Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin onlayn dəyirmi masası keçirilib

/ Cümə axşamı, 27 Avqust 2020 11:04
Dini Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin onlayn dəyirmi masası keçirilib

Azərbaycan Respublikası Dini Araşdırmalar Mərkəzinin (DAM) təşəbbüsü ilə ilahiyyatçı və dinşünas ekspertlərin onlayn dəyirmi masa tədbiri keçirilib. Dəyirmi masa ölkədəki dini durum, pandemiya dövrü dini maarifləndirmə problemləri, məhərrəmlik tədbirləri və s. mövzulara həsr olunub. Ekspertlərin onlayn dəyirmi masa tədbirində DAM icraçı direktoru Natiq Rəhimov, Qasımbəy məscidinin imam-camaatı Samir Ağayev, ilahiyyatçı yazar, Azərbaycan televiziyasında proqram müəllifi Mail Yaqub, “Birlik” İB sədri və birlik.az saytının baş redaktoru Vüsal Hətəmov, islam.az saytının redaktoru Vüsal Əliyev, ilahiyyatçı-müəllim Aslan Həbibov,  digər dini icmaların rəhbər nümayəndələri Samir Pənahov, Ramiz Tahirov, Cəlal Əhədov və b. iştirak etmişlər.

Tədbirdə Azərbaycandakı mövcud dini vəziyyət təhlil edilmiş, pandemiya şəraitində aparılan dini maarifləndirmə işlərinə qiymət verilmiş, dini maarifləndirmənin yeni istiqamət və metodları barədə fikir mübadiləsi aparılmışdır. Müzakirələr gedişində ekspertlər bu qənaətə gəlmişlər ki, ruhanilər və xətiblər ümumdünya pandemiyasının diktə etdiyi şərtlər daxilində dini maarifləndirmənin təşkili istiqamətində yeni texnoloji metodlar əldə etmiş və təcrübə toplamışlar ki, gələcəkdə, pandemiya bitəndən sonra da bu təcrübədən istifadənin davam etdirilməsi məqsəduyğundur.

Müzakirələr gedişində builki məhərrəmlik mövsümünün özəl cəhətləri araşdırılmışdır. Qeyd edilmişdir ki, vətənpərvərlik və şəhidlik mövzuları daha çox qabardılmalı, çıxışlarda və yazılarda Qarabağdakı hərbi əməliyyatlara və şəhid olmuş döyüşçülərimizə xüsusi yer ayrılmalıdır.

Dəyirmi masa tədbirində məscidlərin və ibadət ocaqlarının bağlı olması probleminə də münasibət bildirilmişdir. Tədbir iştirakçıları dini həyatda məscidlərin böyük rola malik olduğunu bildirmiş, bununla yanaşı, kütləvi əza məclislərinin məscidlərdə keçirilməsinin yeni yoluxma təhlükəsi yarada biləcəyindən də narahatlıqlarını ifadə etmişlər. Onlayn toplantıda bu fikir də səsləndirilmişdir ki, dindarlar tərəfindən məscidlərin açılması istəyinin sivil qaydada ifadə edilməsi tamamilə təbiidir. Eyni zamanda, sosial şəbəkələrdə bəzi qüvvələr tərəfindən bu istəyin mövcud vəziyyəti daha da gərginləşdirməyə və dövlət-din qarşıdurması şəklində təqdim etməyə çalışması da yolverilməzdir. Dindarlar bu provakasiyalara getməməli, qanunlara riayət etməlidirlər. Tədbirdə bu da qeyd edilmişdir ki, dünya səviyyəsində böyük din xadimləri evdə, ailə üzvləri çərçivəsində əzadarlıq saxlamağı və imkan daxilində kütləvi mərasimlərdən çəkinməyi tövsiyə etmişlər. Tədbir iştirakçıları həmçinin qərara gəlmişlər ki, pandemiya təhlükəsi azalan kimi məscidlərin açılması məsələsinə baxılması barədə müvafiq qurumlara müraciət edilməsi ayrıca müzakirə olunsun.

Sonda bu silsilədən olan tədbirlərin gələcəkdə də mütəmadi olaraq, daha geniş tərkibdə keçirilməsi qərara alınmışdır.

Qeyd edək ki, DAM tərəfindən belə dəyirmi masalar əvvəlki illərdə mütəmadi keçirilib.

 

Please publish modules in offcanvas position.