Hikmətli sözlər (135-ci hissə)

/ Şənbə, 29 Sentyabr 2012 15:45
Hikmətli sözlər (135-ci hissə)
YUMURTADAKI MÖCÜZƏ

 

Imam Cəfər Sadiqin (ə) zamanında Abdullah Deysani adlı dəhri əqidəli bir adam yaşayırdı. Islamın ilk əsrlərində ateist düşüncəli şəxslərə dəhri deyirdilər. Dəhrilər hər şeyin yaradıcısız, özbaşına vücuda gəldiyini söyləyir, Allahın varlığını inkar edirdilər.

Bir gün Deysani Imam Sadiqin (ə) yanına gəlib söylədi: “Tanrının varlığını mənim üçün sübut et”. Imam ondan soruşdu: “Adın nədir?”. Deysani heç nə demədən durub otaqdan çıxdı. Yoldaşları soruşdular ki, niyə Cəfər Sadiqin (ə) sualına cavab vermədən otağı tərk etdin? Cavab verdi: “O öz sualı ilə mənim səhvimi üzümə vurdu. Əgər adımı desəydim, mənə söyləyəcəkdi ki, bəndəsi olduğun Allahı tanımırsanmı?” (Ərəb dilində Abdullah – Allahın bəndəsi deməkdir).

Yoldaşları dedilər: “Geri dön və mübahisəni davam etdir. Amma Cəfər Sadiqdən (ə) xahiş et ki, sənin adını soruşmasın, başqa bir sübut gətirsin”. Deysani Imamın yanına qayıtdı və xahişini bildirdi: “Allahın varlığını mənə elə sübut et ki, adımın mənası ilə əlaqəsi olmasın”.

Imam Cəfər Sadiq (ə) ona oturmaq işarəsi verdi. Bu zaman balaca bir uşaq otağa girdi. (Bu, Imam Sadiqin (ə) oğullarından biri, bəlkə də gələcək Imam Musa Kazim (ə) idi). Uşaq əlində tutduğu toyuq yumurtası ilə oynayırdı. Imam uşağa buyurdu ki, yumurtanı ona versin. Uşaq yumurtanı gətirib Həzrət Sadiqə (ə) verdi. Imam üzünü Deysaniyə tutdu, yumurtanı ona göstərib buyurdu: “Bu, qalın bir qabıqla əhatə olunmuş qalaya bənzəyir. Qalın qabığın altında nazik qabıq yerləşir. Onun da altında duru sarı kütlə və duru ağ kütlə var. Nə sarı kütlə ağa qarışır, nə də ağ sarıya. Heç kim onun içindən xəbərdar deyil, bilmir ki, içindəki rüşeym erkəkdir ya dişi. Vaxtı çatanda qabıq çatlayır, içindən müxtəlif cür quşlar, hətta rəngarəng lələkləri olan yaraşıqlı tovuzquşu çıxır. Bununla belə, yenə onun yaradıcısı olmadığını söyləyirsən?”.

Deysani bir müddət başını aşağı salıb susdu. Sonra kəlmeyi-şəhadəti dilinə gətirib müsəlman oldu, dedi: “Şəhadət verirəm ki, sən insanların rəhbəri və Allahın onlara hüccətisən (sübutusan). Mən əvvəlki əqidəmdən tövbə edirəm”.

 

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.