İslamda din və vicdan azadlığı

/ Cümə axşamı, 27 Mart 2008 17:42
İslamda din və vicdan azadlığı

 

Hörmətli müsəlmanlar!

Ən şərəfli məxluq olan insanın, yemək, içmək, geyinmək kimi maddi ehtiyacları ilə bərabər iman və ibadət kimi mənəvi ehtiyacları da vardır. Çünki insan Allaha ibadət etmək üçün yaradılmışdır (Zariyat, 5). Uca Allah hər şeyi insan üçün yaratmış və insana saya bilməyəcəyi qədər çox nemət vermişdir. İbadət vəzifəsini icra edə bilməsi, xeyir əməllər işləyə bilməsi, pisliklərdən qoruna bilməsi, beləcə dünya və axirət xoşbəxtliyini təmin edə bilməsi üçün insana ağıl, iradə, vicdan, xeyiri və şəri, doğrunu və yanlışı bir-birindən ayıra bilmək qabiliyyəti vermiş, bununla kifayətlənməmiş, ilk insandan etibarən bələdçi olmaq üçün bəşəriyyətə peyğəmbərlər və kitablar göndərmişdir.

Peyğəmbərlər insanları iman, ibadət, təqva, gözəl əxlaq və yaxşı işlər görməyə dəvət etmiş, günah olan söz, hərəkət və davranışlardan çəkindirmiş, amma onları bu işlərə məcbur etməmişlər. Çünki Uca Allah insanı, var-dövlət, oğul-uşaq, xeyir və şər, yaxşılıq və pislik, qısası həyat və ölüm ilə imtahan etməkdədir. İmtahan edilən insan isə iradəsində hürr olmalıdır. Qurani-Kərmdə bu barədə belə buyurulmuşdur: "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir iman etsin, kim də istəyir iman etməsn" (Kəhf, 29). Bu vicdan azadlığından istifadə edərək iman gətirənlər də olmuşdur, inkar edənlər də. Allah insanları iman gətirməyə məcbur etmir. Çünki dində məcburiyyət yoxdur (Bəqərə, 256). Əgər məcbur etsəydi, yer üzündə iman gətirib ibadət etməyən qalmazdı. Bu həqiqətəi Allah-Təala Qurani-Kərimdə bu cür ifadə edir: "(Ya Peyğəmbər) Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! " (Yunus, 99).

Peyğəmbərlər insanları məcburən dinə gətirmək üçün deyil, dini təbliğ etmək, dini qaydaları həm sözlə, həm də əməllə bildirmək üçün vəzifələndirilmişlər. "(Ya Peyğəmbər) Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən. Sən onların üzərində hakim deyilsən" (Ğaşiyə, 21-22) ayəsi bu həqiqəti bəyan edir.

Əziz müsəlmanlar!

İman gətirib ibadət edən və ya inkar edib üsyana qalxan insan nə etsə, özü üçün etmiş olur. Peyğəmbər yalnız insanları haqqa, doğruluğa, yaxşılığa və gözəlliyə dəvət edir, onlara yol göstərir, inkar edib üsyana qalxanların dünya və axirətdəki cəzalarını, iman gətirib ibadət edənlərin də mükafatlarını xəbər verir. İstər iman və ibadəti, istərsə də inkar və üsyanı insan özü seçir və bu seçiminə görə də mükafat və ya cəza görəcək.

İman və ibadətin Allah dərgahında qəbul olunması üçün məcburiyyət olmadan, azad iradə ilə, ixlas və səmimiyyətlə edilməlidir. Məcburiyyət ilə nə iman olar, nə də ibadət. Məcburiyyət ilə edilən iman həqiqi iman, məcburiyyət ilə edilən ibadət də həqiqi ibadət sayılmır. Buna görə də Uca Allah din məsələsində məcburiyyəti qadağan etmişdir.

Dəyərli möminlər!

Uca Allah insanları iman gətirməyə məcbur etməyi qadağan etdiyi kimi, iman və ibadət etmək istəyən hər hansı bir insana əngəl olmağı da qadağan etmişdir.

Çünki insan anadangəlmə din hissi ilə yaradılır. Haqq və ya batil, doğru və ya yanlış, hər insanın bir inancı var. Müsəlman olaraq bizim üzərimizə düşən vəzifə, dinimizi öyrənmək, yaşamaq, hikmət və gözəl öyüdlə insanlara çatdırmaqdır. İnsanları zorla dinə gətirməyə haqqımız olmadığı kimi, iman və ibadətlərinə görə onları qınamağa, iman və ibadət etmələrinə əngəl olmağa da heç kimin haqqı yoxdur.

Xütbəmizi bütün bunları ən gözəl şəkildə ifadə edən aşağıdakı ayə ilə yekunlaşdırırıq: "Yaxşı iş görənin xeyiri özünə, pislik edənin də zərəri özünə olar. Sənin Rəbbin bəndələrə zülm edən deyildir" (Fussilət, 46).


Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.