Salamlaşmağın önəmi

/ Cümə axşamı, 26 İyun 2008 14:23
Salamlaşmağın önəmi

Əziz müsəlmanlar!

Bildiyimiz kimi, İslam dini insanlararası münasibətlərin yüksək səviyyədə qurulmasına, cəmiyyətin ünsürü olan insanların bir-biri ilə mehriban davranmasına böyük əhəmiyyət verir. Hər bir müsəlman hətta tanımadığı insanlarla belə xoş davranmalı, qarşılaşdığı insanlara sevinc bəxş etməyə salışmalıdır. İnsani münasibətlərin qurulmasında və inkişaf etməsində böyük rol oynaması baxımından salamlaşmaq bu barədə böyük əhəmiyyət kəsb edir. Belə ki, salam, bir müsəlmanın başqa bir müsəlmana rahatlıq, bərəkət və səadət diləklərini dini bir çərçivədə təqdim etməsidir.

Salamlaşmaq, tanış olmağımıza, qaynaşmağımıza vəsilə olmaqla bərabər, həm də aramızdakı inciklik və kin-küdurəti yox edərək bir-birimizə yaxınlaşmağımıza kömək olur. Bu barədə Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: "İman etməmiş cənnətə girə bilməzsiniz. Bir-birinizi sevməmiş də həqiqi iman etmiş olmazsınız. Sizə elə bir şey söyləyimmi ki, onu etdikdə bir-birinizi sevəsiniz? Aranızda salamı yayın" (Tac, c. 5, səh. 244).

Dilimizdə formasını dəyişərək sadəcə "salam" kimi qalmış bu ifadə əslində "əssəlamu-aleykum" – "və aleykumu's-səlam" qısa dialoqudur ki, bunların bu şəkildə işlənməsi həm islami, həm filoloci, həm də məntiqi cəhətdən daha doğrudur. Qurani-Kərimdə başqa evlərə icazə almadan və salam vermədən girməməyi əmr edən, müsəlmanların əsas cəhətlərindən birinin də salamlaşma olduğunu bildirən ayələrlə bərabər peyğəmbərimiz də sevgiyə aparan yolun salamlaşmağı yaymaqdan keçdiyini bildirmişdir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, burada söhbət təkcə tanıdığımız adamlara salam verməkdən getmir. Onlara onsuz da salam veririk. Söhbət həm də tanımadığımız adamlarla salamlaşmaqdan gedir. Elə Hz. Peyğəmbərə (s.ə.s.) də hansı müsəlmanın daha xeyirli olması barədə sual veriləndə "Başqalarının qarnını doyuran və tanıdığına-tanımadığına salam verəndir" buyurmuşdur (Riyazu's-Salihin, c.2, səh. 226).

Onu da unutmamalıyıq ki, salam vermək sünnətdirsə, salamı almaq vacibdir. Yəni verilən salamı cavabsız buraxmaq günah olmaqla bərabər, həm də müsəlmana yaraşmayan hərəkətdir. Bəzən salam verərkən cavabının yalnız başı tərpətməklə verildiyinin yəqin ki, hamımız şahidi olmuşuq. Bu cür salamlaşmaq İslama uyğun deyil. Salamın cavabı ən gözəl şəkildə verilməlidir. Bu barədə Qurani-Kərimdə belə buyurulmuşdur: "Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya eynilə qaytarın. Şübhəsiz, Allah hər şeyi hesaba alandır" (Nisa, 86).


Əziz bacı və qardaşlar!

Qiyamət günündə Rəbbimizin rəhmətinə nail olmaq və cənnətə daxil olmaq üçün bu gözəl duanı, yəni salamı bir-birimizdən əsirgəməyək, bu sahədə simic olmayaq. Peyğəmbərimiz (s.ə.s.): "Əsl simic salamlaşmada simiclik edəndir" (Buxari, Ədəbu'-Mufrəd, səh. 268) deyə buyurmuşdur.

Cənnətin qapıları açılanda möminlərin salamla qarşılanacaqlarını bildirən bir ayədə belə buyurulur:

"Rəbbindən qorxanlar da dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçilər onlara: "Salam əleykum! Xoş gəldiniz! Əbədi qalacağınız cənnətə daxil olun!" - deyəcəklər" (Zumər, 73).



Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.