Noyabrın 3-nə keçən gecə Hz. Məhəmməd (s) peyğəmbərin və imam Sadiqin (ə) mövludlarının ildönümüdür

/ Bazar ertəsi, 02 Noyabr 2020 10:53
Noyabrın 3-nə keçən gecə Hz. Məhəmməd (s) peyğəmbərin və imam Sadiqin (ə) mövludlarının ildönümüdür

Hicri təqvimlə rəbiül-əvvəl ayının 17-si (miladi təqvimlə noyabrın 3-ü) İslam Peyğəmbəri Həzrət Mühəmməd Mustafanın (s) və altıncı imam Həzrət Cəfər Sadiqin (ə) mövlid günüdür.

Bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir.

Məhəmməd peyğəmbər (s) "fil ili"ndə, Miladi tarixi ilə 570-ci il Rəbiül-əvvəl ayının 17-də dünyaya göz açıb.

Mərhəmətli Allah peyğəmbərimizi insanlar arasında seçərək, özünə Rəsul etmişdi, onu aləmlərə rəhmət olaraq peyğəmbər göndərmişdir. Quranda buyurulur: "Səni də (Ya Rəsulum!) aləmlərə (bütün insanlara və cinlərə) ancaq bir rəhmət olaraq göndərdik." ("Ənbiya", 107). Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir: "Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir" ("Əhzab", 21).

Məhəmməd (s) 40 yaşında olarkən peyğəmbərliyə yüksəlmişdi. Hira mağarasında olarkən, ona Müqəddəs Quranın ilk ayəsi nazil olmuşdu: "Yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!" ("Ələq", 1).

Bəşər tarixi boyu, sonuncu peyğəmbərin dünyaya gəlməsindən öncə və sonra, milyardlarla insan anadan olub və vəfat edib. Amma nəzər saldığımız doğum tam fərqli bir hadisə idi. Allah-Taala yaradılışın zirvəsi saydığı insanlara nemət olaraq son elçisini dünyaya gətirirdi. Artıq bəşərin ən yeni tarixi yazılmağa başladı. Bəşəriyyət əsrlərlə formalaşan dəyərlərə yeni rakursdan nəzər salmalı oldu. Dayaqları sarsılmaz görünən ehkamlar yerlə-yeksan oldu. Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın misilsiz zəhmətləri və səyləri ilə yetişən Allahın dini, Məhəmməd (s) tərəfindən cilalanmış şəkildə Adəm övladlarına təqdim edildi. Bütün suallar cavablandırıldı. Bütün intizarlara son qoyuldu. Artıq heç kim "bundan daha kamili ola bilər" söyləməyə cürət tapmadı. Söyləyənlər oldusa da, suallarına cavab tapmayanlar qaldısa da – zatən, onlar özləri özlərini aldatdılar. Aşkara göz yumdular. Gözlərini yumdular və "Günəş yoxdur ki! Hər yan zülmətdir ki!" söylədilər. O isə artıq var idi. Allah insanlara göstərdiyi bütün lütflərin ən üstününü bəşəriyyətə bəxş etdi. O, dünyaya gəldi. Xatəmun-ənbiyya dünyaya göz açdı.

İmam Cəfər Sadiq (ə) 83-cü hicri ildə Mədinə şəhərində dünyaya gəlib, hicri 148-ci il Şəvval ayının 25-də isə Abbasi xəlifəsi Mənsurun əmri ilə zəhərlənərək şəhid edilib.

Atası İmam Baqir (ə) şəhadətə yetişdikdə onun 34 yaşı olub və o zamandan 31 il ərzində müsəlmanlara imamlıq edib, Allahın nazil etdiyi Quranın buyuruqlarını bəşəriyyətə təbliğ etməyə çalışıb. Böyük fədakarlıq nəticəsində, imam Mədinədə o zamanlar üçün nəhəng tədris mərkəzi qurmağa nail olub. İmam Cəfər Sadiqin (ə) elmindən yararlanmaq üçün dünyanın müxtəlif guşələrindən insanlar Mədinəyə axışır, həqiqi İslam haqda, eləcə də digər dünyəvi fənlər üzrə bilgi alırdılar. Müxtəlif zamanlarda imamın 4 min tələbəsi olub, o, elmin müxtəlif sahələrində bir çox görkəmli alim yetişdirib. İmam Sadiqin (ə) həyatı "İslam elmə qarşıdır" kimi sərsəm ideyaları irəli sürənlərə ən tutarlı cavablardan biridir.

İmam Cəfər Sadiq (ə) həqiqi İslamın tezislərini, Peyğəmbərin vəsiyyətlərini həyata keçirmək üçün böyük işlər görüb. Təsadüfi deyil ki, şiə məzhəbi həmçinin Cəfəri məzhəbi adlanır, bu yolun davamçılarına isə həm də "cəfərilər" deyilir.

Bu əziz bayram münasibəti ilə bütün dünya müsəlmanlarını təbrik edirik!

Please publish modules in offcanvas position.