Ölümqabağı zarafat edən şəhidlər və Kərbəla savaşında mübahilə

/ Cümə, 11 Oktyabr 2019 16:32
Ölümqabağı zarafat edən şəhidlər və Kərbəla savaşında mübahilə

Ölümqabağı zarafat edən şəhidlər

Əbdürrəhman ibn Əbdi-rəbbih Ənsari Həzrət Mühəmməd Peyğəmbərin (s) səhabələrindən idi. Həzrət Əli (ə) xəlifə seçildikdən sonra Kufə yaxınlığındakı Rəhbə adlı məntəqədə səhabələr qarşısında çıxış edərək onlara and vermişdi ki, Qədir-Xüm hədisini Peyğəmbərdən eşidiblərsə, şəhadət versinlər. Səhabələrdən bir neçəsi (rəvayətlərdə onların sayının 30 nəfərə çatdığı yazılır) ayağa qalxıb Peyğəmbərin dilindən: “Mən hər kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” – hədisini eşitdiklərini təsdiq etdilər. Əbdürrəhman da bunlardan idi. Rəvayətə görə, o, Quran oxumağı Həzrət Əlidən (ə) öyrənmişdi.

Əbdürrəhman Müslimin qiyamı zamanı Kufədə camaatdan beyət toplayırdı. O, Məkkədə İmam Hüseynə (ə) qoşulmuş, Onunla birlikdə Kərbəlaya gəlmişdi.

Aşura gecəsi İmam Hüseyn (ə) çadırların birində yuyundu, bədəninə nurə çəkib təmizləndi. Bu zaman səhabələrdən ikisi – Əbdürrəhmanla Büreyr çadırın girişində durub keşik çəkirdilər. Büreyr həmin vaxt Əbdürrəhmanla zarafat etməyə başladı. Zəhmli xasiyyətə malik Əbdürrəhman etiraz edib Büreyrə söylədi ki, zarafatın yeri deyil. Büreyr isə ona belə cavab verdi: “Ey Əbdürrəhman, məni tanıyanlar bilirlər ki, mən nə cavanlıqda, nə də indi (ahıl vaxımda) şit zarafat etməyi xoşlamamışam. Amma bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki bir azdan sonra şəhid olub Allahın mükafatlarını qazanacağıq. Buna görə səninlə zarafat etməyi özümə rəva bildim”.

Savaş meydanında mübahilə

Yuxarıdakı əhvalatda adı çəkilən Büreyr ibn Xüzeyr Həmdani vaxtilə İmam Əlinin (ə) tərəfdarlarından olmuşdu, abid, zahid, Quran bilicisi kimi tanınırdı. Kufə məscidində Quran qiraətindən dərs deyirdi. Ona “Seyyidül-qüra” (Quran oxuyanların başçısı) deyirdilər. Büreyr Kufədən Məkkəyə gəlib, İmama qoşulmuş və onu Kərbəlaya kimi müşayiət etmişdi.

Aşura günündə Büreyr döyüş meydanına girib rəqib çağırdı. Qarşı tərəfdən Yezid ibn Məqil adlı döyüşçü irəli gəlib, savaşa hazır olduğunu bildirdi. Hər iki tərəf özünün haqq olduğunu söyləyib digərini inandırmağa çalışsa da, faydası olmadı. Nəhayət, Büreyr çıxış yolu kimi mübahiləni təklif etdi. Mübahilədə hər iki tərəf Allaha dua edib, qarşı tərəfi qarğışlayır. Tezliklə Allah batil olan tərəfə bəla göndərib, haqqı üzə çıxarır. Həzrət Mühəmməd Peyğəmbərin (s) Nəcran xristianları ilə mübahilə etməsi və bu münasibətlə Ali-İmran surəsinin 61-ci ayəsinin nazil olması məlum və məşhur hadisədir. Büreyrlə Yezid ibn Məqil mübahilə etdilər ki, onların təkbətək döyüşündə haqlı olan qalib gəlsin. Sonra bu iki nəfərin çarpışması başladı. Qısa müddət ərzində Büreyr öz rəqibini cəhənnəmə göndərib, haqq yolda olduğunu sübuta yetirdi. Ömər ibn Sədin ordusundan bir neçə nəfər Büreyrin üstünə şığıdı. Büreyr onlardan birini yerə yıxıb, sinəsinə çökdü, onu öldürmək istəyəndə kənardan atılmış bir nizə kürəyinə saplandı. Bu ahıl yaşlı alim və abid insanı xainliklə qətlə yetirdilər.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.