hətta dövrün önünə getmələrinə yardımçı olmalıyıq. Bunun üçün təhsilə böyük diqqət ayırmalı, məktəblərə, müəllimlərə önəm və dəyər verməliyik. Unutmayaq ki, Həzrəti Peyğəmbərimiz (s.ə.s.) "Elm müsəlmanın itmiş malıdır, harda görsə götürsün" demişdir. Biz isə bu malımızı orta əsrlərdə Avropaya ötürmüşük. Artıq o mala sahib çıxmağın vaxtı deyilmi?

Aqil Hacıyev
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.