21 avqust 2020: Dəyərimiz əldən getdi, Aşura məktəbi dəfn olundu... Eləmi?

/ Şənbə, 22 Avqust 2020 10:31
21 avqust 2020: Dəyərimiz əldən getdi, Aşura məktəbi dəfn olundu... Eləmi?

Artıq xeyli müddətdir ki, Məhərrəmlikdə Azərbaycanda məscidlərin bağlı olması, əvvəlki illərdən fərqli olaraq kütləvi əza məclislərinin təşkil olunmaması məsələsi dini cameədə ciddi müzakirələrə səbəb olub. Əsasən ölkə hüdudlarından kənarda lövbər salan bir dəstə bu hadisəni az qala bütöv bir xalqın, daha doğrusu isə bu xalqın inanclı kəsiminin zillətə boyun əyməsi, bu dini kəsimin öndə gedən simalarının satqınlığı kimi qələmə verir, böyük dindar kütləsi arasında nüfuz sahibi olan ilahiyyatçılara “saray mollası” damğası vurur. Onları dinləsək, bədbin proqnozlarını ciddiyə alsaq, o zaman Məhərrəm ayının 1-nin, yəni avqustun 21-nin Aşura məktəbinin süqutunun təməli qoyulduğu, şiə inancının aradan getdiyi ilk günü kimi dəyərləndirməliydik. Amma haqq hardadır, kiminlədir, emosiyadan uzaq olan faktlar nə deyir və əslində nə baş verdi? Bəlkə elə onlar düz danışır?

Əvvəla qeyd etmək istərdim ki, 14 əsirlik İslam tarixində Aşura məktəbini boğmağa, imam Hüseyn (ə) məhəbbətini insanların qəlbindən silməyə olmazın cəhdləri göstərilib. Bəzən bu cəhdlər vəhşilik həddinə çatıb: adamları diri-diri divarlara hörüblər, kəsilən başların çəkisi müqabilində qızıl-gümüş veriblər, imamın türbəsinin hər ziyarətinə görə əzalarını kəsiblər və s. Nəticəsi? Bu günün reallığı nəticə haqqında birmənalı fikir söyləməyə imkan verir. Hər şey əbəs və faydasız oldu. Bu məktəb nəinki zəifləmədi, qeybə çəkilmədi, əksinə, möhkəmləndi, daha geniş coğrafiyada yayıldı. 

Sonra. Məhərrəm ayının ilk günü bir çox ilahiyyatçılar FB, “Instagram” və “Youtube” kanalları vasitəsi ilə canlı yayımlar həyata keçirdilər. Mən hamısını təhlil etmək və yekun nəticə söyləmək istəmirəm. Sadəcə Hacı Şahin Həsənli ilə Hacı Ramil Bədəlovun rəsmi kanalları vasitəsi ilə canlı yayımı izləyənlərin sayını qeyd edəcəm. Ümumilikdə bu rəqəm 100 mindən (!!!) artıqdır. 100 000! Nəzərə alsaq ki, hər evdə bu yayımları bir ailə izləyib (məsələn, bizdə Hacı Şahinin rəsmi FB kanalındakı translyasiyanı 5 nəfər izləyib), yuxarıda qeyd olan göstərici təqribən 400-500 min nəfər təşkil edəcək. Diqqət edin. Bir daha – 500 min nəfər! Yarım milyona yaxın azərbaycanlı. Həmin o azərbaycanlılar ki, yuxarıda qeyd etdiyim bir qrup həmyerlimiz onları qorxaq, Aşura məktəbinə biganə adlandırır, ətrafına toplaşdıqları ruhaniləri isə “saray mollaları” kimi qələmə verir. Yeri gəlmişkən, məscidlərin bu il kütləvi mərasimlər üçün qapalı olduqlarını faciə kimi dəyərləndirən qardaşlarımızı bir məsələ ətrafında da düşünməyə dəvət edirəm. Ötən illərdə cəmi 2 məsciddə təşkil olunan əza məclislərində 500 min nəfərin iştirak etməsini iddia edə bilərikmi? Özü də nəzərə alın ki, bu rəqəm reallıqdan xeyli azdır. Çünki yuxarıda qeyd etdiyim kimi, canlı yayımlar bir çox din xadimi tərəfindən və müxtəlif resurslar vasitəsi ilə təşkil olunmuşdur. İndi tam səmimi, özünüz iddia etdiyiniz imam Hüseyn (ə) ardıcılı kimi deyin: məscidlərin bu il Məhərrəmlik mövsümündə qapalı olması Aşura məktəbinin aradan getməsinə, azərbaycanlıların qəlbində imam Hüseyn (ə) məhəbbətinin zərrə qədər sönməsinə təsir etdimi? Əsla! Reallıq belədir: bir bağlı məscid əvəzinə ölkədə minlərlə xırda məscidlər əmələ gəldi, ötən illərdə, ötən əsirlərdə əcdadlarımız tərəfindən yandırılan Aşura məşəlləri evlərə daşındı. 500 min! Və nəzərə alaq ki, bu hələ Aşura günü deyil, bu hələ Məhərrəmin ilk günüdür.

Hələlik bu qədər. 21 avqust 2020 sübut etdi ki, heç bir maneə Azərbaycan xalqını imam Hüseyndən (ə) ayıra bilməz. Şüarımız elə əvvəlkidir, heç bir dəyişiklik baş verməyib: Hər yer Kərbəla, hər gün Aşura!

P.S. Gələn Məhərrəmlik mövsümündə məscidlərdə görüşmək ümidi ilə.

 

Please publish modules in offcanvas position.