Peyğəmbər tibbinin hikməti

/ Çərşənbə, 12 İyun 2013 18:21
Peyğəmbər tibbinin hikməti
Bütün canlılar kimi insanın da xəstələnmə potensialına sahib olması fitrətindən irəli gəlir. Allah-təala insanı ölümlü xəlq etməklə yanaşı onun xəstələnməsini də mümkün etmişdir ki, bunda müəyyən bir hikmət vardır. O halda ümumbəşəri və universal dəyərlərin carçısı olan, insanın həm bu dünyada, həm də axirətdə xoşbəxt olması üçün əsas həyat meyarlarını əhatə edən İslamın məsələyə münasibəti necədir? Söz yox ki, insanın öz bədən üzvləri qarşısında belə cavabdeh olduğunu təlqin edən İslam dininə görə xəstəlik və bənzər “problemlər” hər şeydən əvvəl, eynilə sağlamlıq və  sevinc anları kimi bir imtahan vəsiləsidir. Bu imtahan insanı ya Allaha itaətsizliyə və üsyana aparıb çıxarar, ya da mənəvi baxımdan kamilləşməsinə şərait yaradaraq əbədi səadətə qovuşmasını təmin edər. Bu baxımdan bizim “bədbəxtlik” hesab etdiyimiz qrip kimi bəzi xəstəliklər bədənin sağlamlığı baxımından böyük əhəmiyyət kəsb edir ki, bu müasir tibb tərəfindən də təsdiq olunmuşdur.

Digər tərəfdən xəstələnən bir müsəlmanın öz xəstəliyi qarşısında aciz və passiv davranması İslami nöqteyi-nəzərlə düzgün deyil. Bunun ən gözəl dəlili isə yenə də İslam peyğəmbərinin nümunəvi həyatıdır. Məsələn, Hilal ibn Yisaf Zəkvandan belə nəql edir: Allah Peyğəmbəri (s) yaralanmış bir adamı ziyarət etdi və “filankəslərin həkimini çağırın” dedi. Çağırdılar və həkim gəldi. Oradakılar, “Ey Allahın elçisi, həkimin nə faydası olacaq ki?” dedilər. Hz. Peyğəmbər belə buyurdu: “Sübhənallah! Allah yer üzünə dərmanını yaratmadığı bir xəstəlik endirərmi?” (Əhməd ibn Hənbəl, Müsnəd, 5/371) Eyni şəkildə Hz. Peyğəmbərin (s) təmizliyin əhəmiyyətini vurğuladığı və mütəmadi olaraq dişlərin misvak ilə təmizlənməsini tövsiyyə etdiyi məlumdur. O, xəstəliklərin yayılmasının qarşısını almaq üçün vəba kimi keçici xəstəliklərə məruz qalanların olduqları yeri tərk etməmələrini, başqalarının da onların yanına getməmələrini tövsiyə etmişdir (Buxari, Tibb, 30). Bundan başqa yemək-içmək qablarının ağzı açıq saxlanmamasını istəmiş, durğun sularda zəruri ehtiyacların ödənilməməsini əmr etmişdir.

Bu misalların sayını artıra bilərik. Allahın elçisi insan həyatının ən mühüm mövzularından biri olan maddi sağlamlığa xüsusi diqqət yetirmiş, həm özünün, həm də səhabələrinin sağlamlığı ilə yaxından maraqlanaraq dövrünün bütün müalicə vasitələrindən və lazımi dərmanlardan istifadə etmişdir. Onun insanın maddi sağlamlığına verdiyi bu əhəmiyyət hədis kitablarındakı “tibb” və “xəstəlik” bölümlərində yer verilən tövsiyələrindən də açıq-aşkar məlum olur. Hz. Peyğəmbər (s) yaşadığı cəmiyyətdə müxtəlif xəstəliklərin müalicəsində tətbiq edilən tibbi təcrübələrdən faydalanmış, lazım gəldiyində bunların öz üzərində tətbiq edilməsindən çəkinməmişdir. Məsələn, qan aldırarkən yanına gələn bir bədəvi ilk dəfə şahid olduğu bu hadisədən qorxmuş, üstəlik Hz. Peyğəmbərin (s) qan alana məvacib verdiyini görüb öz təəccübünü “Dərini kəsən bu adama pul niyə verirsən?” ifadəsilə bildirmişdir. Allahın elçisi isə bunun ən yaxşı müalicə metodlarından biri olduğunu bədəviyə izah etmişdir (İbn Səd, Təbəqat, 1/444).

Bütün bunlardan aydın olur ki, xəstəlik və onun müalicəsi mövzusunda Allahın elçisinin mövqeyi və davranışı tamamilə Qurana istinad etməklə yanaşı ağıl və təcrübəyə də uyğun olmuşdur. Yəni Hz. Peyğəmbər (s) özünün və səhabələrinin düçar olduğu xəstəliklər qarşısında əlibağlı oturmamış, passiv səbr və təvəkkül prinsipi ilə hərəkət etməmişdir. Əslində biz müsəlmanların nümunə götürməsi lazım olan nüans, əsas meyar da budur. Daha açıq desək Hz. Peyğəmbərin (s) sünnəsi o dövrdəki müalicə üsullarını olduğu kimi təkrar etmək deyil,  onun xəstəlik qarşısında təzahür etdirdiyi əzmkarlığı və aktiv davranışıdır. Məşhur İslam alimlərindən İbn Xəldunun da dediyi kimi Hz. Məhəmməd (s) bizə tibbi öyrətmək üçün yox, dini öyrətmək üçün göndərilmişdi. O dinin içərisində insanların maddi-mənəvi həyatlarına faydalı olan hər cür universal prinsip mövcuddur ki, bunlardan biri də peyğəmbərin xəstəliklərin müalicəsi ilə bağlı tövsiyyələrinin daşıdığı ilahi hikmətdən ibarətdir.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.