Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 29 yeni yoluxma faktı

/ Cümə axşamı, 26 Mart 2020 15:21
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 29 yeni yoluxma faktı

Azərbaycan Respublikasında 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. 

2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub, müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş beş nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan beş nəfərin vəziyyəti ağır, doqquz nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb.

Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlanıb.

Please publish modules in offcanvas position.