Qumar və zərərləri

/ Cümə, 18 İyul 2008 14:28
Qumar və zərərləri

Hörmətli müsəlmanlar!

Allahın insanlara lütf etdiyi ağıl, sağlamlıq və zaman nemətlərinin hər biri böyük nemətdir. Müxtəlif ayələrdə və hədislərdə bunların qədrini bilməyimiz, istər ağlımızı, istər sağlamlığımızı, istərsə də vaxtımızı boş yerə sərf etməməyimiz, bu nemətlərdən pis yollarda istifadə etməməyimiz israrla tövsiyə olunur. Allahın bizə vermiş olduğu bu nemətlərə görə hər zaman şükür etməli və unutmamalıyıq ki, qiyamət günü bu nemətlərə görə də hesaba çəkiləcəyik.

Qumar oynamaq bu nemətlərdən zərərli bir şəkildə istifadə etmək deməkdir. Qumar – bünyədəki enercini yaxşı və faydalı şeylərə deyil, pis və zərərli istiqamətdə xərcləməkdir. Nizamlı bir həyatı nizamsız bir həyata çevirmək, cəmiyyətin təməl daşı olan ailə ocağını yıxmaq və dağıtmaqdır. Ailə üzvlərinin nifrətini qazanmaq və onlara pis nümunə olmaqdır. Sosial həyatı təməlindən sarsıtmaq, iş həyatını və halal qazancı baltalamaq, tənbəlliyi və miskinliyi həyata hakim qılmaqdır. Rəhmətdən, bərəkətdən, əmin-amanlıqdan, səadətdən uzaq qalıb, şeytani və mənfur arzularla yaşamaqdır.

Bu sadalanan zərərlərdən qorunmaq üçün, İslam dini qumarı haram qılmış və onu böyük günahlardan biri saymışdır. Bildiyimiz kimi, İslam dini halal qazanc əldə etməyi əmr etmiş, haram qazancı qətiyyətlə qadağan etmişdir. Qumar oyanamaq yolu ilə əldə olunan qazanc isə haram sayılır və bu cür qazanc insana yalnız Allahın qəzəbini və cəhənnəm əzabını qazandırar.


Dəyərli müsəlmanlar!

Qumarın zərərləri təkcə haram qazancdan ibarət deyil. Belə ki, qumarda uduzan şəxs içində digərlərinə qarşı həmişə kin və ədavət duyğuları bəsləyir, uduzduqlarını geri qaytarmaq və udmaq üçün təkrar təkrar qumar oynayır, nəticədə udsa da, mənəvi cəhətdən uduzmuş sayılır. Beləcə hər iki tərəfin gözünü kin-küdurət bürümüş olur.

Çünki udma ehtirası ilə oyuna başlayan qumarbaz, gözləri görə-görə pullarının və mallarının rəqib tərəfindən alınmasını qəbul edə bilmir, içinə rəqiblərinə qarşı kin və nifrət hissləri dolur. Bu yolla dəyərli varlıqlarını belə qumar masasında itirərək həm dünyasını, həm də axirətini bərbad edir.

Bəzən qumar deyilərkən yalnız kartla oynanılan oyunların nəzərdə tutulduğunu düşünürlər. Halbuki pul və ya başqa bir maraq müqabilində oynanılan istənilən oyun qumar hesab olunur və haramdır. Nərd, domino, loto kmii oyunlar isə heç bir maraq müqabilində oynanılmasa belə haram sayılır.

Bundan başqa hər cür lotoreya oyunları da dinimizə görə haramdır. Çünki bunlarda da israf və haqsız qazanc vardır və buna görə də lotoreya ilə udulan hər bir şey haram sayılır. Lakin bəzən hər hansı bir məhsulun satışını artırmaq üçün istehsalçılar tərəfindən məhsula uduş kuponları əlavə olunur ki, bunlar haram sayılmır və bu cür kuponlarla əldə olunan uduş qəbul edilə bilər.


Əziz möminlər!

Gəlin qumarın hər cür növündən uzaq durmağa çalışaq və haram yollarla əldə olunmuş qazancdan uzaq duraq. Çalışaq ki, özümüzü, evimizi, ailəmizi bu cür çirkablara batırmayaq.

Uca Allah Maidə surəsinin 90, 91 və 92-ci ayələrində belə buyurur:

"Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı? Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir".

Elə isə həm Allahın qəzəbini, həm də cəmiyyətin nifrətini qazandıran, Allahın haram buyurduğu bu kimi pis əməllərdən uzaq duraq və ətarafımızdakıları da uzaq tutmağa çalışaq.




Aqil HACIYEV (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.