Abdullah ibn Mübarək eşitdiklərinin qarşısında heyrətə qapılaraq bir karvana qoşulub Şama gedir. Çəkməcini tapır və “Sən həccə getmədiyin halda hansı əməli etdin” deyə soruşur. Əli ibn Müvəffəq böyük sufini qarşısında gördüyü an həyəcandan huşunu itirir. Özünə gəldikdən sonra da bunları nəql edir: “Otuz il həccə getməyi arzuladım və bu müddət ərzində 300 dirhəm pul yığdım. Həcc səfərinə çıxmağa hazırlaşdığım gün hamilə olan yoldaşım “Qonşudan ət qoxusu gəlir? mənim üçün biraz istəyə bilərsənmi?” dedi. Qonşumun evinə gedib vəziyyəti izah etdim. Ağlayaraq belə dedi: “Yeddi gündür ki, uşaqlarım acdır. Yolda ölü bir heyvan gördüm və ondan bir parça kəsdim. İndi də onu qaynadıb uşaqların başını qatıram. Halal bir nemət tapmasam məcburən uşaqlara onu yedirdəcəm. İstəyirsənsə verim, ancaq acından ölmə həddinə gələn uşaqlarımdan fərqli olaraq bu sizə haramdır.” Bunu eşitdiyimdə böyük çətinliklə yığdığım 300 dirhəmi ona verdim və “Rəbbim, həcc niyyətimi qəbul et!” dedim.”