Beynəlxalq İƏT Modelinin 3-cü Xüsusi Konfransı onlayn formatda işə başladı

/ Çərşənbə axşamı, 23 İyun 2020 17:11
Beynəlxalq İƏT Modelinin 3-cü Xüsusi Konfransı onlayn formatda işə başladı

Bu gün İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Beynəlxalq İƏT Modelinin 3-cü Xüsusi Konfransı onlayn formatda öz işinə başlayıb. İki ay müddətində onlayn şəkildə davam etmiş İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası 2020-nin iştirakçıları arasından seçilmiş 27 ölkədən 85 gənc İƏT Modelçi iki gün davam edəcək konfransda iştirak edirlər. Covid-19 pandemiyası ilə əlaqədar ilk dəfə onlayn formatda keçirilən konfransın rəsmi açılış mərasimində İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun adından Nazirliyin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Namiq Novruzov, Fələstinin Azərbaycandakı səfiri Nasser Əblülkərim Rahim,  Tatarıstan Respublikasının (RF) Gənclər Nazirinin müavini Timur Süleymanov və Pakistan Senatının İnformasiya və yayım üzrə daimi komitəsinin sədri Senator Cavid Faysal Xan açılış nitqləri ilə çıxış etdilər. 

İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev pandemiya dövründə Regional Mərkəzin onlayn formatda keçirdiyi çoxsaylı layihələrdən bəhs edərək, bu layihələrdən biri kimi Beynəlxalq İƏT Modelinin 3-cü Xüsusi Konfransının rəsmi tərəfdaşı kimi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə təşəkkür etdi. E. Mehdiyev çıxışında bildirdi ki, iki ay müddətində layihə çərçivəsində təşkil edilən onlayn mühazirələr beynəlxalq səviyyədə 200 mindən artıq insanı əhatə edib və 50 mindən artıq beynəlxalq gənc bu mühazirələri izləyiblər. Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun nazirliyin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Namiq Novruzov tərəfindən oxunan açılış müraciətində Azərbaycanın İƏT-ə verdiyi töhfələr, İƏT Gənclər Forumunun qurulmasına öncüllük etməsi və müxtəlif iri miqyaslı İƏT tədbirlərinə, o cümlədən 4-cü İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi qeyd edildi. Bu töhfələrdən biri kimi, İƏGF Avrasiya üzrə Regional Mərkəzinə Azərbaycan Hökumətinin ev sahibliyi etməsi və artıq 10 ildir ki, nazirliyin Regional Mərkəzlə müxtəlif yerli və beynəlxalq layihələrin, həmçinin İƏT Modeli layihəsinin təşkil olunmasında əməkdaşlıq etdiyi vurğulandı və coğrafiyadakı gənclərin inkişafı naminə bu əməkdaşlığın davam etdiriləcəyi bildirildi.   Fələstinin Azərbaycandakı səfiri Nasser Əblülkərim Rahim öz çıxışında pandemiya dövründə dövlətlərin üzləşəcəyi çağırışlara toxunaraq, gənclərin böhran dövründə yaranan problemlərə çevik reaksiya göstərməsinin vacibliyini bildirdi, bu baxımdan, İƏT Modelinin uyğun platforma olduğunu və Regional Mərkəzin fəaliyyətlərini xüsusi vurğuladı. Tatarıstanın Gənclər Nazirinin müavini Timur Süleymanov Rusiya və İƏT münasibətləri haqda danışaraq, təmsil etdiyi Tatarıstan hökumətinin bu istiqamətdə fəaliyyətlərindən bəhs edərək, İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi ilə birgə həyata keçirilən layihələr haqda məlumat verdi. Pakistan Senatının üzvü Cavid Faysal Xan pandemiya dövründə İƏT gənclərinin öz aralarında təcrübə mübadiləsi aparmalarının vacibliyini, xüsusilə, dünyada işğal və qətliamlara məruz qalmış müsəlmanların problemlərini unutmamağa çağırdı.

Daha sonra Beynəlxalq İƏT Modelinin 3-cü Xüsusi Konfransının iştirakçıları “Post-pandemiya dünyası: İƏT üzv ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar və çağırışlar” mövzusunda müzakirələr apararaq konfransın birinci gününün işini tamamladılar.

Qeyd etmək lazımdır ki, İƏGF-nin əsas layihələrindən olan “İƏT Modeli” layihəsi 2010-cu ildən keçirilməkdədir və İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin təşkilatçılığı ilə artıq 10 ildir ki, hər il milli və beynəlxalq səviyyədə uğurla təşkil olunur. Bu proqramın əsas məqsədi gənclərin diplomatik və kommunikasiya bacarıqlarını gücləndirmək, onların beynəlxalq arenada təmsilçilik səviyyələrini artırmaqdır.

2

3

4

Please publish modules in offcanvas position.