İslamda terrora yer yoxdur

/ Cümə, 11 İyul 2008 14:26
İslamda terrora yer yoxdur

Hörmətli müsəlmanlar!

Sonsuz qüdrət sahibi olan Allah insanı ən gözəl bir şəkildə yaratmış (Tin, 4), şan və şərəf sahibi etmiş (İsra, 70), ruhundan ona üfürmüş (Hicr, 29), yer üzünü insana boyun əydirmiş (Mülk, 15) və saya bilməyəcəyimiz neçə neçə nemətləri insan oğlunun əmrinə vermişdir (İbrahim, 34).

Bünövrəsi sülh, əmin-amanlıq, xoş münasibətə əsaslanan və adını da bu mənalara gələn "islam" kəlməsindən götürən uca dinimiz birliyi, bərabərliyi, sevgini, qardaşlığı əmr etmiş; zülmü, azğınlıq və pisliyi qadağan etmiş, zülmün ən dəhşət verici şəkillərindən biri olan terror və dəhşəti isə şiddətlə pisləmişdir.

Bir hədisi-qudsidə Uca Allah belə buyurur: "Mən zülmü Özümə haram etdim, sizə də haram qıldım. Bir-birinizə zülm etməyin".

Həzrəti Peyğəmbər (s.ə.s.) də müsəlmanı "əli və dili ilə başqalarına zərər verməyən və şərindən hər kəsin amanda olduğu insan" deyə təsvir etmişdir (Riyazu's-salihin, c.3, s.103).

Həzrəti Peyğəmbər (s.ə.s.) insanlara zərər verməyi və zülm etməyi qadağan etmiş, onlara mərhəmətli olmağı əmr etmiş, "İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz" (Riyazu's-salihin, I/272) deyə buyurmuşdur. Başqa bir hədisində isə sadəcə insanlara deyil, yer üzündəki bütün canlılara şəfqətlə yaxınlaşmağı əmr etmiş, Allahın rəhmətinə nail ola bilmək üçün yer üzündəkilərə mərhəmət etməli olduğumuzu vurğulamışdır (Tac, V/17).


Dəyərli möminlər!

Yer üzündəki bütün canlılarla mərhəmətlə davranmağımızı tövsiyə edən, Yaradandan ötrü yaradılana xoş münasibəit göstərmə anlayışını şüurumuza yeridən uca dinimizin kişi-qadın, böyük-uşaq ayırmadan məsum insan qanını axıdan terror hərəkətlərini xoş görməsi əsla mümkün deyil.

Uca Allah Qurani-Kərimdə haqsız yerə cana qəsd etməyi haram qılmış, bunun cəzasının əbədi cəhənnəm olduğunu bildirmişdir (Nisa, 93). O cümlədən, haqsız yerə bir nəfəri öldürməyi bütün insanlığı öldürmək, bir nəfəri xilas etməyi isə bütün insanlara həyat vermək olaraq qəbul etmişdir (Maidə, 32).

Həzrəti Peyğəmbər (s.ə.s.) isə nəinki dinc zamanda kiminsə öldürülməsini, müharibə şəraitində belə müsəlmanlara qarşı döyüşməyən qeyri-müsəlman qadınların, uşaqların, yaşlıların, öz ibadətləri ilə məşğul olan din adamlarının öldürülməsini, hətta ibadətxanaların dağıdılmasını, ağacların kəsilməsini, heyvanların öldürülməsini də qadağan etmişdir.

Nə olursa olsun, terror, şiddət və anarxiyanın İslamla yaxından uzaqdan heç bir əlaqəsi yoxdur. Bu şiddət hərəkətlərini hər hansı bir dinə, xüsusilə İslama aid etmək heç bir şəkildə mümkün deyil. Əksinə dinimiz hər cür anarxiya, fitnə, fəsad, təxribat, əziyyət, işgəncə, qısaca terror və şiddəti qətiyyətlə haram qılmışdır.


Əziz bacı və qardaşlar!

Bilindiyi kimi, terror insanlıq üçün böyük bəladır. Lakin üzülərək qeyd etməliyik ki, bu gün terror bütün insanlığa təsir edəcək və üzə biləcək bir ölçüyə çatmışdır. Xüsusilə İslam adından çıxış edərək fəaliyyət göstərən ayrı-ayrı silahlı qruplaşmaların həyata keçirdikləri terror aktlarının İslamın adına yazılması bir müsəlman kimi bizləri üzməyə bilməz. Bu cür neqativ halları əllərində bəhanə edən bəzi təəssübkeşlər isə bundan bacardıqları qədər istifadə etməyə çalışırlar. İslamın terrora təşviq edən bir din olduğunu iddia edərək çox vaxt cihad anlayışını belə terrorla eyniləşdirməyə çalışırlar. Amma unutmamalıyıq ki, mənfur hərəkətlər hər kəs tərəfindən pislənir və bu cür hərəkətləri həyata keçirənlərin hansı dinə mənsub olmaları (əslində onların həqiqi müsəlman olmadıqları aydındır) o demək deyil ki, bu hərəkətləri həmin dinin adına yazmalıyıq. Çünki İslama müsəlmana görə qiymət verilməməlidir.

Mənfur 11 sentyabr hadisəsindən sonra Qərbdə, xüsusilə ABŞ-da İslam dininə qarşı yaranmış mənfi münasibət bir çoxlarına sərf edir. Bu haqq dinin Qərbdə sürətlə yayılmasına qısqanc yanaşanlar bununla bu prosesin qarşısını almağa çalışırlar. Lakin unutmamalıyıq ki, yalnız və yalnız sülhü, əmin-amanlığı əmr edən İslamın zəfəri uzaq deyil. Bizim üzərimizə düşən vəzifə isə dinimizin əmrlərindən möhkəm yapışmaq, İslamın terroru şiddətlə rədd etdiyi şüuru içində bütünləşərək bəşəriyyətin əmin-amanlığı üçün dualarla Rəbbimizə sığınmaqdır.

Qurani-Kərimdə belə buyurulur: "Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə gəlin. Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir" (Bəqərə, 208).

Xütbəmizə sonunda uca dinimiz İslamın hər cür terroru nifrətlə rədd etdiyini, qınadığını və lənətlədiyini bir daha qeyd edir, birlik və bərabərliyin davamını Uca Allahdan diləyirik.

Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.