İmam Zeynül-Abidindən (ə) 20 hədis

/ Bazar, 24 İyun 2012 12:01
İmam Zeynül-Abidindən (ə) 20 hədis
Şəban ayının 5-i İmam Zeynul-abidinin doğum günüdür. Bu münasibətlə o Həzrətdən 20 seçilmiş hədisi sizin diqqətinizə təqdim edirik.

“Bəyənmədiyin (xoşlamadığın) qəzavü-qədərə razı olmaq yəqinin ən yüksək mərtəbəsidir”.

 

 

O həzrətdən soruşdular: “Insanların ən qiymətlisi hansıdır?”. Cavab verdi: “O adam ki, özü üçün dünyanı qiymətsiz (heç) hesab etsin”.

O həzrətin yanında bir nəfər belə dua etdi: “Ilahi, məni öz yaratdıqlarından ehtiyacsız et!”. Həzrət buyurdu: “Bu doğru söz deyil. Insanların hamısı bir-birinə bağlıdır. Sən de ki, ilahi, məni öz yaratdıqlarının pislərindən ehtiyacsız et”.

“Kim Allahın qismətinə razıdırsa, deməli, ən ehtiyacsız adamdır”.

“Təqva ilə yerinə yetirilmiş əməli az sayma! Allahın qəbul etdiyi əməli necə az saymaq olar?”.

“Həm ciddiliklə, həm də zarafatla söylənən həm kiçik, həm də böyük yalandan çəkinin. Çünki insan kiçik yalan danışsa, böyük yalan uydurmağa da cürət edər”.

“Allahın sənə bu yardımı yetər ki, düşmənin sənə qarşı Allahın günah saydığı əməllərə bulaşdığını görəsən”.

“Xeyir bütünlükdə insanın özünü qorumasından ibarətdir” (Çox güman ki, burada insanın özünü günahlardan qoruması nəzərdə tutulur).

O həzrətdən soruşdular: “Zöhd nədir?”. Cavab verdi: “Zöhd on hissədən ibarətdir. Zöhdün ən yüksək dərəcəsi vərə’nin ən aşağı məqamıdır. Vərə’nin ən yüksək mərtəbəsi yəqinin ən alçaq məqamıdır. Yəqinin ən yüksək dərəcəsi isə rizanın (razılığın) ən aşağı mərtəbəsidir. Zöhd Quranın bu ayəsindədir: “Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə sevinib qürrələnməməyiniz üçündür” (Hədid, 23).

“Insanlardan öz ehtiyacını istəmək həyatda insana zillət gətirər, həyanı aradan aparar, vüqarı azaldar. Bu, elə kasıblıq deməkdir. Amma insanlardan öz istəyini azaltmaq varlılıq deməkdir”.

“Allah yanında ən sevimliniz ən gözəl əməl sahibi olanınızdır. Allah qatında ən uca məqama malik olanınız Allahın hüzurundakılara (yəni yaxşı əməllərə, savablara) ən çox meyl edəninizdir. Allahın əzabından ən gözəl aman tapanınız Allahdan ən çox qorxanınızdır. Allaha ən yaxınınız ən gözəl əxlaqlınızdır. Sizlərdən Allahın ən çox bəyəndiyi kimsə öz ailəsinə münasibətdə ən səxavətli olandır. Allah yanında ən hörmətliniz isə Allaha münasibətdə ən təqvalı olanınızdır”.

O həzrət öz övladlarına tövsiyə edirdi: “Beş cür adamla yoldaşlıq etmə, çox danışma və həmsəfər olma. Yalançı ilə dostluq etmə. O, sərab (miraj) kimidir; yaxını uzaq, uzağı yaxın göstərər. Fasiq (günahkar) adamla yaxınlıq etmə. O, səni bir loxmaya, hətta bundan da az qiymətə satar. Simic adamla dostluq etmə. Hədsiz ehtiyaclı olduğun halda, öz malını səndən əsirgəyər. Ağılsız (nadan) adamla da yoldaşlıq etmə. Sənə yaxşılıq etmək istəyər, amma ziyan yetirər. Qohumlarla əlaqəni kəsən adamla da yaxınlıq etmə. Mən Allahın Kitabında (Quranda) görmüşəm ki, belə adam lənətə layiqdir”.

“Müsəlmanın mərifəti və dininin kamilliyi bu xasiyyətlərdədir: faydası olmayan sözü danışmaqdan çəkinmək, az mübahisə etmək, helm, səbr və gözəl əxlaq nümayiş etdirmək”.

“Qüreyş qəbiləsindən olanın və ya ərəbin təvazödən başqa üstünlüyü yoxdur. Təqvasız kərəm (hörmət, böyüklük) yoxdur. Niyyətsiz əməl yoxdur. Araşdırmasız ibadət yoxdur. Allahın qəzəbinə ən çox layiq olan şəxs özünü imamın (rəhbərin) ardıcılı sayan, amma onun əməllərinə uymayan (tabe olmayan) adamdır”.

“Münafiq başqalarını bir işdən çəkindirər, amma özü həmin işdən çəkinməz. Başqalarını bir işə çağırar, amma özü həmin işi etməz. Namaza duranda yan-dövrəyə dönər, rükuya gedəndə dizlərini qatlayar (rükunu kamil şəkildə yerinə yetirməz), dimdiyini yerə vuran qarğa kimi səcdəyə düşər. Oruc tutmadan şam edər və fikri ancaq şam yeməyi olar. Gecə oyaq qalmadan sabaha çıxar və fikri ancaq yatmaq olar. Möminin isə əməlləri helmlə (mülayimliklə) qarışar. Öyrənmək (elm əldə etmək) üçün oturar, salamat qalmaq üçün susar. Yanındakı əmanət (yəni sirr) haqqında heç dostlarına da danışmaz. Uzaq adamların haqqında belə, şahidliyi gizlətməz. Düz hərəkəti edəndə riya niyyəti güdməz, amma həyasını qoruduğu üçün o hərəkətdən vaz keçməz. Onu “pak adamdır” deyə tərifləyəndə qorxar (ki, məbada bu tərifə layiq olmaz). Bilmədiyi şeylər barədə Allahdan bağışlanmaq diləyər. Onu tanımayanların cahilliyi ona ziyan yetirməz”.

“Üç xüsusiyyət möminə (Allahın qəzəbindən) nicat verər: Camaatın haqqında pis danışmamaq və qeybət etməmək, axirətdə və dünyada ona fayda gətirəcək işlərlə məşğul olmaq, öz günahlarından ötrü çox ağlamaq”.

“Bir möminin məhəbbətlə öz mömin qardaşının üzünə baxması ondan ötrü ibadət sayılar”.

“Allah qatında heç bir əməl Onu tanımaqdan sonra, bəndənin öz mədəsini və cinsiyyət üzvünü günahdan qoruması qədər sevimli ola bilməz. Allah qatında heç bir əməl bəndənin Ondan istək diləməsi (dua etməsi) qədər sevimli ola bilməz”.

Oğlu Mühəmmədə (yəni Imam Mühəmməd Baqirə (ə)) buyurmuşdu: “Səndən yaxşılıq (yəni yardım) istəyən adama yaxşılıq et. Əgər buna layiqdirsə, demək, yaxşılığın öz yerini tapıb. Əgər o buna layiq deyilsə, bil ki, sən buna (yaxşılıq etməyə) layiqsən. Əgər bir nəfər sənin sağ tərəfində durub səni söysə, sonra sol tərəfinə keçib üzr istəsə, üzrünü qəbul et”.

“Nə çoxdur elə adamlar ki, onun haqqında yaxşı sözlər danışılanda (yaltaqlıq ediləndə) aldanır, onun eyiblərini gizlədəndə qürrələnir, ona yaxşılıq olunanda anlamır”.

(Hədislər “Tühəfül-üqul” kitabındandır).

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.