Övladlarımız və təlim-tərbiyə

/ Cümə axşamı, 14 Avqust 2008 16:46
Övladlarımız və təlim-tərbiyə

Hörmətli müsəlmanlar!

İslam dini elm, irfan, hikmət və həqiqət dinidir. Hər hökmü insanın imkanlarına və sağlam məntiqə uyğun olan, dünya və axirət səadətini təmin edən bir dindir.

Təsadüfi deyildir ki, İslam dininin insanlığa ilk mesacı "Oxu" (Ələq, 1) əmri olmuşdur. Bu əmrin mənasının üzərində yaxşı-yaxşı düşünmək lazımdır. Çünki insan yalnız oxumaq və öyrənməklə həqiqəti tapa, səadətə qovuşa, vətəninə və millətinə faydalı ola bilər.

Adicə gündəlik məişət ehtiyaclarımızı təmin edərkən görürük ki, bunların əldə edilməsində elmin, biliyin və sənətin böyük bir rolu vardır. Müəyyən hədəfə çatmaq üçün yazmaq, oxumaq və təhsil almağın son dərəcə böyük əhəmiyyəti vardır.

Dinimiz istər kişi, istərsə də qadın olsun, hər müsəlmana oxuyub öyrənməyi fərz buyurmuşdur. Həzrəti Peyğəmbər (s.ə.s.) müxtəlif hədislərində elm öyrənəni, elm üçün səfərə çıxanı, insanlara elm öyrədəni vəsf etmişdir.


Əziz musəlmanlar!

Elmin, təhsilin insan həyatında bu qədər önəmli olduğunu nəzərə alaraq övladlarımızın yetişməsinə xüsusi diqqət ayırmalıyıq. Uşağa veriləcək ilk və ən yaxşı tərbiyə ailə ocağında başlayır, məktəbdə inkişaf edir və cəmiyyət içində daha da formalaşır. Yaxşı və ya pis vərdişlər, əsasən uşaqlıq və gənclik çağında əldə edilir. Uşaqların yetişdirilməsində, həyatdakı nailiyyətlərində, cəmiyyətə faydalı bir insan olmalarında əsas ünsürlər ailə, məktəb və ətraf mühitdir. Həzrəti Əli buyurmuşdur ki, uşaqlar ata-analarından daha çox zəmanələrinə oxşayırlar. Bu da uşağın formalaşmasında ətraf mühitin nə qədər böyük önəm kəsb etdiyini göstərir.

Uşaqlar vaxtlarının böyük bir hissəsini məktəbdə keçirdikləri üçün onların yaxşı və ya doğru tərəfə yönəlməsində məktəbdə aldıqları təlim-tərbiyə önəmli rol oynayır. Məktəbin üzərinə düşən vəzifə – ailənin uşağa verdiyi gözəl tərbiyəni təkmilləşdirmək, əgər varsa pis vərdişlərdən çəkindirmək və ona daha dolğun bir şəxsiyyət aşılamaqdır. İnsan ruh və bədəndən ibarət olduğu üçün uşağı yalnız maddi və ya yalnız mənəvi yöndən yetişdirmək, ona əlli faiz biganə qalmaq deməkdir.

Uşağın yetişdirilməsində ən doğru metod onun hər iki yönünü diqqətə almaqdır. Uşağa təlim-tərbiyə verərkən onun din və əxlaq tərbiyəsi də yaddan çıxarılmamalıdır. Maddi və mənəvi yönü ilə yetişdirilməmiş olan bir uşağın, özü, ailəsi və bərabər yaşadığı cəmiyyət üçün çox da faydalı olmayacağı aydındır. Çünki mənəvi tərbiyədən məhrum olan bir insan maddiyyatın, qürurun və eqoizm duyğusunun içində qalır və yalnız özünü düşünür.


Hörmətli müsəlmanlar!

Ata və ananın uşaqları ilə maraqlanması, onları sevməsi və dinləməsi, onlarla dialoqa girməsi və onları anlamağa çalışması, uşaqların yaxşı yetişməsi baxımından çox önəmlidir. Bir ayədə " (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, Öz tərəfimdən sənə bir sevgi yaratdım" (Taha, 39) buyurularaq övlad sevgisinin Allah vergisi olduğuna diqqət çəkilmişdir.

Elə isə, uşaqlarımızı sevək və sevgi dolu bir şəraitdə yetişmələri üçün lazım olan səyi göstərək. Çünki Rəsulullah belə buyurmuşdur: "Uşaqlarınızla yaxşı rətar edin. Onlara gözəl tərbiyə verin" (İbn Macə, Ədəb, 3).


Aqil Hacıyev (Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.)

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.