Oktyabrın 16-na keçən gecə Peyğəmbərin (s) vəfat, imam Həsənin (ə) şəhadət günüdür

/ Cümə axşamı, 15 Oktyabr 2020 14:25
Oktyabrın 16-na keçən gecə Peyğəmbərin (s) vəfat, imam Həsənin (ə) şəhadət günüdür

Bu gecə, hicri təqvimi ilə səfər ayının 28-də (bu il oktyabrın 15-dən 16-na keçən gecə), İslam Peyğəmbərinin (s) vəfat, imam Həsənin (ə) şəhadət günüdür.

Məhəmməd peyğəmbər (s) ömrünün başa çatmaq üzrə olduğunu bilir və bu barədə müsəlmanları dönə-dönə xəbərdar edirdi. Peyğəmbərin məqsədi bu idi ki, onun ölümü ümməti qəfil haqlamasın. Vida həcci zamanı nazil olmuş "Maidə" surəsinin 67-ci ayəsi ("Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!") artıq o həzrətin peyğəmbərlik missiyasının başa çatmaq üzrə olduğunu xəbər verirdi. Vəfatından təqribən 80 gün əvvəl, vida həcci zamanı, Qədir-Xum vadisində 100 min müsəlmanın qarşısında Peyğəmbər (s) tezliklə vəfat edəcəyini söylədi və ən mühüm vəsiyyətini xatırlatdı: "Sizə iki ağır əmanəti miras qoyuram: Quran və Əhli-beyt". Məhəmməd Peyğəmbər (s) hicrətin 11-ci ili səfər ayının 28-də, bazar ertəsi günorta vaxtı dünyasını dəyişib.

Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Peyğəmbərin qızı Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsən (ə) hicri 50-ci ildə, Müaviyənin təhriki ilə həyat yoldaşı Cüdə tərəfindən zəhərlənərək şəhadətə yetişib.

Bu hüznlü gündə bütün dünya müsəlmanlarına başsağlığı veririk.

Please publish modules in offcanvas position.