Merac və namaz

/ Şənbə, 02 Avqust 2008 16:44
Merac və namaz

Hörmətli müsəlmanlar!

Keçən xütbələrin birində də qeyd etdiyimiz kimi, dinimizdə bəzi zaman və məkanlar digərlərndən seçilmiş və müəyyən bir hadisəyə görə dəyər qazanmışdır. Bu dəyərli zamanlardan biri də Merac gecəsidir.

Lüğətdə "yüksəlmə vasitəsi" və "yüksəlmək" mənalarına gələn merac Peyğəmbərimizin (s.ə.s.) uca məqamlara çıxarılması; "gecə səfəri" mənasını verən isra isə gecənin bir vaxtında Həzrəti Peyğəmbərin (s.ə.s.) Məkkədən Qüdsə aparılması deməkdir.

Qurani-Kərimdə adını bu hadisədən götürmüş ayrıca İsra surəsi vardır. Həmin surənin birinci ayəsində belə buyurulur: "Bəzi ayələrimizi göstərmək üçün bəndəsini bir gecə Məscidu'l-haramdan ətrafını mübarək etdiyimiz Məscidu'l-əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, eşidəndir, görəndir" (İsra, 1).

Merac möcüzəsi isə yalnız hədislərdə əks olunmuşdur. Peyğəmbərimiz (s.ə.s.) Cəbrayıl ilə birlikdə səmalara, yüksək məqamlara çıxarılmış və ona mülk və mələkut aləmi göstərilmişdir. Bu zaman o, gəlib keçmiş müxtəlif peyğəmbərlərlə görüşmüş, cənnət və cəhənnəm səhnələrinin şahidi olmuş və ən yüksək statusa layiq görülmüş – Allahla birbaşa dialoqa girmişdir.

Merac hadisəsi hicrətdən 1 il əvvəl, təxminən 621-ci ildə Həzrəti Peyğəmbərin (s.ə.s.) əmisi Əbu Talib və yoldaşı Həzrəti Xədicənin vəfat etdiyi, müşriklərin təzyiqlərinin artdığı, Taif səfərində təcavüzə məruz qaldığı və müşriklərin təzyiqlərinə dözə bilməyən bəzi müsəlmanların Həbəşistana hicrət etmək məcburiyyətində qaldıqları bir zamanda baş vermişdir. Məhz belə bir vəziyyətdə uca Allah Peyğəmbərini merac ilə şərəfləndirmişdir.


Əziz müsəlmanlar!

Meracı məhdud dərketmə çərçivəmiz və məhdud imknlarımızla deyil, hər şeyi bilən uca Allahın qüdrətinin ölçüləriylə dəyərləndirib ona iman gözü ilə baxmalıyıq. Günümüzdə meracı başa düşmək, keçmişə nisbətən daha asandır. Çünki elm və texnologiya insan oğlunun imkanlarını genişləndirmiş və ağlagəlməz nailiyyətlər ortaya qoyulmuşdur. Bizim vəzifəmiz isra və meracın hikmətini anlamaq və bu hadisənin insanlıq üçün maddi və mənəvi yüksəliş sərhədlərini göstərən bir möcüzə olduğunu dərk etməkdir.

İslam alimlərinin böyük əksəriyyətinin fikrinə görə, beş vaxt namaz merac zamanı fərz qılınmışdır. Məhz buna görədir ki, namaz möminlərin meracıdır. Sidq ürəkdən namaz qılan mömin gündə beş dəfə öz Yaradanı ilə birbaşa dialoqa girmə imkanı əldə edir. Allahla mütəmadi dialoqda olan və bunun məsuliyyətini dərk edən şəxs isə heç vaxt Tanrıya qarşı çıxmaz, onun əmrlərinə itaət edərək doğru yolda olar. Uca Allah Quranda bu barədə belə buyurur: "Quranla sənə vəhy olunanı oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və pis əməllərdən çəkidirir" (Ənkəbut, 45).


Dəyərli möminlər!

Təəssüf kimi, bir çox başqa şeylər kimi namazın önəmini hələ də kifayət qədər dərk etməyən müsəlmanlar hələ də çoxdur. Bir çoxları namaz qılmamaqla yanaşı, buna müxtəlif yollarla don da geyindirməyə çalışırlar. Kimisi işlərinin çoxluğunu, kimisi sağlam olmadığını, kimisi də namaza hələ hazır olmadığını (!) bəhanə gətirir. Hətta bəzən elələri də olur ki, hələ cavan olduğunu, namaza qocalanda başlayacağını bildirir. Sanki qocalana qədər yaşayacağından əmindir!

Halbuki, Həzrəti Peyğəmbər (s.ə.s.) və səhabələrin namaza nə qədər önəm verdiklərini bilsək bu cür danışmarıq. Unutmayaq ki, ən ağır şərtlərdə belə, hətta döyüş şəraitində də namaz qılan və qıldaran Rəsulullah (s.ə.s.) namazı dinimizin dirəyi adlandırmışdır. Gəlin bu barədə düşünək və dinimizin dirəyinə diqqətlə yanaşaq.


Aqil HACIYEV (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.