Mərhəmət

/ Cümə axşamı, 28 Fevral 2008 16:34
Mərhəmət

Hörməli müsəlmanlar!

Bildiyimiz kimi, zülmət çağı adlandıra biləcəyimiz İslamdan əvvəlki dövrlərdə bəşəriyyət bir-birinə qarşı çox mərhəmətsiz, çox insafsız bir həyat sürmüşdür. Məzlumun cılız səsi zalımın boğucu qəhqəhələri arasında batmış, qəlblər sanki daşlaşmış, vicdanlar buza dönmüşdü.

Belə bir dövrdə İslam dini gələrək qucaq dolusu şəfqət, könüllər dolusu mərhəmət gətirmişdir. Uca Allah buyurduğu kimi: "Mərhəmətim hər şeyi ehtiva etmişdi" (Əraf, 156). Əsirgəyən, bağışlayan, mərhəmətlilərin ən mərhəmətlisi olan kainatın Rəbbi beləcə hər kəsə şəfqəti, mərhəməti tövsiyə etdi.

Elə isə nədir mərhəmət?

Mərhəmət – yaradılmışların yaxşılığını istəyib onlara yardım etmə arzusunu içində hiss etməkdir. Bizim sahib olduğumuz imkanlara, haqq və hürriyyətlərə başqalarının sahib olmaması, içimizdə onlara qarşı acıma və mərhəmət hissini oyandırmalıdır. Çünki mərhəmət İslam əxlaqının əsasıdır.

Əziz camaat!

Ədalətin qaynağı mərhəmətdir. Bir nəfərə layiq olduğu şeyi vermək mərhəmətdir. Günahkara layiq olduğu cəzanı verməklə ədalət yerini tapmış olur. Amma daha sonra haqq sahibinin onu əfv etməsi isə mərhəmətdir. Möminlərin dərdləriylə maraqlanıb onlara yardım etmək məhrəmətdir. Möminlərə qarşı təvazökar, gülərüz və şirindil olmaq onlara mərhəmətdəndir.

Şəfqət və mərhəmət qatı ürəkləri yumşaldan, nifrətin yerinə sevgini gətitrən, insanları bir-birlərinə yaxınlaşdıran bir hissdir. Mərhəmətli insan, tanıdı-tanımadı, hər kəsə salam verən, çağırıldığı yerdən qalmayan, insanları xeyirə yönləndirən, xəstələrə baş çəkib ehtiyacı olanlara qayğı göstərən kəsdir. Mərhəmətdən uzaq olan insan miskin bir insandır.

Əziz möminlər!

Uca dinimiz uşaqlara və yaşlılara qarşı şəfqətli və mərhəmətli olmağı tövsiyə edir. Çünki bunlardan biri ayağını həyatın kandarına yenicə atmış, o biri isə məzar çuxuruna doğru uzatmış iki gücsüz və şəfqətə möhtac varlıqlardır.

Həzrəti Peyğəmbər uşaqları çox sevərdi. Kimsə ona bir meyvə versə dərhal onu kiçik uşaqlara verər, yolda rastlaşanda onlarla salamlaşar, qucağına alıb öpər, onları dəvəsinə mindirərək sevindirərdi. O yalnız müsəlman uşaqlarını deyil, müsəlman olmayanların uşaqlarını da əzizləyərdi.

Sevimli Peyğəmbərimiz "Mənim on uşağım var və onlardan heç birini bir dəfə də öpməmişəm" deyən Əqra ibn Xabisə heyrətlə baxaraq belə buyurmuşdu: "Mərhəmət etməyənə mərhəmət olunmaz". Onun nəvəsi Hz Həsəni öpüb oxşadığını görürük. Şəfqət və mərhəmət insanın dəyərini ortaya qoyan mənəvi bir ölçüdür. Bu duyğulara sahib olmayan insan deməli imanın zövqünü dadmamışdır.

Əziz möminlər!

İslam nəinki insanlara, hətta bizə xidmət üçün yaradılmış, bizlərə əmanət edilmiş heyvanlara da şəfqət göstərməyimizi, mərhəmətli olmağı əmr edir. Yolda gedərkən qarışqanı belə əzməkdən çəkinən bir millətin övladları necə mərhəmətsiz ola bilər?!

Həzrəti Rəsulullah bir qadının ölüncəyə qədər pişiyini həbs edərək ac və susuz qoyması səbəbilə cəhənnəmi qazandığını xəbər vermişdir. Əgər Allahın rəhmət və mərhəmətini diləyirsinizsə siz də yer üzündəkilərə mərhəmət edin. Unutmayaq ki, Həzrəti Peyğəmbər buyurmuşdur: "Mərhəmət edənlərə Allah da mərhəmət edər. Siz yer üzündəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin".


Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.