Mübarək vaxtlar və bərəkətli zamanlar

/ Şənbə, 05 İyul 2008 14:25
Mübarək vaxtlar və bərəkətli zamanlar

Əziz möminlər!

Bildiyimiz kimi, dinimizdə saleh əməllər, gözəl işlər üçün çox vaxt konkret bir vaxt müəyyən edilməmişdir. Lakin fərz ibadətlər üçün müəyyən qaydalar təsbit edildiiyi kimi, konkret vaxtlar da müəyyənləşdirilmişdir. Lakin bununla belə. özünəməxsus nemətlərin lütf olunduğu müəyyən mövsümlər, bəzi ibadət və önəmli işlərin yerinə yetirilməsi üçün təsbit olunmuş müəyyən vaxtlar vardır.

Bir gündə qılınan beş vaxt namaz, hər həftə qılınan Cümə namazı, bayram günlərində Bayram namazı, Ramazan gecələrində Təravih namazı, Oruc üçün Ramazan ayı, Həcc üçün həcc günləri məhz bu müəyyən vaxtlardandır. Hər namaz üçün ayrca vaxt seçildiyi kimi, fərz olan namaz ibadətlərinin belə qılınması məkruh olan anlar vardır (Günəşin çıxdığı, batdığı an və s.). Lakin ildə elə aylar, ayda elə günlər və gündə elə anlar vardır ki, həmin vaxt edilən dualar, ibadətlər çox fəzilətli olur.

Qurani-Kərimdə bu barədə belə buyurulmuşdur: "Elə isə axşam-səhər Allahı təqdis edib şəninə təriflər deyin. Göylərdə və yerdə həmd yalnız Ona məxsusdur. Gün batanda da, gündüz də Onu təqdis edib şəninə təriflər deyin" (Rum, 17-18).


Hörmətli müsəlmanlar!

Üç aylar (Rəcəb, Şaban, Ramazan), Mövlud, Rəqaib, Merac, Bərat və Qədr gecələri kimi vaxtlar da müsəlmanların xüsusi şövqlə Allah-Təalaya yönələrək tövbə və istiğfar, dua və niyazla məşğul olduqları, nafilə və ya qəza namazı kimi ibadətlərlə dəyərləndirdikləri bərəkətli zamanlardandır. Uca Allah cənnət nemətlərinin "Ey Rəbbimiz, biz həqiqətən iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru!" - deyən, səbir edən, doğru olan, itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı bağışlanmaq diləyənlər" üçün olduğunu bildirməkdədir (Ali-İmran, 16-17).

Sevimli Peyğəmbərimiz (s.ə.s.) isə belə buyurmuşdur"Ey insanlar! Salamlaşın. Yemək yedizdirin. İnsanlar yatarkən gecə vaxtı namaz qılın. Beləcə əmin-amanlıqla cənnətə girərsiniz" (Riyazu's-salihin, c.2, səh. 452).

Başqa bir hədisdə isə belə buyurulur: "Gecədə duanın qəbul olunduğu bir saat vardır ki, hər hansı bir müsəlman ona rast gəlib dünya və axirətə dair Allahdan xeyir diləsə, şübhəsiz, Allah onun istədiyini verər" (Riyazu's-salihin, s.458).


Möhtərəm möminlər!

Bildiyimitz kimi, Rəcəb, Şaban və Ramazan aylarından ibarət olan mənəviyyat mövsümünün dini həyatımızda xüsusi bir yeri vardır. Bir çox müqəddəs gecələr, o cümlədən Qədr gecəsi bu aylarda, daha dəqiqi Ramazan ayındadır. Bunlar elə aylardır ki, həmin günlərdə kin və nifrət unudulur, hər kəs özünü əmin-amanlıq içində hiss edir. Peyğəmbərimizin (s.ə.s.) bu üç ay haqqında "Allahım! Rəcəb və Şabanı haqqımızda xeyirli və mübarək et, bizi Ramazana qovuşdur" (Kəşfu'l-xəfa, №554) deyə dua etmiş, səhabələr bu ayları namaz, oruc, zəkat və sədəqə kimi ibadətlərlə süsləmişlər.

Üç aylar pisliklərdən uzaqlaşmağın daha çox intişar etdiyi, yaxşılıq, xeyir və duaların artdığı, yardımlaşma hissinin canlandığı, könülləri fərəhləndirən Ramazan ayının da içində olduğu bir iqlim yaradır.

Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: "Beş gecə vardır ki, onlarda edilən dualar qəbul olunar. Bunlar, Rəcəb ayının ilk gecəsi, Şaban ayının on beşinci gecəsi, Cümə və Bayram gecələridir" (əl-Fəthu'l-Kəbir, 2/92).

Bildiyimiz kimi, artıq tezliklə müqədəs üç aylara daxil oluruq. Bu səbəbdən ibadətlərimizi, saleh əməllərimizi daha da artırmalı, bu ayları layiqincə dəyərləndirməyə çalışmalıyıq. Bundan başqa yaxşı olardı ki, Ramazan orucuna hazırlıq məqsədilə Rəcəb və Şaban aylarında br neçə gün oruc tutaq. Və Peyğəmbərimizin (s.ə.s.) də etdiyi kimi, dua edək ki, Uca Allah bizi müqəddəs Ramazan ayına qovuşdursun. Bu ayların hamımız üçün xeyirlərə vəsilə olmasını Uca Allahdan diləyirik.




Aqil HACIYEV (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.