Hikmətli sözlər (116-cı hissə)

/ Şənbə, 14 İyul 2012 14:05
Hikmətli sözlər (116-cı hissə)
Ədaləti ilə tanınan xəlifə Ömər ibn Əbdüləziz (o, yeganə ədalətli əməvi xəlifəsi sayılır) eşidir ki, qoşun sərkərdəsi Məsləmə ibn Əbdülməlik yemək süfrəsinə həddən artıq vəsait xərcləyir.

 

Hətta onun bir günlük yemək xərci min dirhəmdən artıq imiş. Xəlifə sərkərdəni tənbeh etmək üçün gözəl bir üsul fikirləşir. Onu saraya yemək süfrəsinə dəvət edir. Amma əvvəlcə aşpaza tapşırır ki, o zamanın mətbəx qaydalarının əksinə olaraq, süfrəyə əvvəlcə mərcimək, soğan və zeytundan bişirilmiş sadə plov versin, bütün başqa ləziz yeməkləri sonraya saxlasın.

Təyin edilmiş vaxtda Məsləmə saraya gəlir. Xəlifə öz sərkərdəsi ilə söhbətə başlayır, müharibələrin gedişi ilə maraqlanır. Xeyli müddət keçəndən sonra nəhayət, xəlifənin tapşırığı ilə süfrəyə plov gətirirlər. Yeməyin vaxtı gecikdiyi üçün Məsləmə çox acmışdı. Ona görə də başqa xörəkləri gözləmədən plovu yeməyə başlayır. Məsləmə yeyib-doyandan sonra xəlifə o biri xörəkləri gətirməyi əmr edir. Amma sərkərdənin bunları yeməyə iştahası qalmamışdı. Ona görə də daha süfrəyə əl uzatmır.Ömər ibn Əbdüləziz ondan niyə yemədiyini soruşanda Məsləmə cavab verir: “Plovu yeyib doymuşam”. Xəlifə bu cavabı eşidəndə söyləyir: “Əgər bir dirhəmə başa gələn plovla doymaq mümkündürsə, niyə hər gün yeməyə min dirhəm xərcləyirsən? Allahdan qorx, israf etmə! Pulunu ehtiyacı olanlara xərclə, bu yolla Allahın razılığını qazanarsan”.

 

 

 

 

Bir gün Abbasi xəlifəsi Mənsur zəmanənin arif və zahid şəxslərindən olan Əmr ibn Übeydə dedi: “Mənə nəsihət ver”. Əmr soruşdu: “Eşitdiklərimdən olsun, yoxsa gördüklərimdən?”. Xəlifə söylədi: “Gördüklərindən olsun”. Əmr dedi: “Ömər ibn Əbdüləziz (səkkizinci Əməvi xəlifəsi) vəfat edəndə 11 oğlu vardı. Bütün mirası isə cəmi 17 dinardan ibarət idi. Beş dinar kəfəninə, iki dinar da qəbrinə sərf etdilər, hər oğluna bir dinardan da az miras qaldı. Hişam ibn Əbdülməlik (onuncu Əməvi xəlifəsi) də vəfat edəndə 10 oğlu vardı. Amma bunların hərəsinə bir milyon dinar miras qoymuşdu. Bu iki xəlifənin ölümündən qısa bir müddət sonra övladlarının vəziyyətini gördüm. Ömər ibn Əbdüləzizin oğullarından biri hər gün Allah yolunda yüz baş at ehsan edirdi. Hişam ibn Əbdülməlikin oğullarından biri isə hər gün küçədə əl açıb dilənirdi”.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.