Tayfabazlıq-yerlibazlıq azarımız, aşağılıq komplekslərimiz, din və mədəniyyət aşılanmalarımız haqda

/ Çərşənbə, 03 İyun 2020 13:58
Tayfabazlıq-yerlibazlıq azarımız, aşağılıq komplekslərimiz, din və mədəniyyət aşılanmalarımız haqda

“Azərbaycan xalqı”, “azərbaycanlı” anlayışının Rusiya imperiyası və stalinizmin təsiri ilə həmin dövrlərdə yarandığınl iddia edənlər, bizim əslində “türk” adlanmalı olduğumuzu deyənlər, qismən haqlıdırlar.

Haqlıdırlar ona görə ki, bizim “azərbaycanlı” kimi milli kimlik anlayışımız, həqiqətən, Rusiya tərkibində olduğumuz dövrdə fiormalaşmağa başlayıb. Həm də yanılırlar ona görə ki, bu proses yalnız bizdə həmin dövrə təsadüf etməyib.

Etnik köklər əsasında identifikasiya məsələsi, ümumiyyətlə bütün dünyada 19-cu əsrin məhsuludur. Yəni digər əksər millətlərdə, o cümlədən Avropada etnik milli kimlik ideyası, siyasi və mədəni amil olaraq məhz 19-cu əsrdə formalaşmağa başlayır, bu baxımdan biz Avropa ilə təxminən eyni sürətlə getmişik. Məsələn, şərq xalqları, o cümlədən ərəblər arasında, hətta Türkiyədə bu etnik milli identifikasiya məsələsi bizdən daha sonra başlayıb. Bu baxımdan qeyd etdiyim iddianı irəli sürənlər sadəcə dövrü əsas gətirərək, yanlış rəy irəli sürürlər, halbuki azərbaycanlı kimliyi axtarışı təbii proses idi.

19-cu əsrə qədər isə “milli kimlik” anlayışı əsasən dövlət, yəni vətəndaş kimliyini nəzərdə tuturdu. Hansı ki, bu gün də bu ideya aktuallığını itirməyib.

Məsələn, korsikalı Napoleon əslən fransız deyildi, amma əvvəl də, Fransa imperatoru olarkən də Fransa böyüklüyü və əzəməti uğrunda mübarizə aparırdı və bu zaman hansısa etnik korsikalı ideyası onu məşğul etmirdi. Çünki, o zaman Korsika Fransaya məxsus idi və korsikalı özünü Fransa kimliyi ilə tanıyırdı. Napoleona qarşı Rusiya ordusunda bacarıqla döyüşən qeneral Baqration “Rusiya dövləti” naminə döyüşərkən özünün gürcü olduğunu unutmurdu, sadəcə o özünü Rusiya təbəəsi, Rusiya vətəndaş kimliyinə məxsus hesab edirdi. Etnik kökənli milli kimlik daha sonra yaranmağa başlayır.

İranda soydaşlarımızın özlərini “türk” adlandırması da bizim əsil adımızın türk olması demək deyil. Çünki, İranda farslar da, soydaşlarımız da Azərbaycan türkünə də, qaşqay türkünə də, Xorasan türkünə də “türk“ deyirlər. Amma Türkiyəli türkü “türk” deyil, elə məhz “türkiyəli” adlandırırlar. Çünki, İranda uzun müddət “türk” anlayışı ayrıca kimlik deyil, “iranlı” milli kimliyi içində submədəniyyət kimi tanınıb. Yalnız 20-ci əsrdə bu kimlik etnik xarakter almağa başlayıb.

Azərbaycanda milli kimlik ideyası Türkiyədən qabaq ona görə formalaşmağa başlayıb ki, biz digər etnik bir dövlətin tərkibində idik və rus etnik milli kimliyinin 19-cu əsrdə formalaşmasına cavab olaraq bizdə də milli identifikasiya müzakirələri başlayıb. Türkiyədə isə bu problem yox idi, əksinə, türk etnik kimliyinin qabardılması Osmanlı tərkibindəki digər xalqları qıcıqlandıra bilərdi. Amma tarix göstərdi ki, etnik milli kimlik ideyasının siyasi və mədəni fenomen olaraq formalaşması trendindən demək olar ki, heç bir xalq kənarda qala bilmədi.

Bu gün Azərbaycan xalqının vacib məqsədlərindən biri də 19-cu əsrdə başlamış, lakin uzun müddət müstəqil olmadığımız üçün sona çatdırılmamış milli kimlik ideyamızın müzakirələrinin davam etdirilməsi və tam başa çatdırılması, xalq və millət olaraq hardan gəlib, hara getməyimizi, vətəndaş, yoxsa etnik milli kimlik yoluna üstünlük verməyimizi müəyyənləşdirməkdir. Təəssüf ki, müasir tarix elmimiz, dərsliklərimiz bu suala cavab vermirlər, bu sahədə ümumən heç konsepsiya belə yoxdur.

Bu konsepsiya və yanaşma olmadan isə biz hələ uzun müddət tayfabazlığa, yerlibazlığa məruz qalacağıq, millət kimi komplekslərlə yaşamaqda davam edəcəyik, mədəniyyətimiz, dinimiz, ənənələrimizi getdikcə itirəcəyik, başqa millətlərin “ağzına baxmaqda” davam edəcəyik. Halbuki, biz vaxtilə Pakistandan Türkiyəyə qədər xalq və millətlərin kimliyinin formalaşmasına bilavasitə təsir edən qüvvə olmuşuq, bu gün də bu regionda əməkdaşlıq üçün körpü olmaq potensialımız var. Azərbaycan və azərbaycanlı olaraq.

P.S. Qısa yazıda bütün məqamlara toxunmaq mümkün deyil. Ona görə də, aydın məsələdir ki, uzun müzakirə ediləsi və araşdırılası mövzudur.

Elçin Əsgərov, 

İƏT Gənclər Forumunun Avrasiya regional Mərkəzi İdarə Heyətinin sədri 

5

Please publish modules in offcanvas position.