Ehtiyac içində olanların sədəqəsi – İsar

/ Cümə axşamı, 24 Aprel 2008 18:31
Ehtiyac içində olanların sədəqəsi – İsar

"Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir" (Ali-İmran, 92).

İsar, özünün ehtiyacı olsa belə, zərər və çətinliyə dözərək başqasını özündən üstün tutmaq, başqasının ehtiyacını öz ehtiyacından əvvəl fikirləşməkdir. İsar, səxavət və kərəm sahiblərinin adətidir.

İsarın ən gözəl nümunələrini Rəsulullah (s.ə.s), sonra isə onun söhbətlərində yetişən Ənsar və Mühacirlər nümayiş etdirmişlər. Ayə və hədislərdə onların bu gözəl vəsfləri dilə gətirilmişdir. Haqq-Təala bu barədə belə buyurur:

"Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və Ona iman gətirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) hicrət edənləri sevər, onlara verilən qənimətlərə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr məhz onlar nicat tapıb səadətə (cənnətə) qovuşanlardır" (Həşr, 9).

Bu ayənin nüzul səbəbi, Peyğəmbərimiz və əshabının göstərdikləri xariqüladə əliaçıqlıq olmuşdur. Gəlin bunlardan birinə nəzər salaq.

Bir dəfə bir nəfər Peyğəmbərin (s.ə.s) yanına gələrək: "Mən acam,―deyir. Allah Rəsulu xanımlarından birinə xəbər göndərib yeməyə bir şey istəyir. O isə: "Səni peyğəmbər olaraq göndərən Allaha and olsun ki, evdə sudan başqa heç nə yoxdur" deyir. Peyğəmbərimiz bu dəfə başqa xanımından yeməyə bir şey istəyir. O da eyni cavabı verir. Rəsulullah bütün xanımlarından eyni cavabı aldıqda səhabələrinə tərəf çevrilib soruşur: "Bu gecə bu adamı kim qonaq eləmək istəyir?". Ənsardan olan Əbu Talha (r.a): "Mən qonaq edərəm, ya Rəsulullah", - deyərək o kasıbı götürüb evinə aparır. Evə çatanda xanımına: "Rəsulullahın (s.ə.s) qonağına xidmət edək",- deyir və evdə yeməyə bir şey olub olmadığını soruşur. Xanımı cavab verir ki, sadəcə uşaqlara çatacaq qədər yemək var. Səhabə belə deyir: "Onda uşaqların başını qat. Süfrəyə gəlmək istəsələr onları yatızdır. Qonağımız içəri girəndə lampanı bir bəhanə ilə söndür. Süfrədə özümüzü elə aparaq ki, guya biz də yemək yeyirik".

Süfrəyə otururlar. Qonaq yeyib doyur, onlar isə ac yatırlar. Əbu Talha səhər Peyğəmbərimizin yanına gedir. Onu görən Allah Rəsulu buyurur: "Qonağınızla bu gecəki rəftarınızdan Allah-Təala razı qaldı" (Buxari, Təfsir, 59/6; Müslim, Əşribə, 172-173).

Peyğəmbərimizin yoxsul bir adamı əvvəlcə özünün qonaq etmək istəməsi və bu məqsədlə bütün xanımlarına ayrılıqda xəbər göndərməsi, onun nə qədər səxavətli və fədakar bir insan olduğunu göstərir. Digər tərəfdən, Allah Rəsulunun heç bir xanımının evində bir tikə yeməyin olmaması nə qədər ibrətamizdir! Qapıya gələn möhtac insanı əliboş qaytarmayan, bir dənə xurmayla belə olsa yoxsulun könlünü alan möhtərəm analarımız, bəlkə də o günkü ruzilərini başqa bir yoxsula vermişdilər.

Ayənin başqa bir nüzul səbəbi isə belədir:

Rəsulullahın səhabələrindən birinə bir qoyun başı hədiyyə edilmişdi. O isə "Filan qardaşım və ailəsi buna bizdən daha çox möhtacdır" – deyərək hədiyyəni həmin adama göndərir. O da bir başqasına ... Hədiyyə, beləliklə tam yeddi ev gəzir və nəhayət, yenə ilk səhabəyə qayıdıb gəlir. Buna görə də bu ayə nazil olur (Hakim, II, 526).

Allah Rəsulu (s.ə.s) Ənsarın bu məziyyətini belə vəsf etmişdir:

"Görürəm ki, sizi cihada və möhtaclara kömək etmyə çağıranda çoxalır, axın-axın gəlirsiniz, dünyalıq bir şey vermək üçün çağıranda isə azalır, gözütox hərəkət edirsiz" (Əli əl Müttaqi, XIV, 66).

Onlar, bu dərəcəyə çatan səxavəti, şübhəsiz, Rəsulullahdan öyrənmişdilər. Onun isar və insanpərvərliyinə çatmaq mümkün deyil. Şərəflə yaşanmış həyatında buna bir çox misal mövcuddur. Səhl ibn Səd (r.a) belə nəql edir:

Bir qadın toxuduğu əbanı gətirib Rəsulullaha (s.ə.s) verir və: "Bunu geyməyin üçün öz əllərimlə toxumuıam", - deyir. Belə bir geyimə ehtiyacı olan Allah Rəsulu, onu alır və geyinib yanımıza gəlir. Bunu görən biri Peyğəmbərimizə: "Necə də gözəldir! Olar bunu verəsən, mən geyinim?",- deyir. Rəsulullah (s.ə.s): "Olar" - deyir. Orada bir az oturduqdan sonra evinə gedir. Əbanı qatlayıb həmin adama göndərir. Səhabələr həmin adama: "Heç yaxşı eləmədin. Peyğəmbər (s.ə.s) ehtiyacı olduğu üçün onu geyinmişdi. Üstəlik, sən Peyğəmbərimizin ondan bir şey istəyənə heç vaxt „yox"demədiyini bilə-bilə bunu istədin", - deyirlər. Həmin şəxs belə cavab verir: "Vallah, mən onu geyinmək üçün yox, özümə kəfən etmək üçün istədim".

Sonralar o geyim, həqiqətən də, həmin şəxsin kəfəni olur (Buxari, Libas, 18; Ədəb, 39).

Buradan da göründüyü kimi, Peyğəmbərimiz (s.ə.s) nəyəsə möhtac bir adam görəndə onun mənfəətini özünkündən üstün tutardı. Yəni O, sahib olduğu hər şeyi paylaşmağı, hətta başqasını özündən üstün tutmağı əsas prinsip olaraq qəbul etmiş və "İki nəfərin yeməyi üç adama, üç nəfərin isə yeməyi dörd adama çatar" (Buxari, Ətimə, 11)
buyuraraq paylaşmağın gətirdiyi bərəkətə diqqət çəkmişdir. Onun nəzərində bir mala həqiqi mənada sahib olmaq, onu Allah yolunda sərf edib əbədi həyata göndərməklə mümkün idi. Çünki, Sevgili Peyğəmbərimiz Haqq-Təalanın, onun yolunda sərf edilən malı saxlayıb artıracağını və axirətdə sahibinə artıqlaması ilə veriləcəyini bildirmişdir (Müslim, Zəkat, 63).

Peyğəmbərimiz, bölüşənləri və mömin bacı-qardaşını özündən üstün tutanları təqdir edər və sevərdi. Bunu ifadə edən
bir hədisində belə buyurur: "Əşari qəbiləsindən olanlar, müharibədə azuqələri qutaranda və ya Mədinədə ailələrinin ərzağı azalanda, yanlarında nə varsa, gətirib bir xalıya tökürlər. Sonra bunu bir qabla öz aralarında bərabər şəkildə bölüşürlər. Bax, buna görə Əşarilər məndəndir, mən də onlardanam" (Buxari, Şirkət, 1; Müslim, Fədailüs-səhabə, 167).

İslamın əmr etdiyi insanpərvərlik və isar, əsri-səadətdəki insanlara cənnət həyatı yaratmışdır. Ancaq səhabələr bunu belə kafi görməmiş, daha çox şey edə bilmədikləri üçün təəssüf etmişlər. İbn Ömər (r. a) əsri-səadətdə yaşanan insanpərvərliyi və mövcud ruhani halı bu sözləri ilə necə də gözəl izah edir: "Biz elə dövrlər gördük ki, içimizdən heç kim özünün qızıl və gümüşə, müsəlman qardaşından daha çox layiq olduğunu fikirləşməzdi. İndi elə zəmandəyik ki, qızıl-gümüşü müsəlman qardaşımızdan çox sevirik" (Heysəmi, X, 285).

Bu fədakar igidlər Allah Rəsulunun tərbiyəsi ilə yetişmiş və imanın həqiqətini də ondan öyrənmişdilər. Bu səbəblə, ən ağır vaxtlarında belə özlərinə verilən suyu, qardaşlarına bağışlayaraq əbədi həyatda doya-doya içmək üçün Kövsərə qatmışdılar.

Yuxarıdakı misallarla zəmanəmizin insanı arasındakı fərq, həqiqətən göz qabağındadır. Hər kəsin ancaq özünü düşündüyü, bölüşmə yaddan çıxarılaraq eqoizmin baş alıb getdiyi, nə isə verəndə də özünü göstərmə və qarşılıq
gözləmənin ön planda olduğu zəmanəmizdə, büyün bunların həlli yolunun harada olduğu aşkardır. Peyğəmbər
əxlaqının ən mühüm ünsürlərindən biri olan insanpərvərlik və isar unudulmuş, insanlar bir-birlərini Allah üçün deyil, mənfəətləri üçün sevən olmuşlar.

Bu müvəqqəti dünyada başqalarını özümüzdən üstün tutmaq, həqiqi həyatda özümüzə gözəl bir yer hazırlamağımız deməkdir. Sevgili Peyğəmbərimiz belə yaşayıb, səhabələri də bu yolu gediblər. Bizə qalan da onlara yaxınlaşmağa səy göstərməkdir.

Abbas Qurbanov
İlahiyyat elmləri namizədi
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.