Peyğəmbərin (s) mövlud günündə hansı əməlləri etmək müstəhəbdir?

/ Bazar ertəsi, 02 Noyabr 2020 11:04
Peyğəmbərin (s) mövlud günündə hansı əməlləri etmək müstəhəbdir?

Hicri təqvimlə rəbiül-əvvəl ayının 17-si (miladi təqvimlə noyabrın 3-ü) İslam Peyğəmbəri Həzrət Mühəmməd Mustafanın (s) və altıncı imam Həzrət Cəfər Sadiqin (ə) mövlid günüdür.

Bu gün İslam ənənəsinə görə ən böyük bayramlardan sayılır. Həmin günü şadlıq və təntənə ilə qeyd etmək, mövlid mərasimləri keçirmək, sevinmək və başqalarını da sevindirmək savabdır. Mövlid günündə öz müsəlman qardaşlarına, xüsusilə, qohumlara baş çəkmək, ehtiyacı olanları xatırlamaq, ehsanat etmək, sədəqə vermək, müqəddəs məkanların ziyarətinə getmək müstəhəb sayılır.

Mövlid günündə qüsl almaq müstəhəbdir. Həmin gün oruc tutmaq dini mənbələrdə hədsiz böyük savaba səbəb olan əməl kimi xatırlanır. Mövlid günündə oruc tutan adama Allah bir illik müstəhəb orucun savabını yazar.

Mövlid günündə qılınması müstəhəb olan namaz barədə də mənbələrdə məlumat verilib. Bu namaz səhər Günəş çıxarkən qılınır, iki rükətdən ibarətdir. Hər rükətində Fatihədən sonra 10 dəfə Qədr və 10 dəfə İxlas (Qül hüvəllah) surələri oxunur. Namazdan sonra oxunması müstəhəb bilinən, “Allahümmə əntə həyyün la təmut” (İlahi, Sən ölümün yol tapmadığı dirisən) ifadələri ilə başlayan uzun bir dua da var ki, onu Əllamə Məclisi “Zadül-məad” kitabında qeyd edib.

Mövlid günü Həzrət Mühəmməd Peyğəmbəri (s) ziyarət etmək də müstəhəbdir. Həmin gün Mədinədə olanlar o həzrətin məzarını ziyarət edirlər. Buna imkanı olmayanlar isə evdə ziyarətnaməni oxuya bilərlər. Həmçinin, həmin gün Imam Əli ibn Əbu Talibin (ə) xüsusi ziyarətnamələrindən birini də oxumaq savab bilinib. Bu ziyarətnaməni İmam Cəfər Sadiq (ə) öz səhabəsi Mühəmməd ibn Müslimə öyrətmişdi; onun mətni “Məfatihül-cinan” kitabında verilib.

Please publish modules in offcanvas position.