Qan yaddaşını silmək olmaz!

/ Cümə axşamı, 15 Oktyabr 2020 17:30
Qan yaddaşını silmək olmaz!

Əvvəlcədən deyim ki, indi qeyd edəcəyim fikrimlə razılaşmamaq olar. Onu isbat etmək üçün, etiraf edirəm, tutarlı dəlilim yoxdur. Amma hər halda mənə elə gəlir ki, vəziyyət məhz deyəcəyim kimidir...

Dünyada Allahı inkar edənlər məhz Allahın müəyyən etdiyi qanunlarla yaşayırlar. Allahı inkar etmələri onlara nəfəs almağa, qida qəbul etməyə, yatıb-oyanmağa heç bir problem yaratmır. Onlar Allahın nemətlərindən istifadə edirlər, ancaq bunun heç fərqinə də varmırlar. İnanclı ilə inancsızın bioloji cəhətdən və zahirən heç bir fərqi yoxdur. Paralel apararaq: imam Hüseyni (ə), Kərbəla məktəbini dəyər kimi qəbul etməyən, buna sadəcə bir tarixi hadisə kimi yanaşan müəyyən sayda həmvətənimiz var. Amma sentyabrın 27-dən etibarən cərəyan edən hadisələr, xalqın möcüzəli (əslində isə heç bir möcüzə yoxdur) şəkildə vahid orqanizm kimi düşmənlə mübarizəyə köklənməsi bu millətin DNT səviyyəsində məhz Kərbəla məktəbinə, Əhli-beytə (ə) bağlılığını nümayiş etdirir. Özü də bu bağlılıq artıq milli, din və məzhəb mənsubluğu sərhədlərini aşıb. Bu torpaqda böyüyübsə, bu torpağın çörəyini yeyib, suyunu içibsə, deməli artıq məsələ bitib. Qan yaddaşı ayrı şeydir. 

Bəli, insan yuxarıda qeyd etdiklərimi ciddiyə almaya, hətta inkar edə bilər. Amma milli köklərdən, damarlarında axan qanın ilk mənbəyindən heç vəchlə qurtula bilməz. Özü də, valideynləri də xatırlamaya bilər. Amma bəlkə də babasının babasının babası Məhərrəmlik məclislərinin daimi iştirakçısı olub, ya nənəsinin ulu nənəsi Aşura günü ətrafdakıların səsini eşitməsindən həya edərək “Ya Hüseyn, can Hüseyn!” pıçıldayaraq için-için ağlayıb. O dövrandan çox illər ötüb, nəsillər artıb, haçalanıb. Əcdadlar da çoxdan haqqın dərgahındadır. Amma onların damarlarımızda buraxdıqları miras axı heç yerə qeyb olmayıb! Sən bunun əsl səbəbini bilməyə bilərsən, amma bu səbəbin mahiyyətini əsla azaltmaz. Bəlkə özün də hərdən məəttəl qalırsan: nə oldu belə mənə? Nədən damarlarımda qan belə oynadı, cuşa gəldi? Nədən yumruqlarım düyünləndi? Niyə nəyin bahasına olursa olsun ön cəbhəyə can atıram? Niyə hər imkandan istifadə edib haqqın müdafiəsinə qalxıram? Sən, mən, biz bilməyə, xatırlamaya bilərik. Amma mahiyyət dəyişmir. Xəmirimiz belə yoğurulub. Bizi millət, xalq olaraq da dəyərli edən xüsusiyyətlərdən biri məhz budur. Və məhz bu kökümüz, mayamız hazırda davam edən haqq savaşından qalib ayrılacağımıza çox ciddi zəmanətdir. İmam Hüseyn (ə) və Kərbəla məktəbinin məzunları əsla geri çəkilməzlər. Başdan, iki qoldan, gözdən keçərlər, amma haqqı deməkdən dönməzlər, haqdan əl çəkməzlər. 14 əsr bundan öncə də belə olub, dünən də belə idi, bu gün də belədir, sabah da eynisi olacaq. Odur ki, bu davada qalib olmağa məhkumuq! Düşmənin başı əziləcək! Allah xalqımızı, Ordumuzu müzəffər eləsin!

Vüsal Əliyev

Please publish modules in offcanvas position.