Suriyada vəziyyət dəyişir: Türkiyə-Rusiya münasibətləri korlana bilər

/ Bazar ertəsi, 17 Fevral 2020 16:07
Suriyada vəziyyət dəyişir: Türkiyə-Rusiya münasibətləri korlana bilər

Rusiyanın havadan raket zərbələri ilə dəstəklədiyi Suriya hökumət qüvvələri fevralın 16-da ölkənin Hələb vilayətində xeyli irəli gediblər, üsyançıların əlində olan regionun böyük hissəsini tutublar. Bəşər Əsədin devrilməsini istəyən üsyançıları dəstəkləyən Türkiyə isə Rusiyanı İdlib regionunda hücumları dayandırmağa çağırıb, xəbərdarlıq edib ki, Suriya qüvvələri ayın sonunadək geri çəkilməsələr, onları çıxarmaqdan ötrü hərbi gücə əl atacaq.

“Fevralın 16-a axşama yaxın rejim qüvvələri 2012-ci ildən bəri ilk dəfə olaraq Hələb ətrafındakı kənd və kiçik şəhərlərin hamısına nəzarəti ələ alıblar”, – Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirib.

Bazar günü Hələbin bombalaması nəticəsində müxalif döyüşçülər Anadan və Haritan daxil olmaqla ərazini tərk ediblər. “Onlar bir günə ələ keçirdiyi ərazidə səkkiz il ərzində bircə kənd də ala bilməmişdilər”, – Britaniyada mənzillənən təşkilatın direktoru Rami Abdulrahman deyib.

İslam.az “virtualaz”-a istinadən yazır ki, Suriya hökumətinin bu şəkildə irəliləməsi Ankara ilə Moskva arasında onsuz da kövrək əməkdaşlığı daha da mürəkkəbləşdirir. İki həftə ərzində rejim qüvvələrinin İdlibi bombalaması nəticəsində 13 türkiyəli əsgər həlak olub. Bundan qəzəblənən Ankara Rusiyanı hücumları dayandırmağa çağırıb.

“Bu, Suriya rejiminin sürətlə irəliləməsidir. Fraksiyalar ərazinin böyük hissəsini tərk ediblər”, – Abdulrahman vurğulayıb. Təşkilat Suriya qüvvələrinin 13 şəhər və kəndi tutduğunu vurğulayır.

Bu hücumdan qabaq isə Əsəd qüvvələri üsyançıları Hələb və Dəməşqi birləşdirən M5 magistral yolundan çıxarıb. Bununla da Suriyanın iki böyük şəhəri arasında ən sürətli yol illərdən sonra yenidən açılıb. Bu, Əsəd rejimi üçün böyük strateji uğur sayılır.

Türkiyənin dəstəklədiyi üsyançılar isə hökumət qüvvələrinin ələ keçirdiyi əraziləri geri qaytarmaqdan ötrü İdlibdə əməliyyata başlayıblar. Türkiyənin “Anadolu” xəbər agentliyi bazar günü bildirib ki, hərbçilər, tanklar, hərbi maşın və avadanlıqdan ibarət 100 maşınlıq karvan İdlibə göndərilib.

Türkiyə indiyədək İdlibdəki müşahidə postlarının gücləndirilməsinə minlərlə əsgər və yüzlərlə hərbi avadanlıq karvanı yollayıb. Regiondan gələn fotolarda evlərin çoxundan Türkiyə bayraqları asılıb, sakinlər hərbi karvan keçdikcə Türkiyə və Ərdoğan lehinə şüarlar səsləndirirlər.

Ərazidəki əsas üsyançı və cihadçı qrup olan “Hayat Tahrir al-Şam”-a bağlı intiharçı Hələbdəki Kafr şəhərində Rusiyanın mövqelərinə hücum edib. Məlumatı qrupa bağlı “Ibaa” xəbər agentliyi yayıb.

Vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir vaxtda ABŞ Türkiyəyə dəstək vəd edir. Hansı ki, bundan əvvəl Türkiyə Suriyanın şimalında kürd qüvvələrinə qarşı hücuma başlayanda ABŞ-ın kəskin reaksiyası ilə qarşılaşmışdı, Vaşinqtonla Ankara arasında münasibətlər olduqca gərgin hala gəlmişdi.

İndi isə ABŞ Prezidenti Donald Tramp fevralın 16-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdogan ilə telefon söhbətində Suriyanın İdlib vilayətindəki zorakılıqdan narahatlığını dilə gətirib, – Ağ evin mətbuat katibi Judd Deere belə deyib.

Tramp Rusiyanı Suriya rejiminin “vəhşilikləri”nə dəstəyini dayandırmağa çağırıb, Birləşmiş Ştatların Suriya diktatoru Bəşər Əsədə “Rusiyanın dəstəyini kəsməsini” görmək istədiyini söyləyib. O, “Suriya münaqişəsinin siyasi həllinə” çağırıb.

Bu telefon söhbətindən bir gün sonra – fevralın 17-də münaqişədə fərqli tərəfləri dəstəkləyən Ankarayla Moskva danışıqların yeni raundunu başladır. Türkiyənin Xarici işlər naziri Mevlut Çavusoglu bazar günü deyib ki, şənbə günü rusiyalı həmkarı ilə danışıb, ona bildirib ki, İdlibə təcavüz dayandırılmalıdır və davamlı sülhə indi nail olmaq olar.

Münhen Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlama verən Cavusoglu əlavə edib ki, türkiyəli və rusiyalı rəsmilər məsələni Moskvada müzakirə edəcəklər.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.