Duamıza daha çox kim ehtiyaclıdır: biz, ya onlar?

/ Çərşənbə, 16 Sentyabr 2020 16:35
Duamıza daha çox kim ehtiyaclıdır: biz, ya onlar?

Aşağı siniflərdə oxuduğum zamanlar idi. Ev tapşırığını hazırlayanda bəzən rəhmətlik nənəm astaca yaxınlaşıb çox ehtiyatla masanın kənarına səliqə ilə yonulmuş qələm qoyub deyərdi: “A bala, sənə qələm “ujdamışam”, işlədərsən”. Sonra başıma bir sığal da çəkib dönüb gedərdi mətbəxə. Bu qələm hadisələri tez-tez təkrarlanırdı. Hardasa evdə bir nimdaş qələm tapanda mütləq “döyüşə hazır vəziyyətə” gətirib saxlayardı ki, sonradan ya mənə, ya da kiçik qardaşıma versin. Yadıma gələni bu zaman ən yaxşı halda “sağ ol” deməklə kifayətlənirdim. Çünki o qələmə heç ehtiyacım yox idi: penalda da, çantada da kifayət qədər məktəb ləvazimatımız olurdu...

Zaman çarxını geri fırlatmaq mümkün olaydı kaş! Hər dəfə qələm gətirəndə nənəmi qucaqlayıb bağrıma basaydım, üzündən öpəydim, ağ tellərinə sığal çəkəydim, “nə yaxşı gətirdin bu qələmi, yoxsa yaman əziyyətdəydim” deyəydim. İndi, illəri geridə buraxdıqdan sonra anlayıram ki, nəvələrinə sonsuz məhəbbəti olan nənəm bizə heç olmasa nə iləsə yardım etməyə, bizim həyatımızda daha əhəmiyyətli olmağa çalışırmış. Biz isə o zaman bunu anlamamışıq, dəyərini verməmişik...

Zaman ötür, tarix təkrarlanır. Dünənki uşaq artıq bu gün kiməsə qələm “ujdamağ” üçün səy göstərir. Bəzilərinə bu lazım deyil, bəzilərinə əl çatmır. Onda da onlara dua etməklə kifayətlənirsən. Heç bilmək də olmur bu duaya kimin daha çox ehtiyacı var: sənin, ya onların?

Normal insanın fitrəti belədir, yəqin ki: kiməsə faydası dəyirsə, dünyalar qədər məmnun olur. Bu məmnunluğu bir dəfə duyandan sonra da artıq o ləzzətin axtarışında olur daim. Allah əbəs yerə bəşər övladına buyurmayıb axı bu ayəni: “Yaxşı işlər görməkdə bir-birinizlə yarışın.” (Bəqərə, 148). Bəndə bunu zamanında anlaya biləydi kaş!   

P.S. Allah hər kəsə yaxşı işlər görməyi və ona yaxşılıq edənlərin yaxşılığını anlayaraq onlara təşəkkür etmək nemətini nəsib eləsin.

Vüsal Əliyev

Please publish modules in offcanvas position.