Məbədə gedən yollarımız niyə bağlıdır?

/ Cümə axşamı, 18 İyun 2020 11:56
Məbədə gedən yollarımız niyə bağlıdır?

Ənənəni pozaq, keçək birbaşa mətləbə.

Artıq 3 aydır ki, Azərbaycandan müqəddəs ziyarətgahlara karvanlar üz tutmur. Bunun ölkə müsəlmanlarına nə boyda mənəvi zərbə olduğunu söz ilə ifadə etmək mümkünsüzdür, dil burda acizdir. Qəlblərin iztirabını ancaq hal əhli anlayar. 

Bəs, yaxşı, görəsən nə üçün bu baş verdi? Niyə o müqəddəs yerlərdən ayrı düşdük? Axı bu dünyada bir yarpaq belə budağından Tanrıdan xəbərsiz, mənasız ayrılmır. Deməli burda da bir hikmət, bəlkə də “n” qədər hikmətlər var. Hərə də özü üçün bir nəticə çıxara, nədənsə tövbə edə, nəyə görəsə Allahla əhd bağlaya bilər. Məsələn...

Adi gəlirdi də bizə, deyilmi? 150 manatı qoy cibinə, keç Astara gömrüyünü, ordan da üz tut Quma, Məşhədə. Get, imamım hüzurunda aç qəlbini Allaha, ruhunu yenilə, “zaryadka” yığ və 1 həftəyə dön evə. Növbəti səfərə, “zaryadkan” bitənə qədər. Necə də asanmış! Belə də olmalıydı, yox? 

Yaxud da ki, get “Beynul Hərəmeyn”ə, bir tərəfdə imam Hüseynin (ə) hərəmi, bir tərəfdə Həzrət Abbasın (ə)! Var-gəl elə bu məkanda, hələ sonra da çıx yaxınlıqdakı dükandan bir dondurma da al, sanki Bakı bulvarındakı kimi həzmi-rabedən keçir, deyə-gülə dön otelə. Bəh-bəh!

Ya da, məsələn, belə əhd bağlamaq olar Allahla: “Ya Rəbbim! Biz günahkarlara yenidən nəsib et o yerlərə dönməyi! Söz verirəm, daha avtobusda rahat oturacaq, oteldə iki nəfərlik otaq, sərhəddə gömrüyü birinci keçmək davası etməyəcəm! Vallah, billah etməyəcəm!”

Variantlar sonsuzdur, bir qədər kreativlik də qatmaq olar tövbələrə, vədlərə, əhdlərə. Hər kəsin öz variantı olacaq, sözsüz. Bəs, zamanımız nə qədərdir? Yəqin ki, bu da birbaşa elə variantlarımızdan və bu variantların səmimiliyindən asılı olacaq. Hələliksə, könlümüzü ancaq xatirələr və fotolarla ovundurmaq qalır. Vaxt isə heç də lehimizə işləmir...     

P.S. 20-ci əsrin görkəmli sovet və gürcü kinorejissoru Tengiz Abuladzenin filmlərindən biri belə dialoqla bitir:

- Bu yol məbədə aparır?

- Xeyr.

- O zaman o nəyə lazımdır? Məbədə aparmayan yol nəyə lazımdır?..

Artıq neçə vaxtdır məbədlərə aparan yollar bağlanıb. Dediyimiz kimi, bunun nə anlama gəldiyini o ləzzəti dadmayana izah etmək mümkünsüzdür. Taqətimiz tükənmək üzrədir artıq, həqiqətən. Amma bir əminlik də var: taqətimizin tükənməyinə bir zərrə qalmış Allah mütləq nicat verəcək. Yenə də o yerlərə gedəcəyik. Ümid edək ki, artıq başqa cür, başqa düşüncə ilə.

Please publish modules in offcanvas position.