Yazıb-oxumanın və təhsilin əhəmiyyəti

/ Cümə, 02 May 2008 18:35
Yazıb-oxumanın və təhsilin əhəmiyyəti

Hörmətli müsəlmanlar!

Dinimizin elmə, təhsilə, təlim-tərbiyəyə verdiyi önəm haqqında çox danışılıb. Lakin hələ də İslama cəhalət, savadsızlıq, geriçilik kimi mənfi xüsusiyyətlər aid edənlər vardır. Bu gün İslam dövlətlərinin nisbətən zəif olmasını da bununla əlaqələndirməyə çalışırlar. Halbuki İslam dini ilk gündən elmə, təhsil almağa və maarifçiliyə çox böyük əhəmiyyət vermiş, yaşından asılı olmayaraq bütün insanları elm öyrənməyə təşviq etmişdir.

Təsadüfi deyil ki, Qurani-Kərimin ilk nazil olan ayələri "Oxu" əmri ilə başlayıb: "Yoxdan yaralan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə öyrətdi. İnsana bilmədiklərini öyrətdi" (Ələq, 1-5). Bununla Uca Allah insanın daima axtarış içində, elm və təhsillə sıx ünsiyyətdə olmalı olduğunu bildirmişdir.

Hz Peyğəmbər də elm öyrənməklə bağlı bir hədisində belə buyurmuşdur: "Elm öyrənmək üçün səy göstərmək qadın-kişi hər müsəlmana fərzdir" (ət-Tərğib və't-Tərhib).


Əziz möminlər!

Uca dinimiz elm öyrənməyi fərz qıldığı kimi, öyrətməyi də üzərimizə bir vəzifə olaraq qoymuşdur. Dinimiz elm öyrənənə də, öyrədənə də yüksək dəyər verir, elm və tədrisi ibadət qəbul edir. Bir hədisdə belə buyurulur: "Elm öyrənmək Allah qatında nafilə olaraq qılınan namaz, tutulan oruc və edilən həccdən daha xeyirlidir" (Camiu's-Səgir 2/45).

Biz də müsəlman olaraq Allah və Rəsulunun bizlərə verdiyi öyüd-nəsihətlərə qulaq asmalı, biliyimizi artırmaq üçün dayanmadan səy göstərməliyik. Bir ayədə Uca Allah "Rəbbim! Mənim elmimi artır!" (Taha, 114) deyə dua etməyi tövsiyə etmiş, digər bir ayədə isə "…Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?" (Zumər, 9) deyə buyuraraq biliyin və bilik sahibinin dəyərinin nə qədər uca olduğunu ortaya qoymuşdur.

Həzrəti Rəsulullah da bir hədisində belə buyurmuşdur: "Faydalı olan elm möminin itmiş malıdır. Harada görsə götürsün" (Kəşfu'l-xəta, 1/435). Elmdən daha faydalı bir şey olmadığı üçün harada görülsə götürülməlidir. Başqa bir hədisdə "Elm Çində də olsa, ardınca gedin" (Fəthu'l-Kəbir, 1/193) buyuraraq müsəlmanları elm uzaq yerlərdə olsa belə, gedib almağa təşviq etmişdir.

Orta əsrlər Avropası cəhalət içində yaşarkən babalarımız bəşəriyyətin bu gününə işıq tutan əsərlər və tədqiqatlar yazmışlar. Onlar "Allah sizdən iman gətirənlərin və elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldar" (Mucadələ, 11) ayəsində verilən vədin haqq olduğuna inanmış və Allah qatındakı bu dərəcəyə yüksəlmək inancı ilə hərəkət etmişlərdir.


Hörmətli camaat!

Xütbəmizi Həzrəti Peyğəmbərin bir hədisi ilə bitirək: "Bilən, öyrənən, dinləyən və ya elmi sevənlərdən biri ol. Əsla beşinci olma, məhv olarsan" (Fəthu'l-Kəbir, 1/204).


Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.