İslamda evlənmə ədəbi və toy

/ Cümə, 13 İyun 2008 14:22
İslamda evlənmə ədəbi və toy

Hər canlının xilqətində çoxalıb nəslini davam etdirmə xüsusiyyəti vardır. Canlıların ən mükəmməli olan insanda da bu xüsusiyyətin mövcud olması təbiidir. İki ayrı cins olaraq yaradılan insanların bu arzularını həyata keçirmələrinin qanuni yolu evlənməkdir. Bu barədə olan bir ayədə belə buyurulur: "Sizin üçün onlarla ünsiyyət qurasınız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır" (Rum, 21).

Hörmətli müsəlmanlar!

İstər kişi olsun, istər qadın, hər insanın həyatında önəmli bir hadisə olan evliliyin qurulması zamanı təşkil edilən şadyanalığa toy deyilir. Qurulan izdivacın elan olunması üçün toy yaxşı vasitədir və bu ənənənin davam etdirilməsi çox gözəl bir şeydir. Lakin hər zaman olduğu kimi, evlənəndə və toy edəndə də israfdan, həddi aşmaqdan və qadağan olunan əyləncələrdən uzaq durmalı, Allaha xoş getməyən hərəkətlərdən çəkinməliyik. Bu barədə Uca Allah bizlərə bu cür xəbərdarlıq edir: "Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz" (Maidə, 87). Elə isə toylarda milli və mənəvi dəyərlərimizə uyğun olmayan davranışlardan çəkinmək biz müsəlmanlar üçün dini bir vəzifədir.


Əziz möminlər!

Evlilik yeni bir ailənin qurulması və həyatın yeni bir dönüş nöqtəsidir. Bu ailənin qurulması üçün, əlbəttə, bir sıra xərclərin olması təbiidir. Ancaq bu xərcləmələrdə əndazəni aşmaq, israf etmək olmaz. Təəssüf ki, günümüzdə demək olar ki, israfa yol verilməyən toya rast gəlmək mümkün deyil. Bahalı şadlıq evlərinin kirayələnməsindən tutmuş ən müxtəlif növ yeməklərin masalara düzülməsinə, müxtəlif əyləncə vasitələrindən tutmuş bahalı paltarların sifariş olunmasına qədər hər bir şeydə həddi aşırıq. Bütün bunlar isə həm toy sahiblərini, həm də toya dəvət olunanları çətinliyə salır. Halbuki sevimli Peyğəmbərimiz (s.ə.s.) "Evliliyin ən xeyirlisi ən asan və xərcsiz olanıdır" (Əbu Davud, Nikah, 32) buyurmuşdur. Elə Həzrəti Peyğəmbərin (s.ə.s.) özünün də evlilikləri çox sadə olmuş və bunu görən müsəlmanlar evlənərkən etdikləri lazımsız xərclərdən əl çəkmişlər.

Dolanışıq sıxıntısı üzündən dağılmağa üz tutmuş bir çox ailənin olduğunu bilə-bilə, bunlara laqeyd qalaraq ağlasığmaz dərəcədə israfın hakim olduğu toyları müsəlmanlıqla əlaqələndirmək mümkün deyil. Maraqlıdır ki, yas məclislərində Allahın adını dilimizdən əksik etmədiyimiz halda, toylarımızda bu yaddan çıxır, Qurani-Kərimin oxunması bir yana, heç bir dəfə dua da səslənmir. Bütün bunlardan başqa, Allahın haram buyurduğu və adını çəkmək istəmədiyimiz başqa şeylərin də toylarımızda geniş yayılması ürək yandırıcıdır. Halbuki, Peyğəmbərimizin (s.ə.s.) sünnətini yerinə yetirərək Allah qarşısında bağlanan bir əhd olan evliliyi elə ilk gündən bu cür haram şeylərlə çirkləndirmək olmaz.


Əziz müsəlmanlar!

Gəlin toylarda dinə zidd olan hər cür davranışdan, israf və özünü göstərməkdən uzaq duraq, bunu özümüzə dini bir vəzifə hesab edək. Nə özümüzü, nə də övladlarımızı öz əllərimizlə oda atmayaq. Əgər müsəlmanıqsa, bütün davranışlarımızda, bütün mərasimlərimizdə İslama uyğun şəkildə hərəkət edək, İslama zidd olan əməllərdən isə uzaq duraq. Unutmayaq ki, ölüm hər an gələ bilər və biz həmin gün butun etdiklərimizə görə cavab verməli olacağıq.

Xütbəmizi bu ayənin tərcüməsi ilə bitiririk: "Beləliklə də, sizi vasat bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun…" (Bəqərə, 143).



Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.