Sufilik – izahı mümkün olmayan aləm

/ Şənbə, 03 May 2008 18:36
Sufilik – izahı mümkün olmayan aləm

Sufilik yarandığı zamandan bəri onun mahiyyətini açmaq, mənasını sözlə əhatə etmək və söz qəlibində ona tərif vermək cəhdləri olmuşdur. Bu mövzunu araşdırarkən belə bir mənzərə ilə qarşılaşırıq ki, sufilik, bəlkə də barəsində ən çox danışılan və mahiyyətinə ən çox tərif verilən məfhum sayıla bilər.

İstər sufilərin özləri, istərsə də sufiliyin tədqiqatçıları tərəfindən minlərlə tərif irəli sürülmüşdür. Deyilənlərə görə, hicri V əsrdə yaşamış Əbu Mənsur Əbdülqadir Bağdadi sufiliyin 1000-dən artıq tərifini toplayıb, əlifba sırası ilə düzmüşdür. Sührəvərdi "Əvarifül-məarif" kitabında bir neçə nəzəriyyəni qeyd etdikdən sonra yazır: "Təsəvvüfün mahiyyəti barəsində şeyxlərin sözlərinin sayı 1000-dən artıqdır. Amma bunlar söz baxımından fərqli, məna baxımından oxşardırlar". Əlbəttə, əslində sufiliyə verilmiş təriflərin sayı bundan qat-qat çoxdur. Elə təkcə Əbu Nəim İsfahaninin "Hilyətül-övliya" əsərində üst-üstə 1000-dən artıq nəzəriyyəyə rast gəlmək mümkündür.

Məşhur şərqşünas Nikolson isə "İslam sufiləri" kitabında hicri V əsrə kimi yazılmış mənbələrdəki təriflərdən 87-sini qeyd edərək yazır: "Ərəb və fars dillərində sufiliyə çoxlu təriflər verilmişdir. Amma bunların hamısını araşdırdıqdan sonra deməliyik ki, sufiliyə dəqiq tərif vermək mümkün deyildir".

Sufiliyin mahiyyəti barədə irəli sürülmüş nəzəriyyələrdən bəzilərini aşağıda xatırladırıq:

"Təsəvvüf – həqiqətləri əldə etmək, dəqiq və incə məsələlərdən söz açmaq, camaata məxsus əmlakdan naümid olmaqdır" (Məruf Kərxi).

"Təsəvvüf əvvəldə zikr, sonra vəcddir. Daha sonra isə nə ondan, nə də bundandır". "Təsəvvüf o kəsin yoludur ki, sağ əlində Allahın kitabını (Qurani-kərimi), sol əlində Müstəfa sünnəsini tutmuş olsun və bu iki şamın işığında yol getsin ki, nə şübhə girdabına, nə də bidət zülmətinə düşməsin" (Cüneyd Bağdadi).

Zün-nun Misridən sufilərin kim olduğunu soruşanda cavab verdi: "Onlar Allahı hər şeydən üstün bilərlər, Allah da onları hamıdan üstün bilər".

"Doğrucul sufinin əlaməti budur ki, dövlət qazandıqdan sonra dərviş (miskin, kasıb) olsun, əzizlikdən sonra xar, məşhurluqdan sonra gizli olsun" (Əbu Həmzə Bağdadi).

"Sufi odur ki, öz canını qisasdan (qanbahasından) azad saysın, öz əmlakını camaata halal bilsin" (Səhl ibn Abdullah Şüştəri).

"Təsəvvüf tamamilə dəb və qaydalardan (adab) ibarətdir" (Əbu Həfs Nişaburi).

"Təsəvvüf – kitaba və sünnəyə əməl etmək, həvavü həvəs və bidətlərdən uzaq olmaqdır" (Nəsrabadi).

"Təsəvvüf – həmişə eyni istiqamətə diqqət kəsilmək və həmişə eyni səviyyədə ömür sürməkdir". "Təsəvvüf - həqiqətdə vaqe olan bir addır, o, tamam olub sona çatdıqda yalnız Allah qalar" (Əbu Səid Əbül-Xeyr).

Həmçinin, təsəvvüfə verilən təriflər içində bu fikirlərlə də rastlaşırıq: "Təsəvvüf – vaxtı ən layiqli işə sərf etməkdir". "Təsəvvüf sərsəmliyə bənzəyir; hərzə-hədyan danışmaqla başlayır, aramlıqla sona çatır. Təsəvvüf sufinin vücudunu bürüyəndə lal olur". "Təsəvvüf – bütün əlaqə və bağlılıqlardan uzaq olmaq, məxluqatın Yaradanına bağlanmaqdır".

Cüneyd Bağdadi tərəfindən təsəvvüfə verilmiş aşağıdakı tərif öz məna dərinliyi ilə seçilir: "Təsəvvüf 8 xüsusiyyət üzərində qurulub: səxavət, riza (razılıq), səbr, işarə, ğürbət (qəriblik), yun paltar geyinmək, səyahət və fəqr (kasıblıq). Təsəvvüf həmin sifətlərdə 8 peyğəmbərə tabe olmaq deməkdir: səxavətdə İbrahimə, rizada İshaqa, səbrdə Eyyuba, işarədə Zəkəriyyaya, qəriblikdə Yəhyaya, yun paltar geyinməkdə Musaya, səyahətdə İsaya və fəqrdə Məhəmmədə (s)".

"Kəşşafi-istilahatil-fünun" ("Elmi terminlər lüğəti") kitabında isə sufiyə xas olan sifətlər belə açıqlanır: "Təsəvvüf əhlinin nəzərində sufi – özündə fani, Allah-təala ilə baqi olan, bütün sifət və təbiətlərdən təmizlənən, həqiqətlərin həqiqətinə bağlanan şəxsdir".

Sufiliyə və sufiyə verilmiş təriflərin niyə bu qədər rəngarəng olmasını tədqiqatçılar üç əsas səbəblə əlaqələndirmişlər:

Birincisi, sufilik çox geniş bir aləm olduğundan, hər kəs onu öz səviyyəsinə uyğun olaraq dərk etmiş və öz tutumu qədərincə ondan bəhrələnmişdir. Hər bir sufi bu böyük aləmin müəyyən bir nöqtəsinə kimi irəliləməyə müvəffəq olmuş və həmin nöqtədən gördüklərini təsvir etmişdir (necə deyərlər, "aləmə öz pəncərəsindən baxmışdır"). Buna görə də onların fikirləri bu qədər fərqlidir.

İkincisi, seyrü-süluk yolu çoxlu mənzil və məqamlardan ibarətdir. Bunların hər birində arifin halı və müşahidələri müxtəlif olur. Təbii ki, müxtəlif mənzilliərdə duran ariflərin təəssüratları da bir-birindən fərqli olacaq. Hətta eyni bir şəxs seyrü-süluk yolunda irəlilədikcə, düşüncələri təkamül tapacaq, bu gün dünənkinə nisbətən daha uca məqamda durduğundan, fikirləri daha geniş və əhatəli olacaq. Bu səbəbdən, təsəvvüf barədə eyni bir şəxsə aid edilən təriflər bəzən ciddi təvavütlərə malik olur.

Üçüncüsü, sufilər təsəvvüfə tərif verərkən, onu fərqli cəhətlərdən araşdırmış, öz fikirlərini qısa və səlis ifadə etmək xatirinə təsəvvüfün yalnız bir və ya bir neçə cəhətini diqqət mərkəzinə çəkmişlər. Çünki təsəvvüf qədər mürəkkəb və əhatəli aləmin bütün xüsusiyyətlərini bir tərifdə cəmləşdirmək sadəcə olaraq mümkün deyildir.



Natiq Rəhimov (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.