Quyunun dibindən zirvəyə çıxmaq arzusu: Aslan İsmayılova bir neçə söz...

/ Çərşənbə axşamı, 14 İyul 2020 13:25
Quyunun dibindən zirvəyə çıxmaq arzusu: Aslan İsmayılova bir neçə söz...

Rəhmətlik nənəmin bir söz var idi. Deyirdi ki, “a bala, kim hansı qapıda yallanırsa, elə həmin qapıda da sülənir.” O vaxt bəlkə də bu sözün mahiyyətini o qədər də dərk etmirdim. Amma günümüzdə baş verənləri görəndə “köhnə arvadların” sözlərinin hansı məntiqə dayandığını aşkar görmək olur. 

Artıq 3-cü gündür ki, cəbhə bölgəsində döyüşlər gedir. Şəhidlərimiz var. Təbii ki, buna müxtəlif reaksiyalar da mövcuddur. “Facebook” səhifəsində son 2 ayda izləmədiyim və sadəcə görüb könlümü bulandırmasın deyə “bloka atdığım” Aslan İsmayılov müəllimin bir statusunun şəklini paylaşmışdılar. Adam deyir ki, Qasım Süleymaniyə yas saxlayanlar şəhidlərimizin adını belə çəkmir. Aslan İsmayılovun gözündə dindarlar, xüsusilə də şiələrin hamısı “iranpərəstdir.” Əgər kimsə dindardırsa, deməli başqa ölkənin kəşfiyyatına “işləyir.” Hətta onun dinindən, millətindən asılı olmayaraq dünyanın əksəriyyətinin şəhid kimi qəbul etdiyi Qasim Süleymaninin adını çəkməsi belə “iranpərəstlikdir.” 

Hörmətli Aslan müəllim. Hərənin baxdığı bir pəncərə var. Qarşısındakını da öz görmək istədiyi kimi anlayır. İnsanın daxili təbiətidir bu. Ona görə sizi qınamıram. AMMA...

Şəhidlik, şəhid anlayışının mahiyyətinin hara dayandığını məndən də yaxşı bilirsiniz. Bu sözün mənbəyinin hardan gəldiyini də. Bunu Peyğəmbərə (s), ondan sonra da Əhli-Beyt məktəbinə söykəndiyini də gözəl anlayırsınız. İmam Hüseyn (ə) məktəbini də bilməmiş deyilsiniz. Kərbəlanı da yaxşı oxumusunuz. Buna da əminəm. ANCAQ...

Nənəmin dediyi bax, o kəlam, sizə imkan vermir ki, bildiyinizi dilinizə gətirəsiniz. Buna görə sizi bəlkə də qınayırlar. Amma mən qınamıram. Çünki, bunu görmək üçün gərək kor olasan ki, sizin də kor olduğunuzu düşünmürəm. Qarabağ müharibəsində Ağdama gətirilən 5000 şəhidin dəfninin kadrlarını yəqin ki, dəfələrlə izləmisiniz. Orda ağbirçək analarımızın sinələrinə vuraraq “Şah Hüseyn, vay Hüseyn” sözlərini də eşitmisiniz. Çox böyük ehtimal ki, Qarabağ müharibəsində “Allahu Əkbər, Ya Əli, Ya Hüseyn” deyərək döyüşlərə atılan və şəhidlik zirvəsinə yüksələn igidlərimizin kadrlarına da baxmısınız. Bütün bunları keçək. Şəhid Mübariz İbrahimovun məktubunu da “oxumamışam” desəniz, day sözüm yoxdur.

Şəhidlik məktəbinin hansı soydan gəldiyini açıq şəkildə yazıb Mübariz. Bu gün də qürur yerimizdir. O ki, qaldı Qasım Süleymaniyə. Bax burda artıq pəncərənin fokusu məsələsi ortaya gəlir. Şəhidlik anlayışını necə gördüyünüz ortaya çıxır. 

LAKİN...

Sizin üçün şəhidlik də, şəhidlər də, Qarabağ da, Mübariz də sadəcə bir vasitədir. Çünki düşdüyü quyunun dibindən çıxmaq üçün hər bir vasitəyə əl atan biri kimi bundan da öz məqsədiniz üçün istifadə etməyə çalışırsınız. Eybi yoxdur, edin. Yenə nənəmin sözü yadıma düşür və sizə “haqq verirəm.” 

Bircə şeyi unutmayın. Tarixdə necə qalacaqsınız. Dünən söydüyü adamın bu gün əlini öpənləri çox görmüşük. Çox sinəsinə döyən oğlanların şəxsiyyətini evə, maşına, pula satdığının şahidi olmuşuq. Bir zamanlar sizin də xalq arasında hörmətiniz var idi. Hətta 2-3 ay əvvələ kimi yazdığınız statusların altına “like” də qoyurdum. Doğum günlərimizdə bir-birimizi təbrik də edirdik. 

Hələ bir neçə ay öncə bütün ölkə dindarlarını içinizdə olan kinlə “qınaq” obyektinə çevirməyiniz bir vətəndaş olaraq məndə ikrah hissi yaratdı. Düşüncə sahibinin belə “düşünməsi” məni məyus etdi. Qəlbində vətən məhəbbətini sizdən fərqli olaraq həqiqətən yaşayan milyonlara insan atdığınız çamuru yenidən təkrarlayırsınız. Bu dəfə də alınmadı, Aslan İsmayılov...

P.S. Şəhidlik əbədiyyətdir. Şəhidlik zirvədir. Şəhidlik uca məqamdır. Müvəqqəti olana şəxsiyyətini satanlar və quyunun dibinə düşənlər bu məqamı anlaya bilməz. Anladığı da sizin kimi olar. Odur ki, sizi qınamıram! Sadəcə deyirəm ki, düşdüyünüz quyunun dibində qalsanız yaxşıdır.

Məhəmməd Əlizadə

 

Please publish modules in offcanvas position.