Hikmətli sözlər (139-cu hissə)

/ Cümə, 05 Oktyabr 2012 15:51
Hikmətli sözlər (139-cu hissə)
Bir gün Həzrət Musa Peyğəmbər (ə) Allaha dua edib yalvardı ki, dünyada baş verən bəzi hadisələrin sirrini açıb Ona göstərsin. Allahdan vəhy gəldi: “Bu sirləri seyr etməyə dözüm lazımdır. Sənin üçün bu çətin olar”.  Musa (ə) xahişində israr etdi. Allah Ona vəhy etdi ki, çay kənarına gedib otların arasında gizlənsin və gözləsin.

Həzrət Musa (ə) elə də etdi. Bir azdan bir süvari çayın sahilinə gəldi. Üst paltarını soyunub çaya girdi. Çimib sərinlənəndən sonra sudan çıxdı, geyinib atına mindi və çapıb getdi. Amma pul qabı yadından çıxıb sahildə qaldı. Bir azdan ora bir uşaq gəldi. Yerdəki pul qabını tapıb götürdü, çıxıb getdi. Daha bir müddət keçdikdən sonra əsasına dayaqlanan bir kor sahilə yaxınlaşdı, çayın kənarında oturub ayaqlarını suya salladı. Bu zaman bayaqkı süvari yolda pul kisəsinin itdiyini görüb geri qayıtdı. Sahildə oturmuş kordan soruşdu ki, buralarda rastına pul kisəsi çıxmayıb? Kor ona acı cavab verdi: “Sənin ki gözlərin var. Görmürsənmi mən koram? Gözlərim olmaya-olmaya pul kisəsini necə görə bilərəm ki?”. Süvari ilə korun arasında mübahisə düşdü. Süvari qılıncını sıyırıb kor kişini öldürdü, sonra atına minib oradan uzaqlaşdı.
Həzrət Musa Peyğəmbər (ə) gördüklərindən heyrətə düşmüşdü. Allaha müraciət edib soruşdu: “Ilahi, bu kor kişinin günahı nə idi ki, süvari onu qətlə yetirdi? Halbuki, onun pul kisəsindən həqiqətən xəbəri yox idi. Əsil günahkar o uşaq idi, amma cəzasız qaldı. Budurmu ədalətin təntənəsi?”. Allahdan vəhy gəldi: “Ya Musa! Mən bildiyimi sən bilməzsən. O uşağın atası vaxtilə süvariyə nökərlik etmişdi. Amma süvari həmişə onu incidib muzdunu kəsirdi. Nökər vəfat etsə də, haqqı həmin süvaridə qalmışdı. Onun oğlu süvarinin pul kisəsini götürdü, bununla da atasının varisi kimi öz halal haqqını süvaridən almış oldu. Gördüyün kor kişi isə cavanlığında sağlam idi, gözləri də görürdü. O, həmin süvarinin atasını nahaq yerə qətlə yetirmişdi. Bu gün süvari atasının qisasını ondan aldı”. Həzrət Musa (ə) Allahın hikmət və ədalətinə şükr etdi.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.