Xəstələrə baş çəkmək

/ Cümə axşamı, 31 Yanvar 2008 16:30
Xəstələrə baş çəkmək

Əziz müsəlmanlar!

İslam dini həyatın hər yönündə, hər istiqamətində insanlara ən doğru və ən mükəmməl yolu göstərmiş, həyatı gözəlləşdirib firavan hala gətirmək üçün sosial münasibətlərə böyük əhəmiyyət vermişdir. Çünki İslam birlik və bərabərlik içində yaşamağı, qarşılıqlı olaraq sevgi və ehtiram ilə yardımlaşmağı, sözdə və əməldə ən gözəl nümunə olmağı, yaxşılığa və doğru olana çağırmağı və cəmiyyət xidmətində yaxşı və gözəl şeylər etmək üçün yarışmağı daima ön plana çəkmişdir. Çünki İslamın qayəsi insanlar üçün sağlam, firavan və səadət dolu bir həyatdır.

Buna görədir ki, İslam, cəmiyyəti təşkil edən fərdlərə bir sıra vəzifələr yükləmişdir. Bunların bir qismini bu cür sıralaya bilərik: Müsəlmanların dərdləri ilə maraqlanmaq, ehtiyacı olanlara və çarəsizlərə yardım etmək, evinə dəvət edənin dəvətini qəbul etmək, vəfat edən müsəlmanın dəfnində iştirak edib dini vəzifələri yerinə yetirmək və xəstələrə baş çəkmək.

Xəstələrə baş çəkmək həm də insanların bir-birinə qarşı olan vəzifələrindən biridir. Sevimli Peyğəmbərimiz (s.ə.s.) möminləri xəstələrə baş çəkməyə təşviq etmiş, buna riayət etməyənlərə xəbərdarlıq etmiş və bunu bəyənməmişdir. Xəstə yoluxmaqla bağlı olan hədislərdən bəziləri bunlardır:

"Xəstələrə baş çəkin, cənazələri qəbirlərə qədər yola salın. Bu sizə axirəti xatırladar".

"Kim bir xəstəyə baş çəksə, Allahın mərhəmətinə bürünmüş olar".

Göründüyü kimi, Hz Peyğəmbər (s.ə.s.) xəstə yoluxmağa böyük önəm vermişdir. O, səhabələrinə bir-bir baş çəkmiş, əhvallarını soruşaraq onları məmnun etmişdir. Xəstələr arasında fərq qoymamış, müsəlman olub olmadıqlarına fikir verməyərək hamısına baş çəkmişdir.

Sevimli qardaşlarımız!

Həm xəstəlik, həm də sağlamlıq insan üçün normal haldır. İnsanın hər günü eyni ola bilməz. Bəzən sağlam, bəzən isə xəstə olur, ağrıyıb sızıldayır. Gəzib-əylənən insanlar yatağa düşdükdə bu vəziyyət onlar üçün çox ağır gəlir. Hər gün görüşüb söhbətləşdiyi insanlar üçün darıxır, gözləyir ki, gəlib ona baş çəksinlər. Xəstəni yoluxmaq ona mənəvi dəstək verir, ürəyinə rahatlıq gətirir, sağalma gücünü artırır. Bu səbəblə xəstələri mütləq yoluxmaq lazımdır. İstər evdə olsun, istər xəstəxanada, xəstəyə baş çəkərkən yanında çox dayanmamalı, xəstəyə əziyyət verməməliyik. Onlara üzüntü verə biləcək söhbətlər etməməliyik. Hz Peyğəmbər (s.ə.s.) xəstəyə baş çəkərkən az oturmağı tövsiyə etmişdir. Xəstənin yanına girdikdə "Allah şəfa versin", "Gözümə yaxşı dəydiniz", "Yaxşılığa doğru gedirsiniz" kimi gözlər sözlər söyləmək lazımdır. Unutmamalıyıq ki, ayədə də buyurulduğu kimi, "Şəfanı verən Allahdır".

Xəstə üçün dua etməli, onun da duasını istəməliyik. Hz Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: "Bir xəstəyə baş çəkərkən onun duasını istə. Çünki onun duası mələklərin duası kimidir".

Əziz möminlər!

Kiməsə baş çəkmək gözəl şeydir. Xəstələri yoluxmaq isə daha da gözəldir. Çünki bu, xəstələrə mənəvi dəstək verir, sevgi və dostluğu möhkəmləndirir. Allahın rizasına səbəb olur. İnsana səvab qazandırır. Bu səbəbdən xəstələri unutmamalı, onlara mütləq baş çəkməli və nəyəsə ehtiyacları varsa əlimizdən gələn köməyi etməliyik. Bu bizim insani və islami vəzifəmizdir.


Aqil Hacıyev
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.