Camaat namazının əhəmiyyəti

/ Cümə axşamı, 21 Fevral 2008 16:33
Camaat namazının əhəmiyyəti

Hörmətli müsəlmanlar!

Bu günkü xütbəmizin mövzusu camaatla namaz qılmağın fəziləti haqqındadır. Bildiyimiz kimi, namazı camaatla birlikdə qılmaq Həzrəti Peyğəmbərin ən güclü sünnətlərindəndir. Rəsulullah hər zaman camaatla namaz qılmağa səy göstərmiş və camaat namazı haqqında belə buyurmuşdur:

"Camaatla qılınan namaz təkbaşına qılınan namazdan iyirmi yeddi dəfə artıq fəzilətlidir. Əgər möminlər işa və səhər namazlarının camaatla qılınmasının savabını bilsəydilər iməkləyərək məscidlərə tələsərdilər" (Riyazu's-Salihin, c.2, h.1058, 1076).

"İşa namazını camaatla qılanlar gecə yarısna qədər namaz qılmış sayılırlar. Səhər namazını camaatla qılanlar isə bütün gecəni ibadətlə keçirmiş kimi olurlar" (Riyazu's-Salihin, c.2, h.1075).

Bir dəfə səhər namazını qıldıran Həzrəti Ömər bir nəfərin camaat namazına gəlmədiyini görür və dərhal həmin adamın niyə gəlmədiyini soruşur. Deyirlər ki, o adam gecələr yatmır, dayanmadan ibadət edir. Ola bilsin ki, səhərə yaxın yuxuya gedib və buna görə də camaat namazına gəlməyib. Həzrəti Ömər belə deyir: "Əgər o şəxs gecə yatmış olsa belə, səhər namazından qalmasaydı onun üçün daha xeyirli olardı".

Camaat namazı ilə bağlı Həzrəti Peyğəmbərin bir çox hədisi vardır. Onlardan bəziləri bunlardır:

"Əgər müsəlmanlar birinci cərgədəki fəziləti bilsəydilər, orada yer almaq üçün aralarında püşk atmaq məcburiyyətində qalardılar. Əgər məscidə tez girməyin fəzilətini bilsəydilər, daha tez girə bilmək üçün bir-birləri ilə yarışardılar" (Riyazu's-Salihin, c.2, h.1037).

"Gecə qaranlıqlarında evlərindən qalxaraq namaz qılmaq üçün məscidə gedənlər tam bir nur içində olacaqlar" (Riyazu's-Salihin, c.2, h.1061).

"Məscidlərə getməyə davam edənləri gördükdə onların cənnətlik olduqlarına şahidlik edin" (Riyazu's-Salihin, c.2, h.1054).

Namazı həmişə camaatla birlikdə qılmağa çalışmaq dərəcəmizin yüksəlməsinə, günahlarımızın bağışlanmasına səbəb olur. Rəsulullahın bildirdiyinə görə, günahların bağışlanmasını, dərəcələrin yüksəlməsini təmin edən xeyir əməllərdən biri də məscidə gedərkən atılan addımlardır (Riyazu's-Salihin, c.2, h.1063). Camaat namazının önəmini vurğulayan Həzrəti Peyğəmbər buyurmuşdur ki, qiyamət günü ərşin kölgəsində istirahət edəcək insanlardan biri də məscidlərə könül verən, camaat namazına riayət edən müsəlmanlardır (Riyazu's-Salihin, c.1, m.377).

Bəqərə surəsinin 43-cü ayəsində də camaat namazına işarə edilir: "Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin".

Əziz möminlər!

Müsəlmanların gündə beş dəfə bir yerə yığışaraq namaz qılmaları, Allah-Təalaya layiqli şəkildə rüku və səcdəyə əyilmələri davranışların ən gözəli və ibadətlərin ən mükəmməlidir. Müsəlmanların bir yerə yığılması, cərgələrin düzgün tutulması, namazların qəbuluna və ruhların kamilləşməsinə bir səbəbdir. Camaat namazına gələnlərdən ən çox savab alanlar ən uzaqlardan gələnlərdir(Riyazu's-Salihin, c.2, h.1061). Cümə və bayram namazları üçün camaatın şərt qılınması, camaatla namaz qılmağın fəzilət və əhəmiyyətini göstərir. Camaatla yalnız fərz namazlar, bir də Ramazan ayında vitr və təravih namazları qılınır. Digər namazlar camaatla qılınmır.

Əziz möminlər!

Allaha həmd olsun ki, ölkəmizdə gündən-günə məscidlərə gedən insanların sayı artır, camaat namazları daha izdihamlı qılınır. Cümə günləri və bayramlarda aşıb-daşan insanların məscidlərə sığmayaraq açıq səma altında namaz qıldıqlarını gördükdə sevinməmək olmur. Buna görə də çalışıb zərurət olmadıqca camaat namazını tərk etməməli, xəstəlik, yaşlılıq kimi tutarlı səbəblər və ya şiddətli soyuqlar, sel və fırtınalar, palçıq və yağışlı havalar kimi maneələr olmayana qədər camaat namazına riayət etməliyik.

Rəsulullah "Cənnətə girmək üçün nə etməliyəm?" deyə soruşan bir nəfərə "İmam ol" demiş, həmin adam buna gücünün çatmayacağını bildirdikdə "Müəzzin ol" demiş, bunu da bacarmayacağını deyəndə belə buyurmuşdur: "Elə isə camaat namazına davam et. Ön cərgədə yer almağa çalış".

Elə isə biz də hər zaman namazı camaatla qılmağa çalışaq, birlik və nizamımızı pozmayaq, bir-birimizdən ayrılmayaq, bir-birimizə qarşı diqqətli olaq, bir vücud kimi olduğumuzu hər yerdə göstərək. Beləcə Allahın mərhəmətindən, ibadətlərin nəşəsindən nəsibimizi alaq. Rəsulullahın, onun Əhli-beytinin və səhabələrin yolundan ayrılmayaq.

Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.