Yalançı şahidlik

/ Cümə axşamı, 26 İyun 2008 14:25
Yalançı şahidlik

Əziz müsəlmanlar!

Dinimizin qadağan etdiyi haram işlərdən biri də yalançı şahidlikdir. Allaha və axirət gününə iman edən bir kəsin kiminsə xətrinə və ya sırf mənfəət üçün hakimin hüzurunda yalançı şahidlik edərək haqlını haqsız, haqsızı isə haqlı çıxarmağa çalışması böyük bir günahdır. Çünki yalançı şahidlik Allaha şərik qoşmaqdan sonra gələn böyük günahlardan biridir.

Uca Allah Nisa surəsinin 135-ci ayəsində belə buyurur: "Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışan Allah şahidi olun. İstər dövlətli, istər kasıb olsun, hər halda Allah onların hər ikisinə daha yaxındır. Nəfsinizin istəyinə uyub haqdan üz çevirməyin. Əgər (şahidlik edərkən) dilinizi əzib büzsəniz və ya şahidlik etməkdən boyun qaçırsanız, şübhəsiz, Allah etdiyiniz işlərdən xəbərdardır".

Sevimli Peyğəmbərimiz (s.ə.s.) bir gün səhabələrinə böyük günahlardan danışarkən bildirmişdir ki, bunlar Allaha şərik qoşmaq, haqsız yerə insan öldürmək, ata-anaya asi olmaq və yalançı şahidlik etməkdir (Buxari, Şəhadət, 10; Ədəb, 6; Eyman, 16; Diyat, 2; Muslim, İman, 143).

Peyğəmbərimiz (s.ə.s.) yalançı şahidliyin nə qədər böyük bir günah olduğunu başa salmaq üçün dirsəkləndiyi yerdən dikələrək dizlərinin üstündə oturmuş, bu şəkildə onu bir neçə dəfə təkrarlamış və hiddətindən mübarək üzü qızarmışdı. Başqa bir hədisində isə belə buyurmuşdur: "Şahidlik üçün çağırıldığı zaman, bildiyini gizlədərək şahidlikdən yayınan kimsə yalançı şahidlik etmiş kimidir" (Təbərani, Bax, Məcməu'z-Zəvaid, IV, 200).


Dəyərli möminlər!

Yalançı şahidlik edən kəs hər şeydən əvvəl özünə zülm etmiş və ən böyük pisliyi törətmiş olur. Çünki beləcə o, başqasının dünyası üçün öz axirətini, əbədi səadət yurdunu sataraq cəhənnəmi satın alır. Bununla paralel olaraq, haqlı çıxarmaq üçün şahidlik etdiyi şəxsə də pislik etmiş olur. Çünki haqsıza yardım etmiş, onu haqlı göstərmiş və əleyhinə yalançı şahidlik etdiyi məsum şəxsə isə zülm etmişdir. Onun haqqını başqasına vermiş, haqqının tapdalanmasına imkan vermiş, onu hər kəsin gözündə haqsız vəziyyətə salmış, bundan başqa məhkəməni də çaşdırmışdır.

Baxın görün, sevimli Peyğəmbərimiz (s.ə.s.) bu məsələ ilə bağlı nə buyurur:

"Mən də bir insanam. Sizlər öz aranızda yaranmış mübahisələrə görə yanıma gəlirsiniz. Ola bilər ki, biriniz dəlillərini digərindən daha yaxşı ərz edər, mən də ondan eşitdiyim şəkildə hökm edərəm. Bu şəkildə kimə qardaşının haqqını vermişəmsə, ona atəşdən bir parça vermiş olaram" (Buxari, Şəhadət, 27).

Yalançı şahidlər ədalətə əngəl olduqları üçün cəmiyyətdə heç kimin dəyər vermədiyi şəxslərdir. Onların söylədikləri ən gözəl sözlər də şübhə ilə qarşılanır. Bunlar dünyada səfalətdən, axirətdə isə Allahın əzabından xilas ola bilməzlər.

Yalançı şahidliyin kəffarəsi yoxdur. Yalnız tövbə etməklə də bunun məsuliyyətindən yaxa qurtarmaq asan deyil. Çünki bu, qul haqqıdır və bu haqqı tapdalayan şəxs ancaq zərər vurduğu tərəfin zərərini ödədikdən, halallıq istəyib könlünü aldıqdan və bir daha etməyəcəyinə tövbə edib Allahdan əfv dilədikdən sonra bağışlanacağına ümid edə bilər. Əsl mömin acı da olsa hər zaman həqiqəti söyləyən və öz əleyhinə olsa belə, həqiqət və ədalətdən dönməyən insandır.



Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.