Ölüm və xatırlatdıqları

/ Cümə axşamı, 10 Aprel 2008 18:27
Ölüm və xatırlatdıqları

Hörmətli möminlər!

Bildiyimiz kimi, Allah-Təala yaratdığı hər canlı üçün müəyyən bir ömür müddəti təyin etmişdir. Bu müdətin sona çatmasına əcəl deyilir. Hər nə şəkildə olursa olsun, əcəl dediyimiz həmin vaxt gəlib çatanda ölüm hadisəsi baş verir. Hər canlı üçün ölüm anı gec-tez gəlib yetişir və həmin gün bu dünyadakı həyat müddəti başa çatır. Qurani-Kərimdə də buyurulduğu kimi, hər bir canlı ölümü dadacaqdır (Ali-İmran, 185).

Hər kəsi və hər şeyi yaradan və yaşadan Allah olduğu kimi, öldürən də, yəni ölümü yaradan da Odur. Ondan başqa bir yaradıcı və öldürücü yoxdur. Ölüm Allahın əmridir və hökm ancaq Ona məxsusdur. Ancaq heç kim harada və nə zaman öləcəyini bilə bilməz. Ölüm qocaldıqdan sonra gələ biləcəyi kimi, çox erkən yaşlarda da insanı haqlaya bilər.

Əziz möminlər!

Bunu dərk etməliyik ki, ölüm hadisəsi ruhun bədəni tərk etməsi və insanın bu dünyadan axirətə köç etməsi deməkdir. Başqa bir ifadəylə, insanın dünyasını dəyişdirməsidir. Bu zaman ölən bədəndir, ruh isə ölümsüzdür.

Bildiyimiz kimi, bir insan dünyasını dəyişərkən onu İslami qaydalara uyğun olraq axirət evinə yola salmalıyıq. Buraya mərhumun yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması, torpağa dəfn edilməsi və s. kimi məsələlər daxildir. Bütün bunların nə cür icra olunması ilə bağlı Hz Peyğəmbərimiz bizim üçün örnək təşkil edir. Amma çox təəssüf ki, bu gün dəfn mərasimlərinə, savadsızlıq və keçmiş mədəniyyətlərin təsiri səbəbilə bəzi bidət və xurafatların qarışdığının şahidi oluruq. Ölən insanın ardınca üsyana oxşar ağıların səsləndirilməsi, ağlarkən həddi aşaraq üz-gözün, paltarın cırılması, istər cənazənin dəfn olunduğu yerdə dəbdəbə yaradaraq, istərsə də saysız-hesabsız ehsan süfrələri təşkil edərək israfa səbəb olmaq kimi vərdişlər dinimiz tərəfindən xoş görülmür. Bütün bunların ölüyə heç bir faydası olmamaqla bərabər, həm də bunu edənlərə günah qazandırır. Ölkəmizdə yas mərasimlərindəki israfçılıq o həddə çatıb ki, hətta Milli Məclisdə dəfələrlə bu məsələnin muvafiq qanunla tənzimlənməsi üçün təkliflər səsləndirilib. Bir daha təkrar edirik ki, mərhumun yaxınlarını borca-xərcə salan, onlar üçün olmazın çətinliklər yaradan bu cür şeylərin mərhuma xeyri yoxdur. Çünki sevimli Peyğəmbərimiz belə buyurub: "Ölünü üç şey yola salar: ailəsi, malı, əməli. Bunlardan ikisi geri qayıdar, biri ölüyə qalar. Qayıdanlar ailəsi və malı, qalan isə əməlidir" (Buxari, Riqaq, 42; Zuhd, 5).

Hörmətli müsəlmanlar!

İnsan bu dünyada mömin olaraq yaşayıb, mömin olaraq ölmək üçün səy göstərməlidir. Dünyada bir iz və xoş bir xatirə qoyaraq ölə bilsək xoşbəxt bəndələrdən olardıq. Bir insan dünyasını dəyişərkən geridə qalanların üzərinə düşən vəzifə – ölənin ailəsinə başsağlığı vermək, üç gün ərzində onları yeməklə təmin etmək, ölənin borcunun ödənməsinə kömək olmaq, vəsiyyətini yerinə yetirmək, ölü üçün dua etmək, qoyub getdiyi dost və yoldaşlarına göz olmaq, qəbirləri ziyarət etmək surətilə ibrət almaqdır. Çünki musalla daşının üstündəki bir cənazə və ziyarət edilən bir qəbir ən nüfuzlu vaizdən daha təsirli olur.

Unutmayaq ki, hər birimiz bir gün Allaha qayıdacağıq və buna görə də fani olan bu dünyada başımıza gələn sıxıntalar bizi üzməməlidir. Necə ki, Allah-Təala buyurur: "O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: "Biz Allahınıq və Ona qayıdacağıq" deyirlər, onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət gözləyir. Onlar doğru yolda olanlardır" (Bəqərə, 156-157).


Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.