Quranı oxumaq, anlamaq və yaşamaq

/ Cümə, 25 İyul 2008 16:01
Quranı oxumaq, anlamaq və yaşamaq

Hörmətli müsəlmanlar!

Qurani-Kərim uca Allah tərəfindən Peyğəmbərmiz Hz Muhəmmədə (s.ə.s.) göndərilən son ilahi kitabdır. Bu əziz kitabın ünvanı bütün insanlar, qayəsi isə bütün insanların dünya və axirət səadətini təmin etməkdir. Bu qayəyə çata bilmək üçün Quranı oxumalı, anlamalı, əmr və qadağalarına riayət etməliyik. Uca Allah bu barədə belə buyurmuşdur:

"Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar" (Sad, 29);

"Həqiqətən, bu Quran ən doğru yola yönəldir, yaxşı işlər görən möminlərə böyük bir mükafata nail olacaqları ilə mücdə verir" (İsra, 9);

"Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin" (Ənam, 155).

Deməli Quranı oxumaqdan məqsəd onu anlamaq, anlamaqdan məqsəd isə onun hökmləri ilə əməl etmək və göstərdiyi yol ilə getməkdir. Allahın əmrlərini qəbul edərək müsəlman olmaq istəyən şəxs ilk öncə bu əmrlərlə tanış olmalıdır. Bunun yolu isə Allahın 23 il ərzində Cəbrayıl vasitəsilə Hz. Peyğəmbərə nazil etdiyi Quranı dərk edərək oxuyub öyrənməkdən keçir. Elə isə gəlin görək özünü müsəlman adlandıran bizlər Quranı neçə dəfə başdan sona qədər oxumuşuq. Yəqin ki, aramızda bu kitabı heç oxumayanlar da az deyil. Görəsən, bu gün bir çox avropalının stolüstü kitabına çevrilmiş bu kitaba niyə belə laqeydik?


Əziz möminlər!

Bitib-tükənməyən bir elm, hikmət və səadət qaynağı olan Quran, nuru ilə aləmləri işıqlandıran, ruhlara şəfa verən, insanların güclü bir vicdana və sağlam bir imana sahib olmalarına vəsilə olan, ağılları və qəlbləri nurlandıran uca bir kitabdır.

Elə isə, həyatın mənasını başa düşməyimiz, yaxşı bir insan olmağımız, dəyişən və inkaişaf edən dünyanın ağır şərtlərinə sinə gərə bilməyimiz üçün Qurana üz tutmalı və ondan öyüdlər almalıyıq. Bütün mənliyimizlə o uca Kitaba yönəlməli, bənzərsiz gözəlliklərini qavramalı və prinsiplərini həm beynimizə, həm də könlümüzə həkk etməliyik.


Dəyərli möminlər!

İnsanlıq nə zaman Qurana yönəlmiş və onu rəhbər qəbul etmişsə, ən yüksək mədəniyyətə sahib olmuşdur. Peyğəmbərimiz (s.ə.s.) bu həqiqəti belə ifadə etmişdir: "Şübhəsiz ki, Allah Quranla əməl edənləri yüksəldir, ona uymayanları alçaldır və geridə qoyur" (Muslim, Musafirin, 269). "Qurandan bərk yapışın, onu öndər və rəhbər qəbul edin. Çünki Quran aləmlərin Rəbbi Allahın mübarək bir kəlamıdır" (Fəthu'l-Kəbir, s. 237).


Əziz müsəlmanlar!

Allah Quranı bu gün evdə ən yüksək yerə əsə-əsə qoymağımız, aylarla əl dəyməyərək toz basması üçün göndərməmişdir. Göndərmişdir ki, oxuyaq və Allahın bizdən nə istədiyini anlayaq. Elə isə gəlin Quranla aramızda olan pərdəni qaldıraq və onu ən azı gündə bir səhifə oxuyaq. Oxuyaq ki, "Quranda belə yazılıb" deyərək ağzına gələni danışanlara aldanmayaq. Oxuyaq ki, necə yaşamalı olduğumuzu, necə bir həyat qurmalı olduğumuzu anlayaq. Oxuyaq ki, məhv edilmişlərdən olmayaq. Oxuyaq ki, xilas olaq!



Aqil HACIYEV (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.