Əgər faşizm qalib gəlsəydi.. Və ya, "Gertruda" haqda

/ Şənbə, 09 May 2020 14:39
Əgər faşizm qalib gəlsəydi.. Və ya, "Gertruda" haqda

Bu gün Rusiyanın Almaniya üzərində və ya anqlo-saksonların İtaliya üzərində qələbəsi günü deyil. Bu gün bəşəriyyətin faşizm üzərində qələbəsinin ildönümüdü.

Bu savaş təkcə "rusun" savaşı deyildi, fransızın, norveçin, danimarkalının, hollandın, belçikalının, britaniyalının və onlarla başqa xalqların faşizmə, alçaq həyat qismətinə qarşı savaşı idi.

O faşizm ki, 50 milyondan artıq insanın ölümünə, on milyonlarla insanların uzun illər sağalmayan faciəsinə səbəb oldular.

Almanlar böyük xalqdır, Hitler də güclü şəxsiyyətdir ki, Şimali Afrikadan şimal qütbünə, Britaniya adalarından Yaxın Şərqə qədər böyük ərazilərdə onlarla dövlətə qarşı uğurlu müharibə apararaq imperiya qurmuşdular və az qala qalib də olacaqdılar.

Amma əmin olun ki, onlar qalib gəlsəydi ən yaxşı halda alman "xozeyin" üçün S klass mersedes sürən "şofer" olacaqdız. "Müstəqil Azərbaycan", "bolşevizmdən xilas", "Hitler türkləri sevir, ermənilərə nifrət edir" boş söhbətlərdi.

Almanların qalib gəlməməsinə heyfslənənlər üçünsə "İşğal olunmuş şərq torpaqları nazirliyinin" arxivində aşkar olunan "Gertruda" kod adlı planını təqdim etmək istəyirəm.

Plana görə Türkiyənin parçalanması, yerində Bizansın bərpa olunması, Türkiyənin şərq əraziləri və Azərbaycan torpaqları hesabına isə "Böyük Ermənistan" yaradılması nəzərdə tutulurdu. Bu məqsədlə şəxsən Hitlerin təsdiqi ilə ermənilərdən ibarət "Azad Qafqaz" hərəkatı da yaradılmışdı. Bu hərəkat ermənilərin "Böyük Ermənistan" ideyasının reallaşdırılmasını məqsəd qoyurdu. Türkiyəni parçalamaq üçün şərqdən erməni, qərbdən bolqarlardan istifadə olunacaqdı.

"Azad Qafqaz" ilk əvvəl Qafqazda böyük erməni dövlətini təşkil etməli (biz daxil), sonra Türkiyəyə ərazi iddiası ilə çıxış edib müharibəyə başlamalı idi. Ardıyca onların müttəfiqi İtaliya və Almaniya da köməyə gələcəkdi. Amma SSRİ-nin Qafqazda alman ordularını dağıdıb əks hücuma keçməsi və qərb müttəfiqlərinin Siciliyaya çıxışı bu planın ləğv olunmasına gətirib çıxardı. (1)

Faşizmə qarşı mübarizədə həyatlarını itirən, döyüşən, qalib olan və bu mübarizəni dəstəkləyən bütün insanların xatirəsini hörmətlə anırıq.

P. S. Faşizm üçün yalnız təmiz ari xalqı vardı, qalan bütün millətlər onlara nökərlik etməyə məhkum idilər. Hətta ari sayılan iranlı və hindistanlılar da faşizm doktrinasına görə qarışıq idilər və ağalığa iddia edə bilməzdilər. Və əgər faşizm qalib gəlsəydi, çox güman bu nökərlikdən qaçıb sığınacaq istəyəcəyiniz ölkə də qalmayacaqdı.

P. P. S. Almaniya tərəfdə döyüşən Azərbaycan legionlarına da fikriniz getməsin. Bu legionlar yalnız döyüş üçün və ideoloji təbliğat üçün lazım idi. Yaxşı bir şey olsaydı nə Rəsulzadə ordan uzaqlaşar, nə Mehdi Hüseynzadə kimi yüzlərlə azərbaycanlı bu legiondan qaçıb partizanlara qoşulmazdı.

1-"The Rand McNally Encyclopedia of World War II"

Elçin Əsgərov, 

İƏT Gənclər Forumunun Avrasiya regional Mərkəzi İdarə Heyətinin sədri 

5

Please publish modules in offcanvas position.