Kasıblara əl tutmaq

/ Cümə axşamı, 24 Aprel 2008 18:34
Kasıblara əl tutmaq

Əziz müsəlmanlar!

Heç kimə sirr deyil ki, cəmiyyəti təşkil edən fərdlərin hamısının vəziyyəti eyni deyil. Kimisi gənc, kimisi yaşlı, kimisi varlı, kimisi kasıb, kimisi sağlam, kimisi xəstə, kimisi qabiliyyətli, kimisi qabiliyyətsizdir. Bu müxtəlifliyin təbii bir nəticəsi olaraq cəmiyyətdə hər zaman qorunmaya, dəstəyə və xüsusi nəvazişə möhtac olan insanlar ortaya çıxır.

Pulsuzluqdan əziyyət çəkən, yoxsulluq üzündən xoşbəxtliyini və rahatlığını itirmiş, və yaxud yaşlılıq və şikəstlik kimi səbəblərdən işləmə gücü olmayan miskin insanlar cəmiyyətdə yardım edilməli və qayğı göstərilməli şəxslərdəndirlər.

Hörmətli möminlər!

İslamın əsas xüsusiyyətlərindən biri də odur ki, ictimai həyata böyük önəm verən bir dindir. Müsəlman cəmiyyətini təşkil edən fərdlər adi bir cəmiyyətin üzvləri deyil, bir bədənin orqanları kimidirlər ki, biri ağrıdıqda bu ağrı o birilərinə də təsir edir (Buxari, Ədəb, 27). Bu cəmiyyəti təşkil edən bütün fərdlər qardaşdır (Hucurat, 10). Peyğəmbərimizin dili ilə ifadə etsək, islam cəmiyyətində möminin möminə bağlılığı daşları bir-birinə keçirilmiş bina kimidir (Təcridi Sarih, 12134).

Bu cür cəmiyyətdə heç kim ac qalmamalı və kimsəsiz insanlar da əmiq-amanlıq içində olmalıdırlar. Kasıblara, yoxsullara, kimsəsizlərə əl tutmaq İslam qardaşlığının bir tələbi və əsas xüsusiyyətlərindəndir. Həzrəti Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurmuşdur:

"Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu tək qoymaz. Bir şəxs müsəlman qardaşının bir ehtiyacını qarşılasa, Allah da ona yardım edər. Bir şəxs bir müsəlmanın sıxıntısını yox edərsə, Allah da qiyamət günü onun sıxıntılarından birini yox edər. Bir şəxs din qardaşının eyibini ört-basdır etsə, Allah da qiyamət günündə onun eyibini ört-basdır edər" (Təcridi Sarih, 7360).

Başqa bir hədisində Rəsulullah (s.ə.s) belə buyurur: "Kasıbları axtarın, əl tutub qoruyun. Siz ancaq kasıblarınıza yardım sayəsində yardım görər və ruziləndirilərsiniz" (Riyazu's-Salihin, 1284).


Əziz müsəlman bacı və qardaşlar!

Bildiyimiz kimi, vətənimizdə də kasıbların, kimsəsizlərin, bir parça çörəyə möhtac olan insanların sayı az deyildir. Bizim üçün adi görünən nemətlər bəzi insanlar üçün əlçatmaz ola bilər. Məhz buna görə də, bütün bunları bizə lütf edən Allaha hər an şükür etməklə yanaşı bu nemətlərdə kasıb qardaşlarımızın da haqqlarının olduğunu unutmamalıyıq. Axı dinimizə görə, qonşusu ac ikən özü tox yatan insan bizdən deyil.

Kasıbları və kimsəsizləri sevmək, onlara əl tutmaq sevimli Peyğəmbərimizin tövsiyələri arasında önəmli yer tutur (Ət-Tərğib və't-Tərtib, 3337). Elə isə, biz də əlimizdə olanlardan kasıblara, kimsəsizlərə pay ayıraq, onların da üzlərinü güldürməyə çalışaq. Elə ən böyük cihad da budur. Çünki Həzrəti Peyəmbər (s.ə.s) bir hədisində belə buyurmuşdur:

"Kimisəsizlərin yardımına tələsənlər Allah yolunda cihad etmiş kimi səvab qazanırlar" (Riyazu's-Salihin, 1310).

Bir məqama da diqqət yetirməliyik. Mənfur düşmənlərimizin işğalı nəticəsində öz torpaqlarından didərgin düşmüş bir milyona yaxın qaçqın və köçkünlərin içində hələ də elə insanlar var ki, sırf dövlətin və xeyirxah insanların qayğısına möhtacdır. Başqa heç bir gəlir yeri olmayan bu insanlara hicrət zamanı ənsar mühacirlərə qucaq açdığı kimi qucaq açmalı, imkanımız olduqca əl tutmalıyıq. Unutmayaq ki, Uca Allah belə buyurur:

"Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz, Allah xərclədiyiniz hər bir şeyi biləndir" (Ali-İmran, 92).


Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.