Avrasiya Regional Mərkəzindən Azərbaycana dəstək çağırışı

/ Bazar ertəsi, 20 İyul 2020 17:45
Avrasiya Regional Mərkəzindən Azərbaycana dəstək çağırışı

İyulun 18-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun (İƏT GF) Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin beynəlxalq idarə heyətinin onlayn qaydada iclası keçirilib. Azərbaycan, Pakistan, Rumıniya, Qazaxıstan və Tatarıstan Respublikasının (RF) təmsilçilərinin üzv olduğu Regional Mərkəzin İdarə heyəti Mərkəzin 2020-ci ildəki fəaliyyətlərini qiymətləndirib və planları ilə bağlı qərarlar qəbul edib. İclasda Regional Mərkəzin beynəlxalq İdarə heyətinin bütün üzvləri və İƏT GF-nin İstanbulda yerləşən qərargahının nümayəndəsi iştirak edib.

Mərkəzin verdiyi məlumata əsasən İdarə heyətinin iclasında Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları nəticəsində yaranmış vəziyyət də müzakirə edilib. Mərkəzin Baş direktoru Elməddin Mehdiyev bu mənfur hücumun siyasi səbəbləri, təxribat nəticəsində hərbçilərlə yanaşı mülki azərbaycanlı əhalinin də hədəf alındığını, lakin çoxsaylı itkilər verən düşmənin ordumuzun adekvat cavabı nəticəsində geri oturdulduğu haqqında iclas iştirakçılarına məlumat verib. Baş direktorun təqdimatında Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə və ümum-bəşəri dəyərlərə zidd olaraq həyata keçirdiyi bu hücumların onun 30 ildir Azərbaycanın ərazi bütövlüyünə qarşı aparadığı hərbi təcavüz və işğal siyasətinin davamı olduğu və bölgədə sabitlik, sülh və rifahın Ermənistan tərəfindən hədəf alınmasının əyani sübutu olduğu bildirilib.

Regional Mərkəzin İdarə heyəti 13 iyul tarixində Ermənistanı qınadığı bəyanatın davamı olaraq, iclasda məsələ ilə bağlı xüsusi qərar qəbul edib. Qərarda İdarə heyətinin beynəlxalq üzvlərinin təklifləri öz əksini tapıb. Yekdilliklə qəbul edilən sənəddə Azərbaycan xalqı və hökuməti ilə həmrəyliyin ifadəsi ilə yanaşı, Avrasiya coğrafiyasına daxil olan ölkələrdə, “Qarabağ – Azərbyacandır!“ şüarı ilə xüsusi məlumatlandırma kampaniyasının aparılması və bu kampaniya çərçivəsində beynəlxalq təşkilatlara Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son qoyulması ilə bağlı petisiyanın ünvanlanması haqqında qərar qəbul edilib. 

Qərarda İƏT Gənclər Forumunun üzv təşkilatları sosial media hesablarından bu kampaniyaya dəstək verməyə və Ermənistanın ölkələrindəki səfirlikləri qarşısında dinc etiraz aksiyaları keçirməyə dəvət olunub və İƏT Gənclər Forumununun beynəlxalq katibliyinə bu təşəbbüsə dəstək verilməsi haqqında müraciət ünvanlanıb. 

İşğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bir daha şiddətlə qınandığı sənəddə Avrasiya Regional Mərkəzi tərəfindən Azərbaycanın müvafiq qurumları ilə əlaqəli şəkildə Tovuz döyüşlərində şəhid olan hərbçilərin övladlarının şəxsi inkişaflarına mütəmadi dəstək və qayğının göstərilməsi haqqında qərar qəbul edilib. 

 

Please publish modules in offcanvas position.