Uşaqları sevin, onlara mərhəmət göstərin

/ Bazar, 11 May 2008 14:18
Uşaqları sevin, onlara mərhəmət göstərin

 

Övlad tərbiyə etmək, onun qayğısına qalmaq ciddi məsuliyyət, böyük səbir və dözüm tələb etsə də, ailə qurmuş hər bir kəs Allahın bu şirin nemətinə sahib olub, o gözəl duyğuları yaşamaq arzusundadır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, insanlar xaraktercə fərqli olsalar da, valideyn olduqdan sonra onların xasiyyətlərində bir çox oxşarlıqlara rast gəlmək mümkündür.

Bu müqəddəs vəzifəyə sahib olmaq üçün göz yaşı töküb, gecəsini-gündüzünü dualarla keçirən şəxslərdən fərqli olaraq, əfsuslar olsun ki, bu gözəl duyğuların dəyərini dərindən dərk etməyib, körpəsini elə bətnindəcə məhv edənlər də az deyil. Psixoloqların dediyinə görə, abort zamanı körpələr böyük gərginlik hissi keçirir, hətta məhv olmamaq üçün ana bətnində bir güncə çəkilirlər. Nədir onların günahı? O balaca mələklər deyilmi qədəmləri ilə ailəsinə bir dünya sevinc, təravət, yeni bir xoşbəxtlik, sevgi, nur, uğur və ruzi-bərəkət gətirən? Bəzən dağılmaqda olan bir ailəni körpə qığıltısı xilas edir. Onların məsum baxışları anlaşa bilməyən ər-arvad arasında yeni bir məhəbbət yaradır. Gülüşləri ilə valideynlərinə yaşam gücü verir, onları cavanlaşdırır.

Sizcə, bətnindəcə körpəsinə həyacan yaşadan bir şəxsə "ana" deməyin özü günah deyilmi? Belə bir deyim var. Hər qadın övlad dünyaya gətirə bilər, lakin hər qadın ana ola bilməz. Ana olmaq üçün o acılı-şirinli anları yaşamaq, yuxusuz, səksəkəli gecələr keçirmək, övladı üçün min bir əzab-əziyyətə sinə gərmək şərtdir. Dünyada ən bağışlanmaz günah və ən böyük cinayət övlad qatili olmaqdır. Heç bir səbəb insana bətnindəki körpəsini məhv etməsi üçün bəraət qazandıra bilməz. Kasıblıq belə. Çünki Allah-Təala Ənam surəsinin 151-ci ayəsində Rəsuluna buyurur: "De: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk..." Bəzi ailələr bunun günah olduğunu anlasalar da bu addımlarını ya maddi durumları, ya da körpənin cinsiyyəti ilə əlaqələndirirlər. Baxmayaraq ki, İslamın yüksək sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq, hələ də cahiliyyət dövründə olduğu kimi qız övladı istəməyən valideynlər (xüsusən "ata"lar) az deyil.

Halbuki dinimiz qız övladlarına oğlanlardan daha çox sevgi, məhəbbət göstərməyi, oğlanları qızlardan üstün hesab etməməyi tövsiyə edir. Hətta rəvayətə görə, Allahın sevimli Rəsulunun (s) xanımı Həzrəti Xədiceyi-Kubra (ə) hamilə olarkən Muhəmməd (s) hər gün "Hira" dağına gedib ibadət edər və Allahdan ona əməlisaleh bir övlad nəsib etməsini diləyərmiş. Və bir gün Cəbrayıl (ə) Allahın salamını peyğəmbərə (s) çatdırdıqdan sonra Ona (s) Behiştdən gətirdiyi almanı verir. Peyğəmbər (s) almanı sinəsinə sıxır. İki yerə bölünən almadan nur saçır və bu an Cəbrayıl (ə) buyurur: "Ya Rəsuləllah, bu nur bir xanımdır ki, onun göylərdəki adı Mənsurə, yerdəki adı isə Fatimədir".

Odur ki, heç bir ata qızı olduğu üçün utanmamalı, bunu özünə rüsvayçılıq bilməməlidir. Tam əksinə, sevinməli və şükür etməlidir. Çünki qızını gözəl şəkildə (dini adətlərə uyğun, əxlaqlı) tərbiyə edən ata, inşallah, cənnəti qazanar. İmam Sadiq (ə) hədislərinin birində buyurur: "Qızlar həsənə, oğlanlar isə nemətdir. Həsənələrə savab verilər, nemətlərdən sual olunar".

Oğlan uşaqlarına nisbətən qızlar həssas və kövrək olduqları üçün onların daha çox nəvazişə ehtiyacları var. Amma dinimiz övladlar arasında fərq, imtiyaz qoymağın əleyhinədir, əsas odur ki, sağlam olsun. Sevimli imamımız Əli ibn Hüseyn (ə) yeni körpənin dünyaya gəldiyini eşitdikdə ilk olaraq onun sağlam olub-olmadığını soruşarmış.

Çiçək ətirli cənnət sakinlərinin dünyaya gəldiyi tarix ailəsi üçün ənənəvi bayrama çevrilir. Uşaqlara böyük sevgi bəsləyən dinimiz hər bir valideynə övladı doğulduğu gündən bəzi əməlləri yerinə yetirməyi vacib buyurub. İzninizlə onların bəzilərini nəzərdən keçirək:

Allah hər bir bəndəsinə övlad əta edirsə, müstəhəbdir ki, o şəxs imkan daxilində şükür əlaməti olaraq bu nemətin müqabilində yaxınlarına qonaqlıq, ehsan versin. Bundan əlavə körpə dünyaya gələrkən mütləq qüsullanmalı və Peyğəmbərimizin (s) buyurduğu kimi, onun təvəllüdünün yeddinci günündə sağ qulağına əzan, sol qulağına isə iqamə deyilməlidir. Müqəddəs hədisə görə, bu əməl şeytanı uşaqdan uzaqlaşdırar. Dinimizin digər şərtlərindən biri də budur ki, yeni dünyaya gəlmiş körpənin təvəllüdünün yeddinci günü onun saçı qırxılmalı və həmin tüklərin çəkisi qədər qızıl (və ya gümüş) fəqirlərə sədəqə verilməlidir. Övladın sağlam olması üçün qurbanlıq və oğlan uşaqlarının paklığı üçün isə sünnət vacib hesab edilir. Şəriətimizə əsasən qız uşaqlarının qulaqları deşdirilməlidir. Günümüzdə də Peyğəmbərimizin (s) sünnəti sayılan bu əməl əvvəllər oğlanlara da şamil edilirdi. Hətta peyğəmbərimiz (s), sevimli qızı Həzrəti Fatiməyə (ə) göstəriş veribmiş ki, Həsən (ə) və Hüseynin (ə) də qulaqlarını deşdirsin.

Ata-ananın digər məsuliyyətli vəzifələrindən biri də körpəsinə münasib, gözəl ad seçməsidir. Övlada ad qoymaq valideynin malik olduğu təfəkkür tərzinin göstəricisindir. Ana-ata (qohumlar) körpəyə ad seçərkən son dərəcədə diqqətli olmalıdırlar ki, o, bu ada görə gələcəkdə utanmasın, yaşıdları tərəfindən mərəzəyə qoyulmasın. Əgər hər hansı bir valideyn uşağa ad seçərkən bu adın mənasının dərinliyinə fikir verməsə, gələcəkdə yaranacaq hər hansı bir xoşagəlməz hal üçün həmin valideyn cavabdehdir. Yaxşı olar ki, İslam şəriətinin buyurduğu kimi, uşaq dünyaya gəlməmişdən əvvəl artıq ona ad seçilsin. Dinimizə görə övladlarınıza Peyğəmbərimizin (s), onun əzizlərinin, (Fatimeyi Zəhra (ə), Xədicə (ə), Zeynəb (ə) və s) imamlarımızın (ə) adları ilə yanaşı Əbdürrəhman, Əbdürrəhim, Abdullah kimi mübarək adlar qoymağınız məsləhətdir.

Valideyn heç vaxt övladları arasında seçim etməməlidir. Əks halda onların bu hərəkəti uşaqları arasında kin, həsəd, paxıllıq kimi hisslərin oyanmasına şərait yaradar. Əgər kiçik yaşlarında uşaqlarınıza fərq qoysanız, onlar arasında yaranacaq rəqabət mütləq yetkinlik yaş dövründə özünü biruzə verəcək və böyük ehtimalla bu seçim düşmənçiliklə nəticələnəcəkdir. Hər bir övlad valideyninin nəvazişindən faydalanmaq hüququna sahibdir. Bu qanunu pozmaq valideynin ən böyük səhvi olar. Həzrəti Peyğəmbər (s) nəinki övladları, hətta küçədə rastlaşdığı uşaqlar arasında belə seçim etməz, onlara ilk olaraq özü salam verər, saçlarını oxşar, məhəbbət göstərərmiş. Bir hədisində isə Rəsulullah (s) belə buyurmuşdur: "Uşaqlara salam verməyi ölənədək tərk etməyəcəyəm ki, bu əməl məndən sonra sünnət şəkli alsın".

Başqa bir hədisdə isə belə buyurulur: "Övladlarınız arasında ədalətlə riayət edin, necə ki, lütf və yaxşılıq barəsində onların sizin aranızda ədalətlə riayət etməsini istəyirsiniz".

Burada bir rəvayəti diqqətinizə ərz etmək istərdim. Belə ki, bir gün Peyğəmbərimizin (s) sevimli nəvələri Həsən (ə) və Hüseyn (ə) babalarının yanına gəlib soruşurlar ki, hansımız daha güclüyük. İstəkli nəvələrinin arasında heç zaman seçim etməyən və onların heç birinin qəlbini qırmaq istəməyən Allahın Rəsulu (s) bu məsuliyyətli cavabı atalarından almağı onlara məsləhət görür. İslam peyğəmbərinə ilk iman gətirən Həzrəti Əli (ə) də övladlarının xətrinə dəyməmək üçün bu sualın cavabını analarından almağı tövsiyə edir. Cənnət qadınlarının seyyidəsi xanım Fatimə (ə) bir qədər düşündükdən sonra deyir:

- Mən indi yerə şəkərlər atacağam, kim ondan çox yığsa, o daha güclüdür.

Bu zaman mərhəmətli Allah Cəbrayıla əmr verir ki, şəkərləri bərabər paylaşdırsın. Və beləliklə qardaşlar arasında seçim edilmir.

Ümid edirik ki, İslama rəğbət bəsləyən və körpəsini sevən əsl valideyn övladına şəriətimizin buyurduğu münasib adları vermək, onlara bərabər sevgi bəsləmək və onları yüksək insani keyfiyyətlərə sahib olan bir mömin olmağa həvəsləndirməklə Peyğəmbərimiz (s) və onun sevimli Əhli-Beytinin (ə) sünnəsini qoruyacaq və İslamı olduğu kimi gələcək nəsillərə ötürəcəkdir.

Sevda Babayeva

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.